Şəkərdən imtina etmək insan orqanizminin ümumi vəziyyətinə və rifahına əhəmiyyətli dərəcədə müsbət təsir göstərə bilər.
Editor.az xəbər verir ki, bu barədə diyetoloq Elena Ustinova açıqlama verib. Onun sözlərinə görə, şəkərin azaldılması və ya tamamilə kəsilməsi bədənin enerji mübadiləsini yaxşılaşdırır, yuxu keyfiyyətini artırır, əhval-ruhiyyəni və idrak qabiliyyətlərini gücləndirir.
Mütəxəssis bildirib ki, söhbət yalnız adi ağ şəkərdən deyil, sadə karbohidratlar – yəni qlükoza, fruktoza və saxarozadan ibarət bütün məhsullardan gedir.
“Orqanizm sadə şəkərlərin qəbulunu dayandırdıqda, o, özünü yenidən tənzimləyir və enerji mənbəyi kimi kompleks karbohidratlardan istifadə etməyə başlayır. Bu yanacaq daha yavaş sərf olunur, nəticədə gün ərzində uzunmüddətli toxluq və sabit enerji səviyyəsi yaranır,” – deyə Ustinova qeyd edib.
Diyetoloq yulaf, makaron, çörək və digər tam taxıl məhsullarını kompleks karbohidratlara nümunə kimi göstərib.
O, həmçinin vurğulayıb ki, şirniyyatların rasiondan çıxarılması qan şəkəri və insulin səviyyəsini normallaşdırır, bu da əhval dəyişkənliyini azaldır, idrak funksiyasını yaxşılaşdırır və orqanizmdə artıq mayenin atılmasına kömək edir.
“Əgər şəkərdən imtina kalori çatışmazlığı ilə müşayiət olunarsa, insan tədricən arıqlamağa başlayır. Bu, rifahın yaxşılaşması, enerjinin artması və ümumi fəaliyyət qabiliyyətinin yüksəlməsi kimi əlavə üstünlüklər yaradır,” – deyə həkim əlavə edib.
//Gülnarə Abasova, Editor.az