AZ

"Faizsiz kreditlər bank sistemini çökdürəcək" iddiaları...


Akif Nəsirli: “Faizsiz kredit” ifadəsi əslində tam mənası ilə bankın mənfəət əldə etməyəcəyini göstərmir, burada faiz əvəzinə digər modellər tətbiq olunur”

Məlum olduğu kimi, gələn ildən Azərbaycanda faizsiz kreditlər təqdim oluna bilər. Bu kredit növünün bir çox müsəlman ölkələrində verilməsi nəzərdə tutulur. Qeyd edək ki, hazırda ölkəmizdə İslam maliyyə məhsullarının tətbiqinə hazırlıq gedir.

Bildirildiyi kimi, bu bank faizsiz kredit verəcək. Maraqlıdır, faizsiz kredit verilərsə, bankın burda gəliri nə olacaq? Məlum bank digər banklarla rəqabətə davam gətirə biləcəkmi? Ümumiyyətlə, bu hal ölkənin bank sektoruna necə təsir edəcək?

“Bank sektoruna təsir pozitiv ola bilər, xüsusilə məhsul şaxəliliyi və maliyyə inklüziyası baxımından, amma risq idarəçiliyi daha mürəkkəb olacaq”

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu, maliyyə iqtisadiyyatı, həm də İslam maliyyəsi baxımından aktual mövzudur: “Faizsiz kredit” ifadəsi əslində tam mənası ilə bankın mənfəət əldə etməyəcəyini göstərmir. Burada faiz əvəzinə digər modellər tətbiq olunur.

Murabaha (alış-satış modeli) - bank müştərinin istədiyi əşyanı əvvəlcə alır, sonra ona müəyyən əlavə qiymətlə satır. Müştəri isə həmin məbləği hissə-hissə ödəyir. Bu əlavə qiymət bankın gəliridir.

Mudaraba (əməkdaşlıq modeli) - bank və müştəri birgə layihəyə sərmayə qoyur. Qazanc əvvəlcədən razılaşdırılmış nisbətdə bölünür.

Ijara (icarə modeli) - bank aktivləri müştəriyə icarəyə verir, müəyyən icarə haqqı alır.

Yəni faizsiz kreditdə də bank gəlir əldə edir, sadəcə, faiz forması əvəzinə müqavilə üzrə müəyyən edilən digər üsullarla gəlir götürür”.

Bankın digər banklarla rəqabətə necə davam gətirəcəyinə gəlincə, həmsöhbətimiz bildirdi ki, faizsiz kreditlərlə bankların rəqabət qabiliyyəti bir neçə amildən asılıdır: “İslam maliyyəsi məhsulları müsəlman ölkələrində və dini baxımdan faizsiz maliyyə istəyən müştərilər üçün cəlbedicidir. Bu, bankın yeni müştərilər qazanmasına imkan verə bilər. Çünki son illərdə ölkədə İslam əqidəsi ilə yaşayan əhali kəsimi sürətlə artır.

Ümumiyyətlə, faizsiz kredit modelləri daha çox hüquqi və idarəetmə prosesləri tələb edir. Əgər bank bu sahədə təcrübəsizdirsə, digər banklara nisbətən səmərəliliyi aşağı ola bilər.

Bank müştəriyə təklif etdiyi qiymətləri və şərtləri açıq şəkildə göstərirsə, rəqabətdə üstünlük qazana bilər. Sistem düzgün tətbiq olunarsa, faizsiz kredit verən bank digər banklarla rəqabətdə duruş gətirə bilər, hətta bazarda müəyyən üstünlük də qazana bilər”.

A.Nəsirli hesab edir ki, faizsiz kreditlərin tətbiqi bank sektoruna bir neçə istiqamətdə təsir edə bilər: “Məsələn, bununla bank məhsulları şaxələnir, müxtəlif müştəri seqmentlərinə xidmət göstərmək mümkün olur.

Eyni zamanda, digər banklar da bu modeli tətbiq etməyə məcbur ola bilər, bu isə ümumi xidmət keyfiyyətini yüksəldir. Digər tərəfdən, faizsiz kreditlərdə risqlər (məsələn, layihə uğursuz olduqda) bank və müştəri arasında bölünür, bu isə risq idarəçiliyini daha mürəkkəb və mükəmməl edir. Bununla yanaşı, daha çox insanın bank xidmətlərinə çıxışı təmin olunur, xüsusilə dini baxımdan faiz ödəmək istəməyən şəxslər üçün.

Nəticədə faizsiz kredit bank üçün gəlirli ola bilər, amma gəlir forması faiz deyil, digər maliyyə alətləri vasitəsilə reallaşır. Rəqabət qabiliyyəti bankın hazırlıq səviyyəsindən və məhsulun düzgün strukturlanmasından asılıdır. Bank sektoruna təsir pozitiv ola bilər, xüsusilə məhsul şaxəliliyi və maliyyə inklüziyası baxımından, amma risq idarəçiliyi daha mürəkkəb olacaq”.

Günel CƏLİLOVA

Seçilən
56
50
baki-xeber.com

10Mənbələr