AZ

“Gorusdan Qafanadək yol Bakı ilə Ankaranın nəzarətinə verilib” - Ermənistanda iddia...


Bu günlərdə “Azərbaycan Kartoqrafları” İctimai Birliyi Zəngəzur dəhlizinin xəritəsini hazırlayıb. Xəritənin altlığı yüksək keyfiyyətli kosmik şəkillər əsasında tərtib edilib. İctimai Birliyin sədri Müqabil Bayramov bildirib ki, xəritədə Azərbaycan, Ermənistan, İrandan müvafiq hissələr – yaşayış məntəqələri, yollar, çaylar, dağlar verilib. Xəritədə həmçinin Araz dəhlizi öz əksini tapıb. Kartoqrafik əsər azərbaycan və ingilis dillərindədir.

Bu məsələ artıq Ermənistanda böyük əndişə yaradıb. Erməni türkoloq Varujan Geqamyan qeyd edir: “Azərbaycanda fəaliyyət göstərən kartoqraflar assosiasiyası “Zəngəzur dəhlizi” adlanan xəritəni dərc edib. Bu xəritəyə baxsaq, görərik ki, Ermənistanın yer adları türkləşdirilib və yol üzərində keçid məntəqələri barədə heç bir işarə yoxdur”. Onun sözlərinə görə, bir neçə gün öncə Türkiyənin böyük müxalifət mediası və geniş auditoriyası olan ODA TV diqqətçəkən məlumatlar yayıb: “Məlumatda qeyd edilir: Birincisi, Ermənistan hakimiyyəti razılaşıb ki, Zəngəzurda – Mehridən Qafanadək olan təxminən 1200 kv.km ərazi faktiki olaraq Türkiyə və Azərbaycanın idarəsinə verilsin. İkincisi, Marqarada yerləşən Ermənistan-Türkiyə sərhədindəki kiçik neytral zona Türkiyənin xüsusi inzibati nəzarətinə veriləcək. Bu informasiyanın dəqiqliyi bu mərhələdə o qədər də vacib deyil. Əsas məsələ odur ki, həm Türkiyədə, həm də Azərbaycanda Zəngəzur bölgəsinə dair geniş fəaliyyətlər, o cümlədən informasiya kampaniyaları aparılır. Xüsusilə Türkiyə və Azərbaycanda Zəngəzur dəhlizinin açılması üçün böyük hazırlıqlar gedir. Demək olar ki, hər gün xüsusi reportajlar, analizlər, tədbirlər keçirilir. Bu tədbirlərdə əsas mövzu dəhlizdir. Zəngəzur dəhlizi artıq Türkiyənin dövlət protokollarının bir hissəsinə çevrilib. Məsələn, Türkiyə rəsmiləri Ermənistanla və Naxçıvanla sərhəddəki bölgələrə gedəndə yerli məmurları dəhlizin açılması münasibətilə təbrik edirlər. Bu mövzu indi həm də Türkiyə və Azərbaycanın daxili siyasətinin mühüm bir hissəsinə çevrilib. Bütün səviyyələrdə dəhliz haqqında danışılır. Nəticədə, Zəngəzur dəhlizi ideyası artıq cəmiyyət tərəfindən dəstəklənən aydın bir ictimai tələbə çevrilir”. Ermənistanın “Henaket” analitik mərkəzinin eksperti Şiraz Xaçaturyan da məsələyə eyni prizmadan yanaşır. O bildirib ki, digər oyunçulardan fərqli olaraq, geosiyasi amillərdən asılı olaraq Zəngəzurdan keçən yol məsələsi gündəlikdə birinci dərəcəli yer tutmasa da, Türkiyə-Azərbaycan tandemi üçün bu yolun açılması hərbi-siyasi və ideoloji baxımdan mütləq prioritet daşıyır: “İlham Əliyev və Ərdoğan dəfələrlə bildiriblər və bu gün də təkrarlayırlar ki, bu yol gömrük və sərhəd nəzarəti olmadan, yəni dəhliz məntiqi ilə həyata keçirilməlidir. Bu isə faktiki olaraq Ermənistanın suverenliyi prinsipinə ziddir. Bu, onu göstərir ki, onların təsəvvüründə Zəngəzurdan keçən yol sadəcə nəqliyyat marşrutu deyil, Azərbaycanla Naxçıvan arasında birbaşa, nəzarət olunan və əslində suverenlikdən azad bir keçiddir. Bu dəhliz ideyası Turan yolu baxışı üzərində qurulub, bu isə türkçülük strategiyası ilə birbaşa bağlıdır. Bu yol türk dünyasını Ankaradan Mərkəzi Asiyaya qədər birləşdirməlidir. Məhz buna görə də Ankaranın və Bakının yanaşmaları göstərir ki, bu məsələdə onların aydın prioritetləri və koordinasiyalı fəaliyyət məntiqi var. Məqsədləri Cənubi Qafqazda təşəbbüsü qorumaq, həmçinin Qərb və Rusiyanın mümkün rəqabətini məhdudlaşdırmaqdır. Dəhliz məsələsi bu kontekstdə həm Ermənistan, həm də beynəlxalq tərəfdaşlara qarşı siyasi təzyiq aləti kimi nəzərdən keçirilir”.

