Parkda gəzintiyə çıxdıqdan və ya meşədə bir az gəzdikdən sonra özünüzü daha sakit hiss edirsinizsə, bu, xəyal gücünüzün deyil, bədəninizin bioloji reaksiyasıdır.
Açıq havada olmaq – stress hormonlarının səviyyəsini azaltmaqdan, qan təzyiqini aşağı salmağa və hətta bağırsaq sağlamlığını yaxşılaşdırmağa qədər – orqanizmdə ölçülə bilən dəyişikliklərə səbəb olur.
Bu faydanı hiss etmək üçün saatlarla gəzməyə ehtiyac yoxdur – maksimum təsir cəmi 20 dəqiqə ərzində baş verir.
Ona görə də, həftədə bir neçə dəfə nahar fasiləsində parkda gəzmək və ya yeməyinizi parkdakı bir skamyada yemək belə bədəninizə və zehninizə müsbət təsir göstərə bilər.
Təbiətlə təmasda olmağın sağlamlığınızı yaxşılaşdırmağa kömək edən dörd yolu belədir:
1. Fərqinə varmadan rahatlayırsınız
Yaşıl ağacları gördükdə, şam ağacının qoxusunu hiss etdikdə, yarpaqların xışıltısını və ya quşların cəh-cəhlərini eşitdiyiniz anda — şüurdan asılı olmayan prosesləri idarə edən avtonom sinir sistemi dərhal reaksiya verir.
Bu, sadəcə yaxınlıqdakı bir parka getdiyiniz zaman da baş verə bilər.
Oksford Universitetinin bioçeşidlilik üzrə professoru, baronessa Keti Uillis BBC-yə verdiyi müsahibədə belə deyir:
"Qan təzyiqinin aşağı düşməsi, ürək döyüntüsünün daha sabitləşməsi və nəbzin yavaşlaması kimi bədəndə dəyişikliklər müşahidə olunur; bunların hamısı fizioloji sakitləşmə ilə əlaqəlidir."
Böyük Britaniyada təxminən 20 min nəfərin iştirakı ilə aparılan bir araşdırma göstərib ki, hər həftə azı 120 dəqiqəsini yaşıllıqda keçirən insanlar daha sağlam olur və daha yüksək psixoloji rifah səviyyəsinə sahibdirlər.
Təbiətdə vaxt keçirməyin faydaları o qədər güclü sübutlarla təsdiqlənib ki, bəzi bölgələrdə "yaşıl sosial resept" adlanan bir üsul sınaqdan keçirilir.
Bu metodun məqsədi insanların fiziki və ruhi sağlamlıqlarını yaxşılaşdırmaq üçün təbiətlə əlaqə yaratmalarına kömək etməkdir.
2. Hormonlar hərəkətə keçir
Təbiətdə olduğunuz zaman bədəninizdəki hormonal sistem də rahatlamağa başlayır.
Professor Keti Uillis bildirir ki, açıq havada vaxt keçirmək endokrin sistemimizi aktivləşdirir və stress və ya narahatlıq zamanı ifraz olunan kortizol və adrenalin hormonlarının səviyyəsini azaldır.
O deyir: "Üç gün ərzində bir otel otağında qalan və Hinoki (Yapon sərvi) yağını nəfəsə çəkən şəxslərin qanında adrenalin hormonunun kəskin şəkildə azaldığı, eyni zamanda təbii öldürücü hüceyrələrin sayında əhəmiyyətli artım müşahidə olunub."
Təbii öldürücü hüceyrələr — bədəndə viruslarla mübarizə aparan hüceyrələrə verilən addır.
Araşdırmada iştirak edən şəxslərin bədənində, bu qoxunu nəfəsə çəkdikdən iki həftə sonra belə təbii öldürücü hüceyrələrin sayının yüksək qaldığı müəyyən edilib.
İllinoys Universiteti (Urbana-Şampeyn) professoru Minq Kuo BBC-yə açıqlamasında belə deyir:
"Təbiət, sakitləşdirilməsi lazım olanı sakitləşdirir, gücləndirilməsi lazım olanı isə gücləndirir."
