AZ

Alman mediası Əliyev-Putin görüşünü qaralamağa çalışır - “sanksiya və neft”...


“Deutsche Welle”nin bu cür qərəzli yanaşması məntiqdən kənardır...”

Ötən həftə Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşə dünya mediası xüsusi həssaslıqla yanaşır.

Lakin bu görüşün əhəmiyyətini vurğulayanlarla yanaşı, onun mahiyyətini başa yerə yozanlar, qaralayanlar da var. Belə bir yanlış rəy var ki, Putin guya neftə və qaza görə İlham Əliyevə əyilib.

“Neft Putini Əliyevə boyun əyməyə məcbur etdi”. Bu iddia ilə siyasi elmlər namizədi, Mərkəzi və Şərqi Avropa üzrə ekspert, bir sıra media orqanlarında köşə yazarı İvan Preobrajenski Almaniyanın “Deutsche Welle” (DW) saytında çıxış edib.

Preobrajenskinin yazısında deyir ki, “son dəfə Putin Azərbaycanda ötən il olub və Əliyevlə neft - qazın sanksiyalardan gizli ixracı barədə danışıqlar aparıb. DW-nin bu məqaləsindən görünür ki, Qərb mediası Putinin bu dəfə də Əliyevə yaxınlaşmasını Rusiya neft və qazının sanksiyalardan kənar ixracı üzrə əməkdaşlıq istəyi ilə bağlayır. Bu adam elə qələmə verib ki, guya Azərbaycan Rusiyanın sanksiyalardan yayınmasına kömək edir. Bunun absurd olduğunu onun özü də bilir.

Halbuki, Rusiya sanksiya altında olduğuna görə onun neftinin sanksiyalardan kənar, gizli nəqlinə dəstək vermək beynəlxalq miqyasda başqa ölkələrlə, ABŞ-la, Avropa ölkələri ilə münasibətləri korlamaq deməkdir. Təbii, Azərbaycan buna getməz. Ancaq Qərb mediası Putinin təyyarə qəzası ilə bağlı izahatını, fikrini bu istiqamətə yönəltməyə çalışır ki, Rusiya prezidentinin Azərbaycanla yaxınlaşmasının məqsədi guya Azərbaycanın köməyi ilə Rusiya neftinin və qazının sanksiyalardan kənar Qərbə ixracında Azərbaycanın köməyindən gizli bəhrələnməkdir.

“Bu həqiqətdən uzaqdır, Azərbaycanı mənfi simada göstərmək niyyətindən başqa bir şey deyil”

Məsələ ilə bağlı “Bakı-Xəbər”ə münasibət bildirən politoloq İlyas Hüseynovun sözlərinə görə, Tacikistanın paytaxtı Düşənbə şəhərində MDB Dövlət Başçıları Şurasının zirvə toplantısında Prezident İlham Əliyev və Prezident Vladimir Putin arasında görüşün keçirilməsi ikitərəfli siyasi dialoqun möhkəmləndirilməsi və açıq qalan sualların cavablandırılması, həll yollarının tapılması baxımından əlamətdar oldu: “Lakin biz görürük ki, bu görüş Rusiya və Qərb mətbuatında çox ciddi müzakirə olunur. Həqiqətən də müzakirə olunası mövzudur. Çünki keçən ilin dekabr ayında baş vermiş təyyarə qəzasından ötən bir ilə yaxın dövr ərzində ilk dəfə idi üzbəüz görüş keçirilirdi və bir sıra məsələlər müzakirəyə çıxarılırdı. Təkcə Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində ayaqüstü salamlaşmanı nəzərə almaqsaq, bu görüş kifayət qədər produktiv oldu və artıq nəticələrini də görürük. Lakin “Deutsche Welle”nin bu cür qərəzli yanaşması məntiqdən kənardır, sanki Rusiya prezidenti məcburiyyət qarşısında neft və qaz sanksiyalarından yayınmaq üçün “gizli ixrac axtarışında” bu addımı atıb. Bu həqiqətdən uzaqdır, Azərbaycanı mənfi simada göstərmək niyyətindən başqa bir şey deyil. Əksinə, yaxşı olardı ki, 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi kontekstində sürətlə artan Rusiya-Ermənistan ticarət dövriyyəsinin mənbələri araşdırılsın, bu yolla əldə olunan böyük iqtisadi göstəricilərin səbəbləri ortaya çıxarılsın”.

İ.Hüseynovun sözlərinə görə, heç kəsə sirr deyil ki, Ermənistan paralel eksportda Rusiyaya yardım edir və ticarət dövriyyəsi dəfələrlə artıb. İ.Hüseynovun bildirdiyinə görə, yalnız ABŞ prezidenti Donald Trampın çağırışından sonra biz görürük ki, bu il ərzində Rusiya və Ermənistan arasında ticarət dövriyyəsində düşmə müşahidə olunur, yəni bu qazanılan pullar sanki yaddan çıxır, nəzərə alınmır, geniş siyasi gündəliyə çıxarılmır, mediada geniş müzakirə olunmur: “Bu anlaşılan deyil. Azərbaycana qarşı bu cür məkrli niyyətə də, bu cür qərəzli yanaşmalara da son qoyulmalıdır”.

İradə SARIYEVA

Seçilən
39
baki-xeber.com

1Mənbələr