Erməni ekspert bildirib ki, Paşinyanın guya Zəngəzur dəhlizinin Ermənistan ərazisi ilə bağlı olmadığı, Zəngilan-Horadiz yoluna aid odluğu barədə bəyanatı sadəcə manipulyasiyadır: “Amma illüziyalar yaradaraq problemlər həll olunmur. Türkiyə və Azərbaycanın rəhbərlərindən tutmuş Çin, İran və Qərb siyasətçilərinə qədər dünyanın bütün siyasi dairələri məhz Zəngəzurdan keçən dəhlizdən danışırlar. Paşinyan təbii ki, İlham Əliyevin niyyətlərinə təsir edə bilməz, amma öz fəaliyyətsizliyi fonunda təbliğat manevri ilə vəziyyətin guya idarəolunan olduğu təəssüratını yaratmağa çalışır. Bu, “tısbağa siyasəti”nin klassik nümunəsidir, başını quma soxmaqla təhlükənin keçəcəyinə ümid etməkdir. Belə olmaz”. Rusiya Dövlət Dumasının MDB məsələləri və soydaşlarla münasibətlər komitəsinin birinci sədr müavini Konstantin Zatulin də baş verənlərdən narahat olanalr sırasındadır. Zatulinin sözlərinə görə, Paşinyanın “dördüncü respublika” ilə bağlı bəyanatları ABŞ-ın rəhbərliyi ilə Azərbaycandan və Türkiyədən keçən dəhliz yaratmaq planları ilə əlaqəlidir: “Amerikalıların bu həssas bölgəyə, gələcək dəhlizə daxil olması o deməkdir ki, onlar həmin istiqamətdən İrana yaxınlaşırlar. ABŞ ilə yanaşı, israillilər də bu istiqamətdə planlarını həyata keçirməkdə davam edirlər. Əslində, İranla əlaqələr Ermənistana öz müstəqilliyini qorumağa kömək edib, lakin dəhliz tələbləri ilə razılaşmaqla İrəvan faktiki olaraq İranla əməkdaşlıqdan imtina edir və bu istiqamətdən İrana əlavə təhlükə yaradır”. Cənubi Qafqaz məsələləri üzrə iranlı ekspert Əhsan Movahedianın sözlərinə görə, Zəngəzur dəhlizi və ya “Tramp marşrutu” layihəsi zahirən Ermənistanın ərazi bütövlüyünə və müstəqilliyinə hörmətlə yanaşır kimi görünür, lakin əslində bu layihə həm İranın, həm də Ermənistanın maraqları üçün ciddi təhlükədir: “Bu proqram ABŞ-ın İran sərhədində iqtisadi və siyasi mövcudluğuna gətirib çıxaracaq, bu da İranın təhlükəsizliyini təhdid edəcək, onun geosiyasi mühasirəsini dərinləşdirəcək və İranı malların və enerji daşıyıcılarının daşınması üçün vacib dəhlizlərdən sıxışdırıb çıxaracaq. Beləliklə, ümumi plan eynidir, sadəcə İranın müqaviməti səbəbindən o, başqa forma alıb. Hazırda biz Ermənistanda çalışırıq, Qacaran və Aqarak yaxınlığında Şimal-Cənub dəhlizini tikirik. İranlılar bu sahədə böyük irəliləyiş əldə ediblər və bu, onlar üçün problem deyil, çünki maliyyələşmə Avropa komponentləri vasitəsilə həyata keçirilir. Beləliklə, əgər biz öz proqramımızın maliyyələşdirilməsini təmin edə bilsək, bu, bizim üçün ciddi problem olmayacaq. Rusiyanın Cənubi Qafqazdakı təsiri və rolu əhəmiyyətli dərəcədə azalıb. Rusiya gec anladı ki, Qərbin Qafqazda və Mərkəzi Asiyada onu mühasirəyə almaq planı ciddi xarakter daşıyır”.

Ramil QULİYEV

Seçilən
39
baki-xeber.com

1Mənbələr