Əfqanıstanla Pakistan arasında iki ölkənin sərhədi kimi qəbul edilən Durand xətti yaxınlığında yenidən silahlı qarşıdurma yaşandığı bildirilib.
Kabil mərkəzli Tolo News telekanalı X sosial şəbəkəsində paylaşdığı məlumata görə, ötən həftə baş verən sərhəd insidentindən sonra tərəflər arasında gərginlik yenidən alovlanıb.
Əfqanıstanın şərqindəki Host vilayəti qubernatorunun sözçüsü bildirib ki, Əfqan qüvvələri Durand xətti yaxınlığında yerləşən Pakistan hərbçilərinə hücumlar həyata keçirib.
Sözçünün sözlərinə görə, Pakistan əvvəlcədən hücuma hazırlaşsa da, bu cəhd uğursuz olub və toqquşmalar hazırda da davam edir.
Digər tərəfdən, Karaçi mərkəzli Geo News telekanalı isə Pakistan təhlükəsizlik mənbələrinə istinadən xəbər verir ki, Əfqan qüvvələri Kurram bölgəsində yerləşən Pakistan ordusunun mövqelərinə əsassız şəkildə atəş açıblar.
Mənbələrin məlumatına görə, Pakistan ordusu hücuma dərhal və sərt cavab verib, nəticədə Əfqan qüvvələrinə məxsus bir neçə baza ciddi zərər görüb, bir tank isə məhv edilib.
Mənbələr həmçinin bildiriblər ki, Pakistan ordusu yüksək döyüş hazırlığı vəziyyətindədir və ölkənin mümkün hücumlara qarşı müdafiəyə tam hazır olduğunu bəyan edib.