AZ

Kollagen nədir, kollagen əlavələri həqiqətən işə yarayırmı?

Kollagen günümüzün ən böyük sağlamlıq məsələlərindən biridir. Müxtəlif formalarda faydası görülə bilən kollageni necə istifadə edirsiniz?

Artıq yaşlanma əleyhinə əlavələrin "şot" (kiçik içki dozası) kimi içildiyi şənliklər də keçirilir. Ardınca sərt bir tekila içilsə də, dərinin gəncləşməsi üçün kollagenin kifayət edəcəyi düşünülür.

Halbuki kollagenin əslində nə olduğu, necə qəbul edilməli olduğu və əlavələrin həqiqətən fayda verib-vermədiyi, hələ də tibbi dairələrdə müzakirə olunan mövzulardandır.

Kollagen əslində bədəndə ən çox rast gəlinən zülallardan biridir. Dərimizin və əzələ-skelet sistemimizin struktur bütövlüyünü qorumağa kömək edən quruluşu təşkil edir.

Qısaca desək, kollagen dərimizin dolğun, oynaqlarımızın və sümüklərimizin möhkəm, saçlarımızın və dırnaqlarımızın sağlam qalmasına kömək edir

Elə dəyərli hala gəlib ki, bəzi dermatoloqlar artıq bu mövzunu "investisiya" anlayışları ilə izah edirlər: Kollagen ehtiyatımıza erkən yaşda yatırım etmək və beləliklə qaçınılmaz olan baş verdikdə artıqdan bəhrələnmək...

Bəli. Qaçınılmaz olan isə yaşlanmadır.

Kollagen miqdarı, 20-li yaşlarımızın ortalarından sonlarına doğru ildə orta hesabla 1% nisbətində təbii olaraq azalmağa başlayır.

Azalma sürəti günəşə məruz qalma, qidalanma və stres səviyyəsi kimi amillərdən asılıdır.

Amma azalan kollageni əlavələrlə bərpa edə biləcəyimizə dair etibarlı elmi izah varmı? Əgər varsa, bunu bədənimizə qəbul etməyin ən yaxşı yolu hansıdır?

Təxminən altı ay əvvəl Kimberlie Smith kollagen qəbul etməyə başlayıb. 33 yaşlı qadın, 2024-cü ildə yaşadığı "travmatik bir ildən" sonra kollagen istifadəsinə yönəlib. Onun oğlu vaxtından əvvəl doğulub və üç uşaq anası olan Kimberlie, stresin nəticəsi olaraq dərisinin "böyük bir zərbə aldığını" deyir.

O, hər gün içdiyi tropik dadlı jeldə balıqlardan əldə olunan dəniz kollagenindən istifadə edir.

Kimberlie deyir: "Dərim həqiqətən daha parlaq və aydın görünür, həm də istifadə etməyə başladığımdan bəri saçlarım heç vaxt bu qədər yaxşı görünməmişdi. Yuxusuz bir ana olaraq, bu mütləq bir fərq yaratdı."

Londonda Harley Street-də konsultant dermatoloq olan Emma Wedgeworth bildirir ki, ağızdan kollagen qəbulunun təsirli olduğunu göstərən bəzi araşdırmalar olsa da, o, bu məsələyə şübhə ilə yanaşır.

Onun sözlərinə görə, kollagenin bədənimizdəki "səyahəti" heç də asan yol deyil və lazım olan yerə tam olaraq çatması anlayışı tam bir müəmmadır.

İlk olaraq, tam parçalanmadan bağırsaqdan keçməlidir. Kollagen böyük bir molekuldur, buna görə də dərman şirkətləri indi onu daha kiçik hissələrə ayırmağa başlayıblar (kollagen peptidləri). Bunlar həm də hidrolizə olunmuş kollagen adı ilə tanınır.

Artıq daha kiçik formada olan bu kollagenin bağırsaq divarından keçərək qan dövranına qarışma şansı daha yüksək olsa da, iş hələ də burada bitmir.

