Suriyanın yeni Prezidenti Əhməd əş-Şaraa Kremldə RF Prezidenti Vladimir Putinlə görüşüb.
Ölkə.Az xəbər verir ki, Kremldə Prezident Şaraanı qəbul edən Putinin sözlərinə görə, Rusiya ilə Suriya arasında münasibətlər həmişə mehriban olub.
"Ölkələrimiz onilliklər ərzində xüsusi əlaqələr inkişaf etdirib. 80 ildən artıqdır ki, diplomatik əlaqələrimiz var və bu əlaqələr Rusiya və Sovet İttifaqı üçün ən çətin dövrlərdə, 1944-cü ildə qurulub. Bu müddət ərzində Suriya ilə Rusiya arasında münasibətlər həmişə müstəsna dostluq xarakteri daşıyıb", - Putin vurğulayıb.
Putin bildirib ki, Moskva Dəməşqlə münasibətlərində həmişə Suriya xalqının maraqlarını rəhbər tutub.
"Bizim Rusiyada Suriya ilə heç vaxt siyasi şəraitimizə və ya xüsusi maraqlarımıza bağlı heç bir münasibətimiz olmayıb. Bu onilliklər ərzində biz həmişə bir şeyi rəhbər tutmuşuq: Suriya xalqının maraqları", - Putin deyib.
Rusiya prezidentinin mətbuat katibinin daha əvvəl bildirdiyi kimi, hər iki ölkə başçısı Rusiyanın Suriyadakı hərbi bazaları məsələsini müzakirə edəcək.
Qeyd edək ki, Suriyanın yeni Prezidenti Əhməd Əş-Şaraa “CBS News”a müsahibəsində Moskvadan Bəşər Əsədin layiq olduğu ədalət mühakiməsinə cəlb edilməsi üçün bütün mümkün hüquqi tədbirlərdən istifadə etməklə tələb edəcəyini bildirib.
“Bununla belə, hazırda Rusiya ilə münaqişəyə girmək Suriya üçün çox baha başa gələcək. Bu, həm də ölkənin maraqlarına uyğun olmayacaq", - o qeyd edib.
Mürtəza