Venesuela lideri ölkə vətəndaşlarının “xilas olunduğunu” deyib…
Poliqon xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro ABŞ-dan təxminən 15 min venesuelalı miqrantın “Vətənə Qayıdış” adlı dövlət proqramı çərçivəsində geri döndüyünü açıqlayıb. Dövlət başçısının sözlərinə görə, həmin şəxslər “həbsxanalardan və oğurlanmaq təhlükəsindən xilas ediliblər”.
Maduro bu proqramı “insani və milli qürur layihəsi” adlandıraraq bildirib ki, Venesuela hökuməti xaricdə çətin şəraitdə yaşayan vətəndaşların təhlükəsiz şəkildə geri dönməsini təmin etməyə davam edəcək. O, ABŞ hakimiyyətini isə venesuelalıları “cinayətkar qruplaşmalarla əlaqələndirən saxta məlumatlar yaymaqda” ittiham edib və belə təbliğatın dayandırılmasını tələb edib. Prezidentin sözlərinə görə, venesuelalılar qanuna hörmət edən, zəhmətkeş və vətənpərvər insanlardır.
Eyni zamanda, The New York Times qəzeti ABŞ rəsmilərinə istinadən yazır ki, Vaşinqton Mərkəzi Kəşfiyyat İdarəsinə (CİA) Venesuelada gizli əməliyyatlar keçirməyə icazə verib. Məqsəd prezident Maduronu hakimiyyətdən uzaqlaşdırmaqdır. Qəzetin məlumatına görə, bu qərar ABŞ-da Venesuela hökumətinə qarşı təzyiqlərin yeni mərhələsini işarə edir.
Bundan əvvəl də Amerika hərbi qüvvələrinin Venesuela sahillərində “narkotik daşıdığı” iddia edilən gəmiləri atəşə tutduğu bildirilmişdi. Karakas administrasiyası bu hadisəni “suverenliyə təhdid” adlandıraraq beynəlxalq ictimaiyyəti ABŞ-ın regiondakı hərbi fəaliyyətlərinə diqqət yetirməyə çağırmışdı.
Poliqon.info