Effektiv olması üçün o, dəriyə çatmalıdır, amma bədəndəki digər orqanları dəstəkləmək üçün də asanlıqla yönləndirilə bilər. Bu isə qiymətli bir resursdur.

"Bu mövzuda çox az etibarlı dəlil var, amma dərimizin "ən sürətli hüceyrə yenilənməsinə" sahib orqan olması səbəbilə, bu kollagen peptidlərinin digər orqanlara nisbətən dəri tərəfindən daha çox istifadə edilə biləcəyinə dair bir nəzəriyyə mövcuddur."

Belə olduğu halda, dəri hüceyrələrində kollagen artışı müşahidə oluna bilər.

Hansı kollageni seçmək?

Bütün bunlar çox mürəkkəb və qeyri-müəyyən görünür. Belə olduqda ağlınıza bu sual gələ bilər: Kollagen kremlərinin istifadəsi işə yarayarmı? Birbaşa dəriyə tətbiq olunduqları üçün, lazım olan yerə çatma ehtimalları daha yüksək olmazmı?

Xanım Wedgworth-un sadə cavabı: "Xeyr."

"Kollagen yalnız dərinizin xarici qatında qalacaq, orta qat olan dermisə çatmayacaq."

Üç müxtəlif kollagen əlavəsi növü var: dəniz (balıqdan), mal-qara (inəkdən) və vegan. Dermatoloq deyir ki, bu üçündən ağızdan qəbul ediləcəksə, ən yaxşısı dəniz kollagenidir.

Bunun səbəbi daha çox tip 1 kollagen ehtiva etməsidir. Bu isə beş tip arasında ən geniş yayılmış olanıdır və dəri hüceyrələrimizə struktur qazandırmaqla yanaşı, sümüklərimizin, vətərlərimizin və birləşdirici toxumalarımızın sağlamlığında çox mühüm rol oynayır.

Xanım Wedgworth-un sözlərinə görə, ən az təsirli olan vegan kollagenidir. Çünki kollagen heyvani mənşəli bir zülaldır, vegan məhsullar isə əslində kollagendən hazırlanmır, onların tərkibində yalnız bir sıra amin turşuları və vitaminlər olur.

Başlayanda dayandırmaq mümkündürmü?

"Qapana düşmüşəm," – Ali Watson mətbəxindəki mal-qara kollageni tozu paketlərini göstərərək deyir. "Bəli, bu mənim üçündür, bu da Tommy üçün" – deyir və itini göstərir.

Yanımdakı incə qəhvəyi tazıya baxıram, burnunun ətrafından boz bığları çıxır. Sanki təsdiqləyirmiş kimi qaşını qaldırır.

Öz sözləri ilə desək, "dozalar haqqında çox şey bilən" neyroanestezioloq olan Ali, kollagen qəbul etməyə başladıqdan sonra dayandıra bilməyəcəyini və itinə də verməyi dayandıra bilməyəcəyini düşünür.

"Bundan bir neçə il əvvəl toz halında qəbul etməyə başladım. Əvvəldə görünüşlə bağlı deyildi, oynaqlarımla bağlı idi. Onları qorumaq istədim, çünki çox ağır çəki qaldırıram."

Ali oynaqlarında dəyişiklik hiss edib-etmədiyindən əmin deyil, amma başqa dəyişikliklər müşahidə edib:

"Dərim daha parlaq görünür, saçlarım qalınlaşıb və dırnaqlarım sanki daha möhkəmdir."

Toz əlavələrdən daha çox yemək qabı ilə maraqlanan Tommy-yə baxıram.

"Bilirəm, dəlicəsinə səslənir," – deyir Ali, – "amma Tommy yaydan az əvvəl bir az daha ləng, bir az daha az həvəsli görünürdü, mən də düşündüm ki, ona it kollageni verib sınaya bilərəm.

