Xalq artisti Ramiz Quliyev vəfat edib.
News24.az xəbər verir ki, bu barədə onun oğlu Əyyub Quliyev məlumat verib.
Xatırladaq ki, Xalq artisti səhhətinin pisləşməsi ilə əlaqədar sentyabrın 29-da Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi.
Birinci-vitse prezident Mehriban Əliyevanın tapşırığına əsasən, onun müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürmüşdü.
(APA)
***
10:07
Mədəniyyət Nazirliyi ustad tarzən, Xalq artisti Ramiz Quliyevin vəfatı ilə bağlı nekroloq yayıb.
News24.az xəbər verir ki, nekroloqda deyilir:
"Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli tarzən, pedaqoq, Dövlət mükafatı laureatı, Xalq artisti, professor Ramiz Quliyev 15 oktyabr 2025-ci il tarixində, 78 yaşında vəfat edib
Ramiz Əyyub oğlu Quliyev 30 aprel 1947-ci ildə Ağdam şəhərində anadan olub.
1960-cı ildə Ağdam şəhər 7 illik musiqi məktəbini tar ixtisası üzrə bitirib. Həmin ildən Ü.Hacıbəyli adına Ağdam Orta İxtisas Musiqi Məktəbində təhsilini davam etdirib. 1964 –1969-cu illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.
1963–1974-cü illərdə Ağdam və Bakıda musiqi məktəblərində müəllim işləyib. Daha sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında Xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllimlikdən professorluğa kimi yüksəlib. Ustad tarzən 1990–2002-ci illərdə həmin kafedraya rəhbərlik edib. 2004-cü ildən ömrünün sonunadək Bakı Musiqi Akademiyasında “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi vəzifəsində çalışıb.
Ramiz Quliyev pedaqoji fəaliyyətlə yanaşı, tar ifaçılığı sənətinə dair sanballı kitab və dərs vəsaitlərinin müəllifidir. Müxtəlif illərdə nəşr olunan “Azərbaycan bəstəkarlarının əsərlərinin tar və fortepiano üçün işləmələri”, “Xarici bəstəkarların əsərlərinin tar və fortepiano üçün işləmələri” dərs vəsaitləri, eləcə də “Azərbaycan və xarici bəstəkarların əsərlərinin iki tar və fortepiano üçün köçürmə və işləmələri” adlı ikicildlik kitabı böyük maraqla qarşılanıb və bu gün də təhsil ocaqlarında geniş tədris olunur.
Ramiz Quliyev eyni zamanda Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə həyata keçirilən yerli və beynəlxalq incəsənət layihələrində yaxından iştirak edib, bir sıra müsabiqələrdə, festivallarda münsiflər heyətinin sədri kimi fəaliyyət göstərib.
Sənətkar Türkiyə, Əfqanıstan, Suriya, İsveçrə, Almaniya, Pakistan, Əlcəzair, Tunis, Hindistan, Yaponiya, ABŞ, Kanada, Polşa, Danimarka, İran, İraq, Fransa, İngiltərə, İsrail, Norveç və digər ölkələrdə qastrol səfərlərində və beynəlxalq festivallarda musiqi mədəniyyətimizi yüksək səviyyədə təmsil edib.
Ustad tarzənin musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, “Əməkdar artist” (1982), “Xalq artisti” (1988) fəxri adlarına, “Şöhrət” (2007) və “Şərəf” (2017) ordenlərinə, eləcə də Azərbaycan Respublikasının Dövlət Mükafatına (2014) layiq görülüb. Sənətkar 2004-cü ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Ramiz Quliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin".