Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən sahibkarlıq subyektlərinin nümayəndələri üçün Rəqabət Məcəlləsində yer alan meyarlar barədə növbəti maarifləndirici onlayn seminar keçirilib.
Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, “Təsərrüfat subyektləri tərəfindən təmərküzləşməyə dair edilən müraciətlərin qiymətləndirilməsi” mövzusunda təşkil olunan seminara qida, qeyri-qida, tikinti, hasilat, yanacağın istehsalı və satışı, hüquq xidmətləri, rabitə və telekommunikasiya xidmətləri sahələrində fəaliyyət göstərən 43 təsərrüfat subyektindən 50-yə yaxın nümayəndə qatılıb.
Seminarda iştirakçılara təmərküzləşmə anlayışı və onun iqtisadi proseslərdə rolu barədə ətraflı məlumat verilib. Təqdimat zamanı təmərküzləşmələrin əsas formaları, onların hüquqi tənzimlənməsi və razılıq tələb olunan təmərküzləşmə halları diqqətə çatdırılıb. Həmçinin bu proseslərlə bağlı ərizələrin verilməsi qaydası, onlara baxılma mərhələləri və qiymətləndirmə meyarları izah olunub. Bildirilib ki, təmərküzləşmələrin düzgün qiymətləndirilməsi bazarda sağlam rəqabət mühitinin qorunması və dayanıqlı iqtisadi inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Daha sonra mövzu ətrafında iştirakçılarla müzakirələr aparılıb, müvafiq sahədə nümunələr üzərindən suallar cavablandırılıb.