O əlavə edir ki, təbiətdə keçirilən üç günlük bir istirahət, viruslarla mübarizə mexanizmimiz üzərində böyük təsir göstərir — bu təsir hətta bir ay sonra belə normal səviyyədən 24% yüksək qala bilər.
Aparılan digər araşdırmalar isə göstərir ki, təbiətdə daha qısa müddətli vaxt keçirmək belə daha az, lakin davamlı təsirlər yaradır.
Təbiət qoxusunun gücü
Təbiətin qoxusu, onun görüntüsü və səsləri qədər güclü təsirə malikdir.
Ağacların və torpağın qoxusu, bitkilərin ifraz etdiyi üzvi birləşmələrlə doludur və bu maddələri nəfəs aldıqda bəzi molekullar qan dövranına daxil olur.
Uillis bildirir ki, şam ağacı bunun gözəl nümunəsidir: şam meşəsinin qoxusu insanı cəmi 90 saniyə ərzində sakitləşdirə bilir və bu təsir təxminən 10 dəqiqə davam edir.
Bəziləri təbiətin sakitləşdirici təsirinin öyrənilmiş bir reaksiya olduğunu düşünə bilər.
Lakin aparılan bir araşdırma göstərib ki, hələ müəyyən qoxu yaddaşı formalaşmamış körpələrdə belə, yerləşdikləri otağa sakitləşdirici təsirə malik sitrus qoxusu püskürüldükdə, körpələrin sakitləşdiyi müşahidə olunub.
Yaxşı bakteriyalar bağırsaqlarınıza keçər
Təbiət yalnız zehninizi rahatlatmaqla qalmır — torpaq və bitkilər faydalı bakteriyalarla zəngin olduğu üçün bağırsaq mikrofloranızı da gücləndirə bilər.
Uillis bunu belə izah edir:
"Bunlar probiotiklərdə və bəzi içkilərdə qəbul etdiyimiz eyni yaxşı bakteriyalardır." Torpağa toxunmaqla faydalı bakteriyaların bədəninizə daxil olmasına kömək edə bilərsiniz.
Professor Minq Kuo, bu bakteriyaların infeksiyalara meyillilik və ruhi sağlamlıq kimi amillər üzərindəki təsirini araşdıraraq bildirir ki, bəzi bitkilərin qoxusunu nəfəsə çəkmək əhval-ruhiyyəni yaxşılaşdırmaq potensialına malikdir.
Digər tərəfdən, bitkilərin ifraz etdiyi fitonsidlər adlanan antimikrob maddələrin isə xəstəliklərlə mübarizədə köməkçi rol oynaya biləcəyini vurğulayır.
İnfeksiya üzrə mütəxəssis Dr. Kris van Tulleken isə təbiəti, immun sistemimizi hərəkətə gətirən müsbət mənada "çağırış yaradan" bir mühit kimi təsvir edir.
O əlavə edir ki, torpaq burun və ya ağız vasitəsilə bədənə daxil olduğu üçün, uşaqlarını meşədə torpaqla oynamağa təşviq edir.
Təbiəti evinizə gətirin
Əlbəttə, hər kəs istədiyi vaxt meşəyə gedə bilməz — amma xoş xəbər odur ki, buna məcbur da deyilsiniz.
Professor Uillis bildirir ki, evdə təbiətə aid kiçik toxunuşlar belə fərq yarada bilər.
Araşdırmalara görə, ağ və ya sarı güllər kimi çiçəklər beyin fəaliyyətinə vizual olaraq ən sakitləşdirici təsir göstərir.
Hətta kompüterinizin ekran fonunu təbiət mənzərələri ilə əvəzləmək belə sizə yaxşı təsir göstərə bilər.
Qoxu baxımından isə şam ağaclarından alınan "pinen" kimi sakitləşdirici efir yağları olan difüzorlardan istifadə etmək mümkündür.
Bütün bunlar işə yaramasa belə, sadəcə bir meşə şəkli belə kömək edə bilər.
Araşdırmalar göstərir ki, noutbuk ekranında təbiət mənzərələrinə və ya sadəcə yaşıl rəngə baxmaq belə eyni sakitləşdirici beyin dalğası dəyişikliklərini yaradır və stressi azaldır.
Professor Minq Kuo deyir:
"Elə görünür ki, ən kiçik toxunuşlar belə fayda verir."