BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Ağcəbədi sakini Əlizamin Bayramov 1998-ci ildə ailəsinə dövlətin verdiyi 1 hektar, 69 sotluq torpağın sənədlərinin dövlət qurumları tərəfindən qəsdlə itirildiyini iddia edir.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Əlizamin Bayramov deyir ki, indi əlindəki sənədin arxiv nüsxəsi olmadığı üçün sözügedən torpağın özünəməxsus olduğunu sübut edə bilmir:
"Əmlak Məsələləri Dövlət Xidməti göndərir Daşınmaz Əmlaka. Daşınmaz Əmlak göndərir Beyləqana. Beyləqan da məni yalandan çağırır 6 saylı Beyləqan rayonu Ərazi İdarəsinə. Salaməleyküm, xoş gəlmisən, sənin torpağın orda yoxdur. Deyirəm, ə qardaş, nətər yoxdur? Mən 2019-cu ilədək dövlətdən subsidiya almışam".
Əlizamin Bayramovun BBC-yə təqdim etdiyi sənədlərdən görünür ki, bu torpağın üstündə mübahisə bir dəfə məhkəməyə gedib.
Belə ki, 2011-ci ildə onun torpağı "qarışıq düşüb".
2011-ci ildə Ağcəbədi Rayon İcra Hakimiyyəti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və digər qurumların da iştirakı ilə aparılan araşdırmada bəlli olub ki, onun torpağı icarədar Əhəd Mustafayevin 20 ha-dan çox olan torpağına qarışıb.
O isə torpağı qazanc məqsədilə həmyerlisi Əhəd Mustafayevə icarəyə verib.
Əlizamin Bayramov deyir ki, 2011-də Məhkəmə qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən gəlib, həmin torpağı ölçüb-biçib ona təhvil veriblər.
Lakin Əhəd Mustafayev bu qərarla razılaşmayıb.
O deyir ki, daha sonra 2013-cü ildə icarədar ona torpağı satmağı təklif etsə də, o razılaşmayıb.
BBC Azərbaycanca Əhəd Mustafayevdən iddialarla bağlı şərh almaq istəsə də, cənab Mustafayev suallara söyüşlə cavab verib.
Bayramov iddia edir ki, sonradan onun torpağının dövlət aktının nömrələrini dəyişib, torpağın yerini başqa əraziylə əvəzləyiblər.
BBC-yə danışan Ağcəbədi rayonunun o vaxtkı torpaq şöbəsinin müdiri Abbas Süleymanov Elzamin Bayramovun bu iddiasını rədd edib.
Abbas Süleymanov BBC-yə bildirib ki, "Məhkəmələrdə olub o iş. Məhkəmə onun sənədinin düzgün olmadığı, yəni, cizginin düzgün olmadığı qərarına gəlib. Sənəd qaytarılıb torpaq xəritəçəkmə şöbəsinə ki, düzəldilsin".
İndi Bayramov deyir ki, əlindəki sənədin arxiv nüsxəsini 6 saylı Beyləqan rayon Ərazi İdarəsindən istəsə də, ona aid sənədin onlara gəlib çatmadığı bildirilib.
2015-ci ildə Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunanda arxiv sənədləri aidiyyatı üzrə ərazi idarələrinə təhvil verilib.
BBC Beyləqan 6 saylı Ərazi İdarəsiylə danışa bilməyib.
İndi Əlizamin Bayramov deyir ki, hazırda heç ona aid olduğu deyilən torpağı da tapa bilmir.
Üstəlik, tapa bilmədiyi torpağa görə bu ilin yayında onun adına 180 manat məbləğində vergi borcu da gəlib.
Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxs-dən BBC-yə bildiriblər ki, qurum məxfiliyə görə, BBC-nin vətəndaşın torpağı ilə bağlı suallarına cavab verə bilməz.
Əlizamin Bayramov isə torpağını istəyir: "Gedək torpağımı mənə göstər. O borcu ödəyim, torpağımı əkim-becərim".