AZ

“Reklam bazarında inhisarçılıq var” -

Sosial şəbəkələrdə "Sədərək" Ticarət Mərkəzində sahibkarlarla Reklam Agentliyinin əməkdaşları arasında baş verən əlbəyaxa davanın görüntülər yayılıb. Hadisəyə səbəb kimi ticarət mərkəzinin ətrafında yerləşdirilmiş ödənişli reklam lövhələrinin xəbərdarlıq edilmədən sökülməsi göstərilir. Bu addım sahibkarlar arasında ciddi narazılığa yol açıb. Dövlət Reklam Agentliyi məsələ ilə bağlı açıqlama verərək bildirib ki, söküntü işləri mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilib. Daxili İşlər Nazirliyindən isə qeyd olunub ki, hadisə ilə bağlı araşdırma aparılır.Azərbaycanda reklam haqqında qanunvericiliyin hazırlanmasında iştirak etmiş, Ümumdünya Reklamçılar Assosiasiyasının üzvü, professor Cahid Həsənov Metbuat.az-a açıqlamasında məsələyə münasibət bildirib. O deyib ki, Azərbaycan Dövlət Reklam Agentliyinin fəaliyyəti ciddi şəkildə suallar doğurur:"Agentlik yalnız açıq hava reklam məkanlarına nəzarət hüququna malikdir. Nə metropoliten, nə qurumlarda, nə ictimai nəqliyyat, nə də media reklamları onların səlahiyyətində deyil. Bu gün sosial media və digər platformalarda baş verən reklam fəaliyyətləri nəzarətsizdir və bir tərəfdən, çox şükür ki, belədir. Çünki açıq hava reklamlarını bu vəziyyətə salan bir quruma daha geniş səlahiyyət verilsəydi, eyni tənəzzül digər sahələrə də sirayət edərdi. Azərbaycan Dövlət Reklam Agentliyi yarandığı gündən etibarən keçmiş rəhbəri Aydın İbadov tərəfindən idarə olunurdu. Onun vəzifədən uzaqlaşdırılmasından sonra ümid etdik ki, yeni rəhbərlik dövründə bu sahədə müsbət dəyişikliklər olacaq. Təəssüf ki, vəziyyət əksinə, daha da pisləşdi".C.Həsənov qeyd edib ki, bu gün reklam şirkətləri sərbəst şəkildə reklam yerləşdirə bilmir:"Bir tərəfdən süni monopoliya yaradılıb, digər tərəfdən isə reklam şirkətləri sıxışdırılır. Son 20-30 ildə milli reklam şirkətləri tərəfindən qurulmuş konstruksiyalar "yararsız" adı ilə demontaj edilir, yerindən sökülüb atılır. Əvəzində isə, mənim məlumatıma görə, xüsusi olaraq təyin edilmiş bir neçə qurum vasitəsilə reklam yerləşdirilir. Bu, aydın şəkildə reklam bazarında inhisarçılıqdır. Milli reklam şirkətləri sistemli şəkildə sıradan çıxarılır və nəticədə reklam sahəsi tənəzzülə uğrayır. Əgər hər hansı bir reklam konstruksiyası yararsızdırsa, bu barədə sahibinə məlumat verilməli, onun yenilənməsi üçün vaxt və imkan yaradılmalıdır. Necə olur ki, agentliyin himayəsində olan və inhisarla işləyən şirkətlər "yararsız" reklam qurmaqda davam edə bilir, amma bu bazarda 20-30 il fəaliyyət göstərmiş şirkətlər “yararsız” bəhanəsi ilə bazardan çıxarılır? İki metr hündürlüyündə reklamın "yararlılığı" nə ilə ölçülür axı? Əgər reklam brilyantdan hazırlanmalıdırsa, qoy brilyantdan olsun, qızıldan hörülməlidirsə, qoy olsun. Bu, qeyri-real və əsassız yanaşmadır".Professorun sözlərinə görə, agentlik tərəfindən idarə olunan açıq hava reklam sahəsinin bugünkü durumu Azərbaycan reklamının açıq məkanda tənəzzülüdür:"Yalnız son beş il ərzində bu sahədə 10 minə qədər iş yeri sıradan çıxıb. Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) bu nəticəyə səbəb olan əsas orqandır. Məsələ ilə bağlı ciddi müzakirə və dəyişikliklərə ehtiyac var".Cahid Həsənovun səsləndirdiyi fikirlərə münasibət bildirmək üçün ADRA-ya sorğu ünvanladıq. Xəbər yenilənəcək...

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
13
metbuat.az

1Mənbələr