Azərbaycan iqtisadiyyatı 2025-ci ilin ilk 9 ayını diqqətçəkən maliyyə göstəricilərilə başa vurub. Azərbaycanın dövlət büdcəsində bu ilin ilk 9 ayı ərzində 4,5 milyard manatlıq artıqlıq (profisit) qeydə alınıb.
Maraqlıdır, yaranmış artıqlıq hansı istiqamətdə xərclənə bilər?
Məsələ ilə bağlı News24.az-a danışan "Liberal İqtisadçılar Birliyi"nin sədri Akif Nəsirli bildirib ki, bu, həm iqtisadi, həm də sosial sahələrdə yeni imkanların yaranmasına şərait yaradır:
"Əldə olunan əlavə vəsaitin düzgün istiqamətləndirilməsi uzunmüddətli iqtisadi sabitliyə və əhalinin rifah səviyyəsinin yüksəlməsinə töhfə verə bilər. Büdcə artığının bir hissəsi infrastruktur layihələrinə yönəldilə bilər. Bu sahəyə yol, dəmir yolu, hava limanları, enerji və su təchizatı kimi strateji layihələr daxildir. Belə sərmayələr uzunmüddətli iqtisadi artımın əsasını qoymaqla yanaşı, regional inkişafı da sürətləndirə bilər".
O əlavə edib ki, təhsil və səhiyyə sektoruna da vəsait ayrıla bilər. İqtisadçının sözlərinə görə, bu həm sosial rifahı artıracaq, həm də keyfiyyətli işçi qüvvəsinin formalaşmasına təkan verəcək. Mütəxəssisin sözlərinə görə, büdcə artığının sosial yönümlü hissəsi əlillər, aztəminatlı ailələr və pensiyaçılar üçün nəzərdə tutulan proqramların genişləndirilməsinə yönəldilə bilər.
“Əlavə sosial müavinətlər, pensiya artımları, uşaq müavinətləri kimi addımlar əhalinin sosial təminatını gücləndirə bilər. Sözsüz ki, sosial müavinətlər, pensiya və digər artımlarda profis gəlirlərin rolu mühüm olacaq. Eyni zamanda büdcə artığından istifadə edərək sahibkarlığa dəstək proqramlarını genişləndirmək məqsədəuyğun olardı".
Aqil Qarayev