AZ

Bakının ticarət mərkəzlərində söküntülər olacaq? - RƏSMİ

Xəbər verdiyimiz kimi, "Sədərək" Ticarət Mərkəzində yerləşən reklam qurğularının sökülməsi ilə sahibkarlar tərəfindən birmənalı qarşılanmayıb.

Ölkə.Az xəbər verir ki, Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) bildirilib ki, aparılmış yoxlamalar zamanı "Sədərək"dəki bir sıra reklam daşıyıcılarının tələblərə cavab vermədiyi müəyyən edilib.

Paytaxtda fəaliyyət göstərən digər ticarət mərkəzləri və bazarlarda da oxşar addımlar atılıb-atılmayacağı sualı meydana çıxıb.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan Azərbaycan Dövlət Reklam Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Hüseyn Azəri reklam qurğuları sökülməzdən əvvəl sahibkarlara xəbərdarlıq edildiyini deyib. O, qanunvericilikdə nəzərdə tutulmuş cərimələri də xatıladıb:

“Qapalı məkandakı reklamlara nəzarət ADRA-nın səlahiyyətləri xaricindədir. Biz həmin ticarət mərkəzlərinin içindəki reklamlara münasibətdə eyni mövqeni sərgiləmirik, açıq məkandakı reklamlara nəzarət edən qurumuq. Harada reklamlar açıq məkanda yetləşdirilibsə, onlarla bağlı mütəmadi monitorinqlər aparılır, lazımi tədbirlər görülür. Tutalım ki, tikinti materialları bazarının reklam lövhəsi bayırda qoyulubsa, qanunvericiliyin tələbləri hansısa formada pozulubsa, texniki tələblərə cavab vermirsə, dil normalarını pozursa və yaxud icazəsiz yayımlanırsa təbii ki mütəmadi monitorinqlər aparılır, bununla bağlı sahibkarlara xəbərdarlıq edilir. Sahibkarlar buna əməl etmədikdə həmin reklam demontaj olunur. Onlar nəzərə almalıdırlar ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində cərimələr də nəzərdə tutulub.
Bu cərimələrin məbləği 300 manatdan 10 min manatadək dəyişir. Əvvəlcə maaarifləndirmə işi aparırıq, xəbərdarlıq edirik, əgər sahibkar həmin reklam sökmürsə və yaxud yayım haqqını ödəmirsə, onda müvafiq adddımlar atılır”. 

ADRA rəsmisi “digər ticarət mərkəzləri və bazarlarda da oxşar söküntü işləri aparılacaqmı?” sualına belə cavab verib:

“Bu cür monitorinqlər qurum yaradılandan bəri mərhələli şəkildə aparılır. Hər yerdən birdən monitorinqlərin aparmaq olmur. Bu, təkcə böyük ticarət mərkəzlərinə aid deyil, həm də şəhərdə gördüyünüz kafe və restoranların mağazaların adları olan lövhələrə aiddir. Sahibkarlar reklamı yerləşdirməzdən əvvəl ADRA-ya müraciət etməli, icazə almalıdır. Əgər qanunauyğunsuzluq yoxdursa, o zaman həmin reklamın yayımına icazə verilir.Sahibkar bununla bağlı dövlət rüsumu və yayım haqqını ödədikdən sonra reklamı yayımlaya bilər. İcazə almadan reklam yayımlamaq məsuliyyət yaradır”. 

Billurə Yunus
 

Seçilən
30
2
olke.az

3Mənbələr