Vətəninfo.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ prezidenti Donald Trampın administrasiyası ilə “böyük sövdələşmə” bağlamağa hazır olduğunu bildirib.
Lukaşenko deyib ki, ABŞ Belarusun maraqlarını nəzərə aldığı təqdirdə Minsk tərəfi də Amerika tərəfinin tələblərinə cavab verməyə hazırdır:
“Biz onlarla böyük sövdələşmə bağlamağa hazırıq. Tərəzinin bir tərəfində onların sualları, xahişləri və tələbləri, digər tərəfində isə bizim suallarımız və tələblərimiz var. Biz bunu həll edə bilərik. Mən Donald Trampın bu istiqamətdəki təkliflərini tamamilə məqbul hesab edirəm.”
Dövlət başçısı qeyd edib ki, “yeni yaranan tərəqqi” fonunda Belarus–ABŞ münasibətlərinin gələcək inkişafı üçün konkret alqoritm hazırlanmalıdır. Onun sözlərinə görə, bu prosesdə tərəflər prioritetlərini və “qırmızı xətlərini” müəyyənləşdirməlidirlər.
Lukaşenko vurğulayıb ki, atılacaq addımlar Belarusun Rusiya və Çinlə münasibətlərinə, eləcə də Avrasiya inteqrasiya birliklərindəki öhdəliklərinə mənfi təsir göstərməməlidir.
Qeyd edək ki, sentyabr ayında Aleksandr Lukaşenko Minskdə ABŞ prezidentinin nümayəndəsi Con Koul ilə görüşüb. Görüş zamanı ABŞ-ın Belarusun “Belavia” aviaşirkətinə qarşı sanksiyaları ləğv etdiyi və Minskdəki səfirliyini yenidən açmağa hazır olduğu açıqlanıb.
Bundan əlavə, Lukaşenko ABŞ-la razılaşma çərçivəsində Belarusda həbsdə olan bəzi şəxslərin azad edilə biləcəyini də istisna etməyib.