"13 oktyabr 2025-ci il tarixində, dünya üçün, xüsusilə də bəşər sivilizasiyaları və mədəniyyətləri üçün hədsiz böyük siyasi əhəmiyyətə malik çox mühüm sənəd Trump Sülh Anlaşması imzalandı. 27 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə Misirin Şarm Şeyx şəhərində imzalanmış bu sənəd Orta Doğunun onilliklər boyu qanayan yarası İzrail-Fələstin müharibəsinə son qoyulmasına və Qəzzədə dayanıqlı sülhün bərqərər olması məqsədinə xidmət edən bir Anlaşmadır".
Bunu Hafta.az-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.
Deputat qeyd edib ki, Qəzza Sammitinə sadəcə İsrail Fələstin məsələsi kimi baxmağı sadəlöhv və çox bəsit yanaşma adlandırmaq olar:
"Qəzzə Sammitinə mədəniyyətlərin xüsusən də səmavi dinlərə mənsub xalqların sülh və birgə yaşayışının təmin olunması, qalıcı sülhün əldə olunması məqsədilə keçirilən bir Sammitdir. Son iki ildə İzrail-Fələstin müharibəsinin dünyada hansı məcraya doğru getdiyinin, dinindən, mövqeyindən, harada yaşamasından asılı olmayaraq bütün mütərəqqi bəşəriyyətin həmrəy olaraq bu müharibəyə son qoyulması, haqq və ədalətin bərqərar olunması üçün ayağa qalxdıqlarının şahidi olduq. Əlbəttə müharibə və müharibə cinayətləri sonsuzadək davam edə bilməzdi və beynəlxalq ictimiyyətin bu harayına cavab verildi. Təxminən bir həftə öncə ABŞ-ın Prezidenti Donald Trampın təşəbbüsü və liderliyi ilə ən qısa zamanda Qəzzada İsrail-Fələstin müharibəsinin dayandırılması və bölgənin, bütövlükdə xalqlarının sülhə qovuşması üçün təcili ən yüksək tədbirin - Qəzza Sülh Sammitinin keçirilməsi qərara alındı. Bu məqsədlə hələ Sammitə qədər müharibənin dayandırılması və bölgədə sülhün əldə olunmasını təmin edən rəsmi sənəd - Anlaşma layihəsi hazırlanmışdı. Sammitdən öncə ABŞ Prezidenti dünyaya bəyan etmişdi ki, Anlaşmaya dörd ölkə - ABŞ, Misir, Türkiyə və Qətər dövlətləri imza atacaq və Sammitdə qəbul olunacaq anlaşma da əsasən imza atmış bu ölkələrin rəhbərliyi ilə həyata keçiriləcəkdir. Ona görə də bu Sammitə dəvət olunma və iştirak həqiqi mənada böyük tarixi hadisə kimi qiymətləndirilir".
M.İbrahimqızı deyib ki, Qəzza Samitində iştirak edən 27 ölkə arasında Azərbaycan Prezidentinin də həm ABŞ Prezidenti Tramp və Misir Prezidenti Sisi tərəfindən bu Sammitə dəvət olunması İlham Əliyevə, onun beynəlxalq aləmdəki diplomatik fəaliyyətinə və kürəsəl barışa verdiyi töhfəsinə görə idi. Deputatın sozlərinə görə, Azərbaycan hər zaman İslam dünyasının ayrılmaz bir parçası kimi regionda və ümumilikdə müsəlman ölkələri arasında sülhün, sabitliyin, əməkdaşlığın möhkəmlənməsi istiqamətində mühüm rol oynayıb və bu gün də bu siyasət davam edir:
"Ölkəmiz Fələstin məsələsində daim prinsipial və ədalətli mövqe sərgiləyib, Suriyada baş verən hadisələrə münasibətdə isə humanitar və diplomatik sahədə fəal iştirakını davam etdirib. Bu ardıcıl və balanslı siyasət nəticəsində Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş, sözünə və mövqeyinə hörmətlə yanaşılan dövlət kimi tanınır. Azərbaycan Prezidentinin Ərəb və İslam dünyasındakı böyük nüfuzu və 44 günlük Vətən müharibəsindən həmən sonra bölgənin gələcəyi naminə işğalçı Ermənistana dayanıqlı sülh və inkişaf üçün əməkdaşlıq təklifi əlbəttə beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi. Qeyd etdiyim kimi, İsrail-Fələstin münasibətlərində dövlətimizin və dövlət başçısının daima sabit və ədalətli mövqe göstərməsi və bu mövqeni bütün beynəlxalq təşkilatlarda səsləndirməsi ölkəmizə çox böyük nüfuz gətirdi. Bu mənada Qəzza Sammitində Azərbaycan Prezidentinin iştirakı həqiqi mənada qürurvericidir. Biz Sammiti izləyərkən də iştirakçı dövlətlərin liderlərinin, xüsusilə də ABŞ Prezidentinin Azərbaycan Prezidentinə münasibətinin canlı şahidi olduq. Məhz Prezident İlham Əliyevin uzaqgörən, müdrik, zamanın çağırışlarına cavab verən və ədalətli siyasətinin nəticəsidir ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır. Sözsüz ki, bu, hər bir azərbaycanlını çox sevindirir".
M.İbrahimqızı qeyd edib ki, dünyanın ən yeni tarixinin ən mühüm Sülh Anlaşmasına qarantor dörd ölkədən birinin qardaş və müttəfiq Türkiyə Cumhuriyyətinin olmasının xüsusi əhəmiyyəti var və bu, Türk dünyasının böyük uğurlarındandır.