AZ

Qarabağın bərpa konfransında indiyədək eşidilməmiş söz deyildi...


Aydın Mirzəzadə: “Azərbaycan dünyaya göstərdi ki, qurucu, yaradıcı xalqdır və öz torpağına sahib çıxdı”

Prezident İlham Əliyev 5-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb. Müraciətdə bir sıra məsələlərə toxunulub.

O cümlədən qeyd edilib ki, Qarabağ artıq yalnız milli qürurumuzun rəmzi deyil, həm də XXI əsrin dayanıqlı inkişaf məkanı kimi formalaşır: “Hazırda “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə uğurla aparılan genişmiqyaslı bərpa və quruculuq işləri regionun simasını köklü şəkildə dəyişir. Müasir şəhərsalma konsepsiyalarına uyğun şəhərlər salınır, yeni məktəblər, xəstəxanalar, yol-nəqliyyat və kommunikasiya infrastrukturu inşa olunur, iş yerləri açılır, yaşıl enerji zonaları və sənaye parkları yaradılır”.

Prezidentin dediyi kimi, Qarabağ artıq yalnız milli qürurumuzun rəmzi deyil, həm də XXI əsrin dayanıqlı inkişaf məkanı kimi formalaşır.

“İşğaldan azad edilən torpaqlarda quruculuq işləri Azərbaycanın kimliyinin nümunəsinə çevrilib”

Mözvü ilə bağlı fikir bildirən millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə şərhində bildirdi ki, işğaldan azad edilən torpaqlarda quruculuq işləri Azərbaycanın kimliyinin nümunəsinə çevrilib: “Dünya ölkələri Azərbaycanın öz torpağına sahib çıxmağını zövqlə seyr edir. Qısa müddət ərzində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu yolda şəhid olan igidlərin əziz xatirəsi hər zaman qəlbimizdə olacaq. Torpaqlarımız işğaldan azad olandan sonra həmin ərazilərdə quruculuq işlərinə start verildi. Ilk növbədə ərazilərin minadan təmizlənməsi işləri həyata keçirildi, kommunikasiya bərpa olundu. Məlumdur ki, ermənilər həmin əraziləri dağıdıb, məhv etmişdilər. 44 günlük Vətən müharibəsindən sonra Qarabağda təhlükəsizlik təmin edildi. Bunun ardınca yaşayışın təmini üçün lazımi işlər sürətlə görülməyə başladı. Ümümiyyətlə, işğaldan azad edilən ərazilərdə yaşayış məskənləri müasir dövrün tələbinə uyğun formada hazırlanıb, hazırlanır. Məlumdur ki, kiçik kəndlər birləşərək şəhərsalmanın tələblərinə cavab verən yaşayış məskənləri formalaşdırılıb”.

Millət vəkilinin dediyinə görə, Qarabağa geri dönən insanlar tək mənzillə deyil, işlə də təmin olunur. Həmçinin, keçmiş məcburi köçkünlərin şəxsi biznes fəaliyyəti üçün də şərait yaradılıb, yaradılır: “Qısa zamanda görülən işlər artıq öz nəticəsini verməkdədir. Demək olar ki, hər gün bu və ya digər yaşayış məntəqəsinə çoxlu sayda məcburi köçkün geri qayıdır. Onların təhsil, səhiyyə və digər sosial xidmətlərə çıxışı həll edilib”.

Həmsöhbətimiz qeyd etdi ki, işğaldan azad edilən şəhərlərdə mütəmadi olaraq beynəlxalq tədbirlər, forumlar keçirilir. Şuşa, Xankəndi, Laçın dəfələrlə beynəlxalq forumları qəbul edib, iştirakçılar da ordan razı qayıdıb. “Azərbaycan dünyaya göstərdi ki, biz qurucu, yaradıcı xalqıq və öz torpağımıza sahib çıxdıq. Bütün bunlar Azərbaycan xalqının genetik qabiliyyəti, onun lideri İlham Əliyevin rəhbərlik bacarığı ilə bağlıdır”.

Günel CƏLİLOVA

Seçilən
19
baki-xeber.com

1Mənbələr