"İstədim görüm oynaqlarına yaxşı təsir edəcəkmi – axı artıq yaşlanır. Bir az daha canlıdır, amma bunun səbəbi havaların yenidən soyuması, daha o qədər isti və halsız olmaması da ola bilər."

Ali, əlavənin həqiqətən fərq yaratdığına tam əmin deyil və Tommy ilə birlikdə gündəlik dozanı qəbul etməsi ona ayda 60 funt sterlinqə (təxminən 136 manat) başa gəlir.

Amma artıq dayana bilmədiyini deyir. "Bu əlavələrin məsələsi də budur," – deyir 46 yaşlı qadın, – "həyatın enişləri və yoxuşları var. Enişdə olduğunuzda bu əlavələri qəbul edə bilərsiniz, sonra hər şey yenidən yoluna girir və ola bilər ki, bunun əlavələrlə çox az əlaqəsi var.

"Amma o mərhələyə gəldikdə dayanmaq riskini ala bilməzsiniz."

Dərman şirkətlərinin rolu nədir?

Mid Cheshire NHS Trust-da konsultant dermatoloq olan professor Faisal Ali deyir ki, istehlakçıların və həkimlərin qarşılaşdığı problemlərdən biri də əlavə araşdırmalarındakı ziddiyyətli məlumatların və maraqların toqquşmasıdır.

Yaxınlarda aparılan nisbətən kiçik bir araşdırmada, sağlam həyat tərzi sənayesi tərəfindən maliyyələşdirilən tədqiqatlarla, eyni maraq toqquşmasına malik olmayan tədqiqatlar müqayisə olunub.

Sənaye tərəfindən maliyyələşdirilən araşdırmalar kollagen əlavələrinin dərinin nəmliyini, elastikliyini və qırışlarını əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını iddia edərkən, dərman şirkətlərindən maliyyə dəstəyi almayan araşdırmalar dəridə heç bir təsir göstərmədiyini ortaya qoyub.

Prof. Ali deyir ki, sənaye tərəfindən maliyyələşdirilən araşdırmalar "mahiyyətcə pis" deyil, sadəcə mənzərə çox müxtəlifdir. Amma həm ağız boşluğu ilə, həm də topikal kollagenin əhəmiyyətli təsir göstərdiyinə dair möhkəm sübutların çatışmadığını bildirir.

Ondan soruşuram: "Əgər vaxtı geri ala bilsəydim və 20-li yaşlarımda kollagen qəbul etməyə, kollagenə yatırım etməyə başlasaydım, indi daha hamar, daha gənc dəriyə sahib olardım?"

"Çox güman ki, olmazdınız," – deyir. – "Çünki bədəndə o qədər uzun müddət qalmır."

Bununla belə, Ali inanır ki, lazerlə kollagen stimulyasiyası və mikroiynələmə kimi xüsusi texnikalardan istifadə edərək, potensial olaraq kollagen istehsalını artıra və dərimizdə elastikliyi qoruya bilərik.

Bu, dərimizdə kiçik yaralar açmaq üçün bir sıra xüsusi, nazik iynələr və ya lazerlərdən istifadə etmək deməkdir. Bu proses bədənin özünü bərpa etməsini təşviq edir və yeni kollagen yaranmasını stimullaşdırır

Amma bu ucuz deyil. Bir seans üçün 300 funt sterlinqədək (təxminən 680 manat) ödəməli ola bilərsiniz.

Prof. Ali deyir: "Dəriniz üçün edə biləcəyiniz ən yaxşı şey yaxşı bir günəş kremindən istifadə etməkdir. Günəşin dərimizin yaşlanmasına böyük təsir göstərdiyini bilirik.

"Günəş kremi, sağlam qidalanma və əgər çəkirsinizsə siqareti buraxmaq."

"Bunlar kollagen əlavələrindən qat-qat böyük təsirə malik olacaqdır."

Seçilən
117
bbc.com

1Mənbələr