AZ

Qızıl və gümüşdə ralli davam edəcəkmi? - Banklar proqnozlarını verdi

BAKI, 14 oktaybr. TELEQRAF

Qızıl və gümüşün qiymətlərində ard-arda qeydə alınan artım investorlar arasında bu rallinin davam edib-etməyəcəyi ilə bağlı narahatlıqları artırıb.

Teleqraf xəbər verir ki, ABŞ və Çin arasında ticarət müharibəsi, güclənən geosiyasi qeyri-müəyyənliklər və bazarlarda müşahidə edilən ralli fonunda banklar 2025 və 2026-cı illər üçün qızıl və gümüşə dair proqnozlarını yeniləyiblər.

Qızıl üzrə proqnozlar

"Societe Generale" 2025-ci ilin sonuna qızılın unsiyasının 4 271 dollar, 2026-cı ilin sonunda isə 5 000 dollar olacağını açıqlayıb.

"JPMorgan" isə qızılın 2025-ci ilin sonuna qədər dəyər itirəcəyini proqnozlaşdırır. Bankın hesabatına görə, qiymətli metal 3800 dollara düşəcək. 2026-cı ilin sonunda isə qızıl 4 390 dollara yüksələcək.

"Bank of America"nın proqnozlarına görə, qızıl 2025-ci ilin sonunda 3750 dollara qədər geriləyəcək. 2026-cı ilin sonunda isə 3 500 dollar səviyyəsində olacaq.

"Goldman Sachs" isə qızılın 2025-ci ildə müəyyən qədər dəyər itirəcəyini, lakin 4 000 dolların üzərində qalacağını açıqlayıb. Maliyyə qurumunun hesabatında bildirilir ki, qızıl bu ilin sonunda 4030 dollara düşəcək, lakin 2026-cı ilin sonunda 4 815 dollara qədər yüksələcək.

"Morgan Stanley" də qızılın 2025-ci ilin sonuna doğru 4000 dollara qədər geriləyəcəyini proqnozlaşdıran banklar sırasındadır.

Gümüş üzrə proqnozlar

Gümüş üçün son proqnozlar "JPMorgan", "Peel Hunt LLP", "Standard Chartered", "UBS" və "Emirates NBD" tərəfindən təqdim olunub.

"JPMorgan"ın 10 oktyabr tarixli hesabatına görə, gümüş 2025-ci ilin sonunda 42,2 dollara qədər enəcək, 2026-cı ilin sonunda isə 46,2 dollar səviyyəsində olacaq.

"Peel Hunt" LLP də gümüşün 2025-ci ildə dəyər itirəcəyini gözləyir. Bankın məlumatına əsasən, gümüş bu ilin sonunda 47,5 dollara düşəcək, 2026-cı ildə isə 40 dollar civarında olacaq.

"Bank of America"nınproqnozuna görə, gümüş 2025-ci ildə 40 dollara qədər enəcək, 2026-cı ildə isə təxminən 45 dollar səviyyəsində olacaq.

"Standard Chartered" isə gümüşdə daha kəskin eniş gözləyən bankdır. Maliyyə qurumuna görə, 2025-ci ilin sonunda gümüş 35 dollara düşəcək, 2026-cı ilin sonunda isə 38,5 dollar civarında olacaq.

"UBS" gümüş qiymətlərinin 2025-ci ilin sonunda 50 dolların üzərində olacağını proqnozlaşdıran iki bankdan biridir. Banka görə, qiymət 52 dollar ətrafında olacaq.

Gümüşün 2025-ci ilin sonunda 50 dolları keçəcəyini gözləyən digər bank isə "Citibank"dır. Qurumun proqnozuna əsasən, gümüş ilin sonuna qədər 55 dollara qədər yüksələcək.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 17:25-ə görə qızılın bir unsiyasının qiyməti 4108 dollardan, gümüş isə 50 dollardan ticarət olunub.

Seçilən
60
teleqraf.com

1Mənbələr