Xəbər verdiyimiz kimi taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq ediləcək. Bu barədə Əli Əsədov qərar imzalayıb.
Bəs taksilərin sayına limit qoyulması hansı zərurətdən irəli gəlir? Yeni qərar paytaxtda taksi xidmətinin qiymətlərinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı News24.az-a açıqlama verən deputat Vüqar Bayramov qeyd edib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi qərar şəhər üzrə taksi saylarının limitlərini müəyyənləşdirir:
"Beynəlxalq praktikada belə bir qərardan istifadə olunur. Taksi saylarının limitləri paytaxtda yaşayan əhalinin sayını nəzərə almaqla müəyyənləşdirilib. Bu limit paytaxt üçün 25 min müəyyənləşdirilib".
Onun sözlərinə görə, 25 min ətrafında limitin olması birbaşa taksi ilə bağlı qaydalar çərçivəsində həyata keçirilib:
"Bu qərar taksi tariflərinin qiymətlərinin artırılmasına gətirib çıxarmamalıdır. Əksinə bu qərar süni qiymət artımlarının qarşısını almaq üçündür. Nəzərə alsaq ki, müəyyənləşdirilmiş limit mövcud taksilərin sayına yaxındır, o baxımdan xüsusi bir dəyişikliklərə gətirib çıxarmayacaq. Bütün hallarda nəzarətin gücləndirilməyinə ehtiyac var ki, süni şəkildə qiymət artımlarını müşahidə etməyək".
Xeyrənsə Piriyeva