ÜST alkoqol, siqaret və qazlı içkilərin qiymətlərini kəskin artırmağa çağırır, Aİ isə filtrli siqaretlərin satışını qadağan etmək niyyətindədir
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatından sonra Avropa İttifaqı (Aİ) filtrli siqaretləri qadağan etmək qərarına gəlib. Bu təşəbbüsün noyabrda İsveçrənin Cenevrə şəhərində keçiriləcək ÜST konfransında müzakirə edilməsi planlaşdırılır. Bu barədə Almaniyanın “Bild” qəzeti xəbər verir.
Aİ Şurasının qərar layihəsinə görə, tütün məmulatlarının tənzimlənməsi ilə bağlı ÜST hesabatında “siqaretlərin dadını və cazibəsini azaltmaq üçün filtrlərin qadağan edilməsini açıq şəkildə tövsiyə edir”. Aİ bu tövsiyəni dəstəkləmək qərarına gəlib, çünki “filtrli siqaretlərin istehsalı, idxalı, paylanması və satışına qadağa qoyulması tütünə qarşı mübarizəyə mühüm töhfə verəcək”.
Qeyd edilir ki, bu planlar "Tütün nəhsulları direktivi" də daxil olmaqla, Aİ-də gələcək tütün tənzimləməsi üçün əhəmiyyətli təsirlərə malik olacaq.
Konkret olaraq, Almaniyada bütün siqaretlərin 95 faizində filtrlər var.
Nəşr yazır ki, yeni qərarın tətbiqi siqareti tamamilə qadağan edə bilər.
Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı bütün ölkələri spirtli içkilərin, siqaretlərin və şəkərli qazlı sərinləşdirici içkilərin qiymətlərini 2035-ci ilə qədər ən azı 50 faiz artırmağa çağırıb.ÜST ekspertlərinin fikrincə, “3-ə 35” adlanan təşəbbüs növbəti 50 ildə 50 milyon vaxtından əvvəl ölümün qarşısını almağa kömək edəcək.
Təşkilatın bəyanatında vurğulanır ki, qeyri-sağlam qida ilə əlaqəli qeyri-infeksion xəstəliklər, o cümlədən ürək xəstəlikləri, xərçəng və şəkərli diabet dünya üzrə bütün ölümlərin 75 faizdən çoxunu təşkil edir.
Təşəbbüsü həyata keçirmək üçün “sağlamlıq vergiləri” sistemi təklif edilir. Bir sıra ölkələrdə, məsələn Rusiyada bu vergilər əhalinin sağlamlığına mənfi təsir göstərən məhsullardan tutulur. ÜST hesab edir ki, bu siyasət xroniki xəstəliklərin inkişafının qarşısını alacaq və həmçinin hökumətlərə büdcələrini doldurmağa kömək edəcək.
Təşkilatın hesabatında deyilir:"Kolumbiyadan Cənubi Afrikaya qədər sağlamlıq vergisi tətbiq edən hökumətlər zərərli məhsulların istehlakında azalma və gəlir artımı gördülər. Bununla belə, bir çox ölkələr tütün də daxil olmaqla qeyri-sağlam sənayelərə hələ də vergi güzəştləri tətbiq edir. Bundan başqa, tütün vergisinin artırılmasını məhdudlaşdıran sənaye ilə uzunmüddətli investisiya sazişləri milli sağlamlıq məqsədlərini daha da sarsıda bilər. ÜST hökumətləri tütünə qarşı effektiv mübarizəni dəstəkləmək və əhalinin sağlamlığını qorumaq üçün bu cür təşviqlərə yenidən baxmağa və onlardan qaçmağa çağırır."
Risklərin modifikasiyası üzrə tibb mütəxəssisləri Assosiasiyasının direktoru Aleksandr Rozanov təsdiq edir ki, tütünçəkmə, həddindən artıq spirt istehlakı və düzgün olmayan qidalanma həqiqətən vaxtından əvvəl ölümə ən böyük töhfə verənlərdir. Bununla belə, o hesab edir ki, sağlamlığa mənfi təsir göstərən məhsulların qiymətini qaldırmaqdansa, "həyat tərzində, vərdişlərdə və xəstəliyin inkişafına və ya sağlamlığın pisləşməsinə təsir edə biləcək digər şərtlərdə məqsədyönlü dəyişikliklər" daha effektivdir.
Ekspertin fikrincə, ÜST-nin yeni təşəbbüsü mövcud təcrübələri və elmi əsasları nəzərə almadığı üçün sadəcə yaxşı niyyət olaraq qalmaq riskini daşıyır.
Dövlət Dumasının Səhiyyə Komitəsinin rəhbəri Sergey Leonov da hesab edir ki, yalnız alkoqol, tütün və ya qazlı içkilərin qiymətlərinin artırılması ölkənin sağlamlıq problemini həll etməyəcək. O bildirir ki, “yumşaq güc metodlarından” istifadə olunmalıdır: məsələn, “vətəndaşların özlərinin sağlamlığa üstünlük vermələri üçün” sağlam həyat tərzini fəal şəkildə təbliğ etmək, kütləvi idmanın və düzgün qidalanmanın inkişafını dəstəkləmək lazımdır. Dövlət insanların asudə vaxtlarında sağlam fəaliyyətlə məşğul olmalarını asanlaşdıran və onlara üstünlük verən şərait yaratmalıdır.
Rizvan CƏFƏROV,
"Azərbaycan"