AZ

Yaxın Şərqə "sülh və qan planı" birlikdə gəlir...


Misirin Şarm əl-Şeyx kurort şəhərində beynəlxalq sülh sammiti ilə bağlı indi beynəlxalq ictimaiyyətdə müxtəlif rəylərə rast gəlinir. Qeyd edək ki, sammitə Misir prezidenti Əbdülfəttah əl-Sisi və ABŞ lideri Donald Tramp birgə sədrlik edib. Sammitə 27 ölkədən liderlər və rəsmilər qatılıb.

Onlar sırasında Azərbaycan da yer alır. Qeyd edək ki, prezident İlham Əliyev Donald Trampın və Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirə işgüzar səfər edib. Tədbirdə BMT, Avropa Şurasının, Ərəb Liqasının rəhbərləri də iştirak edib. İsrail rəsmiləri və HƏMAS qruplaşmasının təmsilçiləri sammitdə olmayıb. Qrupun siyasi bürosunun üzvü Hüsam Badranın sözlərinə görə, HƏMAS hərəkatının nümayəndələri İsraillə sülh sazişinin rəsmi imzalanma mərasimindən kənarda qalmağı üstün tutublar. O qeyd edib ki, HƏMAS vasitəçilərin - Qətər, Misir və Türkiyənin köməyi ilə yəhudi dövləti ilə danışıqları davam etdirəcək. Badran HƏMAS üzvlərinin niyə mərasimdən çəkilmək qərarına gəldiyini açıqlamayıb, lakin əlavə edib ki, qrup etibarlı kanallar vasitəsilə dialoqa sadiqdir. Misir bildirib ki, sammitin məqsədi Qəzza zolağında müharibəyə son qoymaq, Yaxın Şərqdə sülh və sabitliyi təmin etmək səylərini gücləndirmək və regionda təhlükəsizlik və sabitliyin yeni mərhələsini başlatmaqdır. Xatırladaq ki, ötən həftə İsrail və ABŞ və Aİ-nin terrorçu təşkilat saydığı HƏMAS qruplaşması Qəzzada atəşkəsin əldə olunması üçün Trampın 20 bəndlik planının birinci mərhələsinə razılaşıblar. Tramp planının ikinci mərhələsində Qəzzada HƏMAS-ın iştirakı olmadan yeni idarəetmə qurumunun yaradılması, çoxmillətli qüvvənin formalaşdırılması, HƏMAS-ın tərksilahı nəzərdə tutulur.İsrail qətl və digər ağır cinayətlərə görə məhkum olunmuş 250 fələstinlinin azad ediləcəyini açıqlayıb. 2023-cü il oktyabrın 7-dən bəri saxlanmış 1700 qəzzalı da buraxılacaq. Həmin gün HƏMAS İsrailin cənubuna hücum edərək 1200 nəfəri öldürüb, 250 nəfəri girov götürüb. İsrail bunun cavabında genişmiqyaslı hərbi kampaniya başladıb. Trampın planının növbəti mərhələsində ABŞ prezidentinin rəhbərliyi ilə Sülh Şurasının yaradılmasını nəzərdə tutulur. Tramp daha öncə deyib ki, bu şurada Britaniyanın keçmiş baş naziri Toni Blerin də rolu ola bilər. Amma o, sonradan İraq müharibəsindəki rolu ilə bağlı tənqidlərdən dolayı Blerin bu vəzifəyə uyğun olub-olmadığını sual altına alıb. “Reuters” yazır ki, Trampın 20 bəndlik planının növbəti addımları hələ razılaşdırılmayıb. Buraya döyüşlər bitəndən sonra Qəzzanın necə idarə olunacağı və HƏMAS-ın gələcək taleyi daxildir. HƏMAS İsrailin silahların təhvil verilməsi ilə bağlı tələblərini rədd edib. Belə vəziyyət Qəzzada savaş ehtimalının hələ yükək qaldığını göstərir. Bu fonda “Associated Press” də yazır ki, sonrakı addımlarla bağlı ziddiyyətli tələblər qalmaqdadır və münaqişənin həqiqətən bitib-keçmədiyi ilə bağlı qeyri-müəyyənlik yaradır: “İsrail HƏMAS-ın tərk-silah edilməsini istəyir. HƏMAS isə İsraildən öz qoşunlarını Qəzza zolağından çıxarmasını istəyir . İyirmi ildir HƏMAS-ın əlində olan zolaqda hakimiyyətin gələcəyi də hələ müəyyənləşdirilməyib”. Bu arada, bir neçə humanitar təşkilat artıq sektora yardımı artırmağa hazırlaşdıqlarını, xüsusən də bir çox sahələrdə çatışmazlıq olan ərzaq tədarükünü elan etdi. Buraya Misirdən gələn təxminən 400 yük maşını daxildir və onların son döyüşlər zonasına daxil olmazdan əvvəl İsrail yoxlamasından keçməsi planlaşdırılır.

Xatırladaq ki, İsrail və HƏMAS arasında atəşkəs oktyabrın 10-da günorta saatlarında qüvvəyə minib.Tramp tərəfindən hazırlanmış və hər iki tərəfin dəstəklədiyi Qəzza planının birinci mərhələsi fələstinli məhbuslar müqabilində qalan israilli girovların azad edilməsini tələb edir. Bunlar yerinə yetrilib, amma HƏMAS tərk-sihal olmayacağını bəyan edir. HƏMAS müttəfiqləri olan “İslami Cihad” və Fələstinin Qurtuluşu Xalq Cəbhəsi ilə birlikdə Qəzzadakı münaqişə həll edildikdən sonra Qəzza zolağına xaricdən nəzarət ideyasını rədd etdiklərini bəyan ediblər. Üç qrupun birgə bəyanatında deyilir: “Biz hər hansı bir xarici qəyyumluqdan qəti şəkildə imtina etdiyimizi vurğulayırıq və Qəzza zolağının idarə formasının və onun təsisatlarının prinsiplərinin müəyyən edilməsinin xalqımızın milli qüvvələri tərəfindən birgə müəyyən edilməli olan Fələstinin daxili məsələsi olduğunu bir daha təsdiqləyirik”. Bu hal da sülh prosesinin gələcəyinə təhdid yaradır. Digər tərəfdən, İsrailin müdafiə naziri İsrael Kats qeyd edib ki, indi İsrailin əsas vəzifəsi HƏMAS tərəfindən Qəzzada girov saxlanılan şəxslərin geri qaytarılmasından sonra radikalların anklavdakı tunellərinin məhv edilməsi olacaq: “İsrailin girovların geri qaytarılmasından sonrakı əsas vəzifəsi Qəzza sektorundakı HƏMAS-ın bütün tunellərinin məhv edilməsi olacaq - həm İsrail Müdafiə Ordusunun birbaşa qüvvələri ilə, həm də ABŞ-ın rəhbərliyi və nəzarəti altında yaradılacaq beynəlxalq mexanizm vasitəsilə”. Belə vəziyyət də Qəzzada toqquşmaları yenidən artıra bilər.

Samirə SƏFƏROVA

Seçilən
17
baki-xeber.com

1Mənbələr