AZ

Çoxvektorlu siyasət Azərbaycanın qlobal arenadakı rolunu artırır

Müasir dövrdə Azərbaycan Cənubi Qafqazın əsas söz sahibi kimi mürəkkəb geosiyasi şəraitdə müstəqil və balanslaşdırılmış xarici siyasət həyata keçirir. Azərbaycanın həm Qərb, həm də Şərq ölkələri ilə qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan münasibətlər qurması bu siyasətin mühüm nəticələrindən biridir.

Azərbaycanın iqtisadi gücünün artması, ordu quruculuğunun daim prioritetdə saxlanılması və dövlət idarəçiliyində şəffaflıq prinsiplərinin tətbiqi Prezident İlham Əliyevin siyasi kursunun əsas dayaqlarıdır. Məhz bu əsaslı və düşünülmüş siyasət xətti nəticəsində Azərbaycan bu gün regional və qlobal səviyyədə etibarlı tərəfdaş, nüfuzlu söz sahibi kimi tanınır. Hazırda ölkəmizin reallaşdırdığı enerji layihələri və regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin və qarşılıqlı etimadın təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan beynəlxalq miqyasda da sülhyaratma proseslərinin fəal iştirakçısı kimi çıxış edir, səmərəli təşəbbüsləri və real fəaliyyətləri ilə qlobal sülh və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

2025-ci ilin oktyabr ayının ilk on günlüyü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəal və dinamik xarici siyasət kursunun növbəti bariz nümunəsi kimi yadda qaldı. Cəmi 10 gün ərzində dövlət başçısının üç mühüm beynəlxalq sammitdə iştirakı Azərbaycanın balanslı, çoxşaxəli və çoxregional diplomatik xəttinin uğurla davam etdirildiyini bir daha sübut etdi. 1-2 oktyabr tarixlərində Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Prezident İlham Əliyev Avropa İttifaqı və digər tərəfdaş ölkələrin liderləri ilə bir sıra görüşlər keçirərək, Azərbaycan-Avropa münasibətlərinin gələcək inkişaf perspektivlərini müzakirə etdi. Bu sammit Azərbaycanın Qərblə əməkdaşlığının davamlı və konstruktiv məcrada irəlilədiyini göstərdi.

Ardınca 6-7 oktyabr tarixlərində Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının(TDT) Dövlət Başçıları Şurasının XII Zirvə Görüşü Türk dünyasında həmrəyliyin, mədəni və siyasi inteqrasiyanın gücləndirilməsi baxımından mühüm hadisə oldu. Prezident İlham Əliyevin ev sahibliyi ilə baş tutan bu görüş Azərbaycanın türk dövlətləri ilə münasibətlərə verdiyi strateji əhəmiyyəti ortaya qoydu.

Nəhayət, 9-10 oktyabrda Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB dövlət başçılarının sammiti Azərbaycanın postsovet məkanındakı regional əməkdaşlığa verdiyi önəmin ifadəsi idi. Bu sammit MDB çərçivəsindəki dialoqlar, xüsusilə təhlükəsizlik, iqtisadiyyat və nəqliyyat sahələrində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində vacib imkanlar yaratdı.

Bu üç platformada fəal iştirak Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi artan rolunu, müxtəlif geosiyasi məkanda əlaqələr qurmaq və inkişaf etdirmək bacarığını və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu xarici siyasət strategiyasının uğurla gerçəkləşdiyini nümayiş etdirdi.

Prezident İlham Əliyevin Kopenhagendəki çıxışları Azərbaycanın beynəlxalq siyasətdəki mövqeyini daha da gücləndirən strateji mesajlarla yadda qaldı. Dövlət başçısı aydın şəkildə bildirdi ki, Ermənistanla sülh müqaviləsinin imzalanması regionda tamamilə yeni əməkdaşlıq səhifəsinin açılmasına gətirib çıxaracaq. Azərbaycanın zəngin qaz ehtiyatları və inkişaf edən yaşıl enerji potensialı isə hazırda Avropanın ən çox ehtiyac duyduğu strateji resurslardandır. Bu amil Azərbaycanın Cənubi Qafqaz çərçivəsini aşaraq, Avropa siyasi gündəliyində mühüm tərəfdaş statusu qazanmasına səbəb oldu.

Kopenhagen Zirvəsi Azərbaycanın xarici siyasət istiqamətinin artıq regional sərhədləri aşaraq qitə miqyasında əhəmiyyətli təsir gücünə malik olduğunu göstərdi. Prezident İlham Əliyevin Ermənistanın Baş naziri ilə görüşü sülh prosesinin davamlılığını nümayiş etdirdi, Avropa İttifaqı rəhbərləri ilə danışıqları ölkəmizin enerji xəritəsindəki mövqeyini daha da möhkəmləndirdi, Moldova Prezidenti ilə keçirilən görüş isə Azərbaycanın Şərqi Avropa ilə enerji əməkdaşlığında yeni körpülər qurduğunu təsdiqlədi. Ümumilikdə, Kopenhagen Zirvəsinin nəticələri göstərdi ki, Azərbaycan artıq regional deyil, qlobal səviyyədə söz sahibi olan, sülhün təşəbbüskarı və Avropanın etibarlı enerji tərəfdaşı kimi çıxış edən bir dövlətdir. Prezident İlham Əliyevin bu səfəri ölkəmizin diplomatik çevikliyini, strateji uzaqgörənliyini və beynəlxalq nüfuzunu bir daha təsdiqlədi.

