AZ

İrana B-2 zərbələrinin səbəbini Tramp özü açdı...


Bunun əvvəldən planlaşdırılmış “atəşkəs strategiyası” olduğunu sübut edən konkret dəlil yoxdur

İranın nüvə proqramına zərbələr İsraillə HƏMAS arasında atəşkəs razılaşmasının əldə olunmasında həlledici rol oynadı. Bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

“Düşünürəm ki, bu, həqiqətən də İranın nüvə qabiliyyətini aradan qaldırdığımız zaman başladı. Başının üstündə nüvə silahı olan biri ilə bu müqaviləni bağlaya bilməzdin”, - deyə Tramp qeyd edib.

Belə bir taktika əvvəldən hazırlanmış kimi görsənirmi ki, doğrudan da İrana zərbəni yalnız HƏMAS-ı sülhə məcbur etmək üçün endirdilər? Yəni İran zərbələri HƏMAS-İsrail atəşkəsinə gedən yolda gizli taktika idimi?

“Bakı-Xəbər” qəzetinə görə, ABŞ prezidenti Donald Trampın son bəyanatı Yaxın Şərqdə baş verən proseslərə yeni baxış bucağı gətirib. O bildirib ki, İranın nüvə obyektlərinə endirilən zərbələr İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının əldə olunmasında həlledici rol oynayıb. Trampın sözlərinə görə, “bu, İranın nüvə qabiliyyətini aradan qaldırdığımız zaman başladı. Başının üstündə nüvə silahı olan biri ilə bu müqaviləni bağlaya bilməzdik”.

Bu bəyanat bir çox sual doğurur: görəsən, İranın nüvə proqramına zərbələr sadəcə hərbi əməliyyat deyildimi? Bəlkə bu, əvvəldən planlaşdırılmış bir geosiyasi manevr idi – məqsədi HƏMAS-ı diplomatik sülhə məcbur etmək idi?

İran amili: HƏMAS-ın “arxa dayağı”

Fakt budur ki, HƏMAS-ın ən mühüm maliyyə və texniki dəstəkçisi məhz İran İslam Respublikasıdır. Tehran illərdir Qəzza zolağındakı təşkilatlara silah, təlim və hərbi texnologiya ötürür. ABŞ və İsrail kəşfiyyatının məlumatlarına əsasən, HƏMAS-ın istifadə etdiyi raketlərin və dronların bir çoxunun texniki sxemləri İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən hazırlanıb.

Bu səbəbdən, İranın hərbi infrastrukturuna, xüsusilə nüvə obyektlərinə və pilotsuz aparat zavodlarına endirilən zərbələr təkcə Tehranın hərbi gücünü deyil, həm də HƏMAS-ın strateji təchizat zəncirini iflic vəziyyətə salıb.

Zərbələrin zamanlaması: təsadüf, yoxsa koordinasiya?

İran ərazisində son aylar bir sıra müəmmalı partlayışlar və hava zərbələri qeydə alınıb. 2025-ci ilin əvvəlində İsfahan, Nətənz və Qum yaxınlığında yerləşən nüvə obyektlərində partlayışların olması barədə xəbərlər yayıldı. Tehran bu hücumların arxasında İsraili görür, lakin rəsmi Təl-Əviv bu iddiaları nə təsdiq, nə də təkzib edib.

Hücumların ardınca Yaxın Şərq diplomatiyasında aktivlik müşahidə olunmağa başladı. Qətər və Misir vasitəçiliyi ilə İsrail və HƏMAS nümayəndələri arasında danışıqlar intensivləşdi, nəticədə bir neçə həftə sonra atəşkəs razılaşması əldə olundu. Bu xronologiya zənciri, bəzi müşahidəçilərin fikrincə, planlı “təzyiq və sülh” strategiyasının nəticəsi idi:

- İranın nüvə və hərbi potensialına zərbələr – Tehranı passivləşdirmək;

- HƏMAS-ın təchizatını kəsməklə onu siyasi güzəştlərə məcbur etmək;

- ABŞ-ın vasitəçiliyi ilə “uğurlu diplomatik nəticə” əldə etmək.

ABŞ və İsrailin uzunmüddətli məqsədi

Vaşinqton və Təl-Əvivin illərdir əsas hədəfi İranın nüvə silahına sahib olmasının qarşısını almaqdır. Hələ 2020-ci ildə İranın nüvə proqramının əsas memarı Məhəmməd Fəxrizadənin qətlə yetirilməsi bu strategiyanın bir hissəsi kimi qiymətləndirilmişdi.

Tramp administrasiyası dövründə “maksimum təzyiq” siyasəti həyata keçirilirdi: iqtisadi sanksiyalar, diplomatik təcrid və kiberhücumlarla İranın nüvə potensialı zəiflədilirdi.

İndi isə Tramp bu siyasətin sülh prosesinə birbaşa təsir etdiyini iddia edir. Bu, onun üçün həm daxili siyasətdə “qələbə ritorikası”, həm də ABŞ-ın Yaxın Şərqdə “sabitlik yaradan qüvvə” kimi təqdim olunması baxımından əhəmiyyətlidir.

Ekspertlərin yanaşması: ritorika, yoxsa reallıq?

Beynəlxalq münasibətlər üzrə ekspertlər bu bəyanatı reallıqdan çox siyasi ritorika kimi qiymətləndirirlər.

Britaniyalı tədqiqatçı Tomas de Vaal qeyd edir ki, İranın nüvə obyektlərinə zərbə endirilməsi HƏMAS-ın taktiki mövqeyinə təsir edə bilər, lakin bu, atəşkəsə gətirən yeganə səbəb deyildi. Burada Qətər və Misirin diplomatik vasitəçiliyi, İsrail daxilindəki ictimai təzyiq və ABŞ-ın seçkiyə yönəlik maraqları daha həlledici rol oynadı.

Digər tərəfdən, İsraildən olan hərbi analitik Daniel Şapiro isə bildirir ki, İranın zəifləməsi regionda qüvvələr balansını dəyişdi: "Tehran daha ehtiyatlı davrandı və bu, HƏMAS-ın da davranışına təsir göstərdi Lakin bu, koordinasiyalı sülh planı yox, daha çox zəncirvari təsirin nəticəsidir”.

Planlı ssenari yox, amma məqsədyönlü sinxronluq

Trampın dediyi kimi, “başının üstündə nüvə silahı olan biri ilə sülh bağlamaq çətindir”. Amma hadisələrin gedişi göstərir ki, bu “sülh” təkcə İranın nüvə zərbələri sayəsində deyil, ABŞ, İsrail və region ölkələrinin paralel maraqlarının üst-üstə düşməsi nəticəsində mümkün olub.

Beləliklə, İrana zərbələr HƏMAS-ı sülhə təhrik edən amillərdən biri rolunu oynayıb, lakin bunun əvvəldən planlaşdırılmış “atəşkəs strategiyası” olduğunu sübut edən konkret dəlil yoxdur.

Bununla belə, Trampın bəyanatı Vaşinqtonun Yaxın Şərq siyasətinin dərinliklərində hərbi təzyiq və diplomatik məcburetmə sinxronluğunun hələ də mühüm yer tutduğunu açıq şəkildə göstərir.

Akif NƏSİRLİ

Seçilən
25
baki-xeber.com

1Mənbələr