Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakı, 14 oktyabr, AZƏRTAC
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) tərəfindən “Fransanın Ermənistan-Azərbaycan münaqişəsində rolu: tarixi baxışlar və müasir dinamika” adlı kitab nəşr olunub.
Bu barədə AZƏRTAC-a BMTM-dən məlumat verilib.
Bildirilib ki, Mərkəzin təşəbbüsü və Fransadan olan analitiklərin birgə iştirakı ilə hazırlanan hərtərəfli tədqiqat işi Fransa-Azərbaycan münasibətlərindəki dəyişən dinamikanın ətraflı təhlilini təqdim edir.
Kitab Fransanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü və ATƏT-in Minsk qrupunun sabiq həmsədri kimi rəsmi öhdəliklərinə baxmayaraq, neytral və konstruktiv vasitəçi kimi çıxış edə bilməməsinin səbəbləri barədə dolğun, akademik əsaslara söykənən Azərbaycan baxış bucağını təqdim edir.
Kitabın ön sözünün müəllifi BMTM-in İdarə Heyətinin sədri, səfir Fərid Şəfiyev qeyd edir ki, müstəqilliyin bərpasından sonra Azərbaycan Fransanı Avropadakı əsas siyasi, iqtisadi və mədəni tərəfdaşlardan biri kimi qiymətləndirib, dövlət başçıları da ilk rəsmi xarici səfərlərini Parisə ediblər. Bu möhkəm təməllərə baxmayaraq, Fransa hökumətləri daxili siyasi amillərə, xüsusilə erməni diasporunun təsirinə üstünlük verərək ədalətli, neytral vasitəçilik öhdəliklərini icra etməyib, İkinci Qarabağ müharibəsindən sonra isə daha açıq ermənipərəst mövqe tutaraq regionda sülhə töhfə vermək əvəzinə, Ermənistana hərbi dəstəyi gücləndirmək xəttini seçib.
“Ümid edirik ki, Fransa öz dəyərlərinə və regiondakı uzunmüddətli maraqlarına əsaslanaraq siyasətini yenidən nəzərdən keçirəcək, balanslı, konstruktiv mövqeyə qayıdacaq. İnanırıq ki, Fransa-Azərbaycan münasibətlərinin gələcəyi yalnız iqtisadi və mədəni sahələrdə deyil, həm də bölgəmizdə yeni sülh və əməkdaşlıq arxitekturasının formalaşmasına töhfə vermək baxımından böyük potensiala malikdir”, - deyə F.Şəfiyev əlavə edib.
BMTM-in şöbə müdiri Vasif Hüseynovun redaktoru olduğu kitab 5 bölmədən ibarətdir.
“Tarixi baxış: İkinci Qarabağ müharibəsinədək Fransanın Ermənistan-Azərbaycan münaqişəsində iştirakı” və “2020-ci ildən sonra transformasiya: Fransanın Ermənistan-Azərbaycan siyasətində yeni dinamika” bölmələri BMTM-in aparıcı məsləhətçisi Sultan Zahidov, “İkinci Qarabağ müharibəsi fonunda Fransa-Azərbaycan ikitərəfli münasibətləri” bölməsi beynəlxalq hüquq və beynəlxalq münasibətlər üzrə fəlsəfə doktoru, Strasburq Vəkillər Kollegiyasının üzvü və Mədəniyyət Araşdırmaları İnstitutunun həmtəsisçisi Jan-Emmanuel Medina, “Bakı-Paris-Yerevan: Cənubi Qafqazda məntiq və emosiyalar” bölməsi Fransada nəşr olunan “Conflicts” jurnalının direktoru Gil Mihaeli, “Ermənistan-Azərbaycan münaqişəsində Fransanın siyasəti (1991-2025)” bölməsi isə ictimai hüquq üzrə professor və Nitsa Kot d’Azur Universitetinin Hüquq və Siyasi Elmlər Fakültəsinin fəxri dekanı Kristian Vallar tərəfindən qələmə alınıb.
Kitabın yazılmasında məqsəd qarşıdakı illərdə qarşılıqlı anlaşma və daha məsuliyyətli diplomatiyanı təşviq edə biləcək informativ və açıq müzakirələrə töhfə verməkdir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.