Azərbaycan müəyyən etdiyi çoxvektorlu xarici siyasət sayəsində qarşıya qoyduğu hədəflərə ardıcıl şəkildə irəliləyir və yeni regional, hətta qlobal reallıqlar formalaşdırır. Uzun illər davam edən və müasir dövrün ən mürəkkəb münaqişələrindən biri hesab edilən Ermənistan-Azərbaycan münaqişəsinə Prezident İlham Əliyevin rəhbərliyi ilə son qoyuldu. İndi isə sülh sazişinin paraflanması fonunda Azərbaycan Cənubi Qafqazda təkcə sülhün təşəbbüskarı deyil, eyni zamanda onun əsas təminatçısı kimi çıxış edir. Bu siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə sülhə və təhlükəsizliyə töhfə verən etibarlı tərəfdaş kimi tanınır. Ölkənin növbəti strateji hədəflərindən biri də Türk dünyasının güclü və sıx inteqrasiya olunmuş siyasi-iqtisadi məkana çevrilməsidir. Bu istiqamətdə görülən işlər Prezident İlham Əliyevin xarici siyasətində əsas prioritetlərdən biri olan türk dövlətləri ilə birliyin möhkəmləndirilməsinə xidmət edir.

Azərbaycan və türk dövlətləri arasında dərin tarixi əlaqələr bu gün də yüksələn xətlə inkişaf edir. Xalqlarımızı birləşdirən ortaq mədəni köklər və çoxəsrlik qardaşlıq münasibətləri müasir dövrdə dövlətlərarası əməkdaşlığın möhkəm əsasını təşkil edir. Son 30 ildə Azərbaycan türk dövlətləri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda fəal əməkdaşlıq həyata keçirib. Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətlərindən biri türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsi və bu ölkələri bir araya gətirən Türk Dövlətləri Təşkilatının daha da gücləndirilməsidir. Prezident İlham Əliyev çıxışlarında daim bu birliyin əhəmiyyətinə xüsusi diqqət yönəldir. Dövlət başçımızın “Bizim üçün TDT əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” fikirləri Azərbaycanın bu birliyə verdiyi mənəvi və strateji dəyərin ən aydın ifadəsidir. Bu baxımdan oktyabrın 6-7-də Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə Görüşü “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunur. Türk Dövlətləri Təşkilatı bu gün siyasi həmrəylik platforması, sabah isə qlobal güc mərkəzi kimi formalaşır. Bu yolda liderlik, iradə və strateji baxış artıq mövcuddur, indi isə həmin baxışı ortaq siyasi və iqtisadi reallığa çevirmək mərhələsi yaşanır. Bu proses, eyni zamanda, türk xalqlarının əsrlərlə arzuladığı birlik ideyasının reallaşması deməkdir. Bu tarixi missiyanın gerçəkləşməsində Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü qətiyyətli və milli maraqlara söykənən xarici siyasət xüsusi rol oynayır. Onun təşəbbüsləri nəticəsində Türk dünyası daxilində əlaqələr yeni mərhələyə qədəm qoymuş, regional əməkdaşlıq güclənmiş və qarşılıqlı etimad daha da möhkəmlənmişdir. Prezident İlham Əliyevin strateji baxışı və prinsipial mövqeyi Azərbaycanın yalnız regionda deyil, daha geniş coğrafiyada söz sahibi olan bir dövlətə çevrilməsini təmin etmiş, Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinə töhfə vermişdir. Bu siyasət Azərbaycanın milli maraqlarını müdafiə etməklə yanaşı, Türk dünyasının inteqrasiyasına və ortaq gələcəyinə xidmət edir.

Azərbaycanın açıq və çoxşaxəli xarici siyasətinin uğurları davamlılığı ilə diqqət çəkir. Həm qarşılıqlı səfərlər, həm də dövlət başçısı İlham Əliyevin iştirakı ilə keçirilən beynəlxalq tədbirlər ölkəmizin diplomatik fəallığının və beynəlxalq nüfuzunun göstəricisidir. Bu dinamikanın tərkib hissəsi olaraq Prezident İlham Əliyev oktyabrın 9-da Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmişdir. Bu tədbirdə Prezident İlham Əliyevin iştirakı Azərbaycanın regional və beynəlxalq proseslərdə fəal və məsuliyyətli tərəfdaş olduğunu bir daha nümayiş etdirmişdir. Azərbaycan MDB məkanında qarşılıqlı hörmətə, suverenliyə və əməkdaşlığa əsaslanan münasibətlərin tərəfdarıdır.

Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək məqsədilə oktyabrın 12-də Misirə etdiyi işgüzar səfər dövlət başçısının oktyabrın əvvəlindən indiyədək artıq dördüncü xarici səfəridir. Bu fakt Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun, eləcə də Prezident İlham Əliyevin fəal və dinamik diplomatik fəaliyyətinin göstəricisidir. Bildiyimiz kimi, Yaxın Şərq Sülh Sammiti regional sabitlik və təhlükəsizliyin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın bu mötəbər tədbirdə iştirakı ölkəmizin sülh, dialoq və əməkdaşlığın təşviqində etibarlı tərəfdaş kimi qəbul olunduğunu bir daha təsdiqləyir. Bu ardıcıl və məqsədyönlü beynəlxalq səfərlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu, praqmatik və milli maraqlara əsaslanan xarici siyasətin bariz təzahürüdür. Sözügedən dinamika Azərbaycanın balanslı və strateji diplomatiya kursunun uğurla davam etdirildiyini aydın şəkildə göstərir.

Şəmsiyyə Əliqızı, “İki sahil”

Seçilən
24
1
ikisahil.az

10Mənbələr