AZ

Maliyyə Nazirliyi hesabat yaydı - pensiya yaşı qaldırılmalıdır...


2024-cü ildə Azərbaycanda orta ömür uzunluğu 74,6 il olub və mövcud artım tendensiyası davam edəcəyi halda, BMT-nin proqnozlarına əsasən, 2050-ci ildə bunun 78,.6 ilə yüksələcəyi gözlənilir. Bu barədə Azərbaycan Maliyyə Nazirliyinin açıqladığı “2026-2029-cu illər üzrə ortamüddətli xərclər çərçivəsi” adlı sənəddə bəhs edilir.

Sənəddə vurğulanır ki, mövcud demoqrafik meyllərə əsasən, 2024-cü ildə əhalinin illik artım tempi cəmi 0,6 faiz olub. Əlavə edilir ki, bu göstəricinin, BMT-nin “Dünya Əhalisinin Perspektivləri” hesabatına görə, 2050-ci ilədək kifayət qədər aşağı enəcəyi gözlənilir: “Digər tərəfdən, ən sürətli artım 65 və daha yuxarı yaşda olan əhali qrupunda müşahidə olunacaq. Belə ki, 2024-cü ildə 65 yaşdan yuxarı şəxslərin əhalidə xüsusi çəkisi 9,1 faiz təşkil etdiyi halda, bu göstəricinin 2050-ci ilin sonunadək 18,1 faizə çatacağı gözlənilir”. Sənədə əsasən, hazırda ölkəmizdə müşahidə olunan demoqrafik meyillər bir çox ölkələrlə müqayisədə müsbət olsa da uzunmüddətli dövrdə əhalinin yaşlanması, sığortaolunanlar və pensiyaçılar arasındakı say nisbəti, gözlənilən orta ömür müddəti və sair bir sıra digər amillər pensiya sistemi qarşısında mühüm

çağırışlar yarada bilər. Hazırda ölkə əhalisinin 69,7 faizi əmək qabiliyyətli yaşda (15–65 yaş), 9,1 faizi isə 65 və daha yuxarı yaş qrupuna aiddir. Nazirlik qeyd edir ki, dünya göstəriciləri ilə müqayisədə hazırkı vəziyyət dövlət pensiya sisteminin maliyyə dayanıqlığı baxımından qənaətbəxşdir. Lakin növbəti bir neçə onillikdə ölkə əhalisinin tərkibində yaşlı əhalinin sayının və xüsusi çəkisinin artması dövlət pensiya təminatı sisteminin əsas maliyyə mənbəyi olan məcburi dövlət sosial sığorta haqqı ödəyicilərinin sayının azalmasına, nəticə etibarilə isə onun maliyyə öhdəliklərinin artmasına səbəb ola bilər. O da bildrilir ki, əhalinin iqtisadi rifah, tibbi xidmət, sosial təminatının yüksəlməsi fonunda əhalinin gözlənilən orta ömür uzunluğunun artması gözlənilir ki, bu da öz növbəsində əmək pensiyaçılarının orta pensiya ödənişi müddətinin uzanması və Dövlət Sosial Müdafiə Fondunun maliyyə yükünün artması ilə nəticələnir. 2024-cü ildə Azərbaycanda orta ömür uzunluğu 74,6 il təşkil etmiş və mövcud artım tendensiyasının davam edəcəyi halda, BMT-in proqnozlarına əsasən 2050-ci ildə 78,6 il olacağı gözlənilir. Nazirliyə əsasən, qeyd olunan demoqrafik yaşlanma, qeyri-formal məşğulluq, əmək bazarındakı struktur dəyişiklikləri və qlobal çağırışlar fonunda əhalinin pensiya təminatının kəmiyyət və keyfiyyətcə artan müasir tələblərə uyğunlaşdırılması əsas prioritetlərdəndir. Maliyyə Nazirliyi bildirir ki, pensiyaçıların dayanıqlı, ədalətli və etibarlı sosial müdafiəsinin təmin olunması məqsədilə sığorta-pensiya sistemində maliyyə dayanıqlığının artırılması və sığorta prinsiplərinin gücləndirilməsi istiqamətində islahatların davam etdirilməsi mühüm əhəmiyyət daşıyır. Bu kontekstdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitlərinin investisiya fəaliyyətinə cəlb edilməsi pensiya sisteminin uzunmüddətli sabitliyi və gələcək maliyyə davamlılığının təmin olunmasında vacib alət kimi çıxış edir.

Həqiqətdir ki, son onilliklərdə dünyada demoqrafik vəziyyətin dəyişməsi nəticəsində bir çox ölkələr kimi Azərbaycan da əhalinin yaşlanması problemi ilə üzləşməkdədir. Əhalinin orta ömür müddətinin uzanması, doğum səviyyəsinin azalması və miqrasiya axınlarının dəyişməsi bu prosesi daha da sürətləndirir. Bu tendensiya təkcə sosial sferada deyil, həm də iqtisadi və fiskal siyasətdə ciddi təsirlər yaradır. Əhalinin yaşlanması xüsusilə pensiya sisteminin dayanıqlığı və sosial təminat mexanizmlərinin gələcəyi baxımından strateji əhəmiyyət daşıyır. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda əhalinin orta yaşı son 20 ildə nəzərəçarpacaq dərəcədə artıb. 2000-ci illərin əvvəllərində 60 yaşdan yuxarı əhali ümumi əhalinin təxminən 7 faizini təşkil edirdisə, ötən il bu göstərici artıq 9 faizi keçib. Orta ömür müddəti də artıb. Bu rəqəmlər əslində sosial inkişafın göstəricisidir. Yəni səhiyyə xidmətlərinin yaxşılaşması, həyat səviyyəsinin yüksəlməsi, ölüm hallarının azalması və sağlam həyat tərzinin təşviqi nəticəsində insanlar daha uzun yaşayırlar. Lakin eyni zamanda doğum səviyyəsinin azalması və gənclərin xaricə miqrasiyası əmək bazarına daxil olan aktiv işçi qüvvəsinin payını azaldır. Nəticədə, pensiya sistemi üzərinə düşən maliyyə yükü artır. Azərbaycanın pensiya sistemi sığorta-prinsipli modelə əsaslanır. Bu sistemdə işləyən vətəndaşlar sosial sığorta haqları ödəyir, həmin vəsaitlər isə pensiya fonduna yönləndirilir. Dövlət Sosial Müdafiə Fondu bu vəsaitlər hesabına pensiyaçıların təminatını həyata keçirir. Sistemin əsas məqsədi aktiv işləyən nəsil hesabına təqaüddə olan nəsli maliyyələşdirməkdir. Lakin əgər əhalinin yaş strukturu dəyişir və işləyənlərin sayı azalırsa, bu balans pozulur. Gələcəkdə əhalinin yaşlanması fonunda yalnız dövlət sisteminə güvənmək kifayət etməyə bilər. Bu səbəbdən, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da özəl pensiya fondlarının yaradılması zəruridir. Eyni zamanda, könüllü pensiya sığortası mexanizmlərinin stimullaşdırılması vacibdir. Məsələn, işəgötürənlərin və ya işçilərin müəyyən faizlik əlavə ödənişlər etməsi nəticəsində şəxsi pensiya ehtiyatlarının formalaşdırılması mümkündür. Əhalinin yaşlanması təkcə pensiya sisteminə deyil, həm də əmək bazarına və sosial rifah siyasətinə təsir edir. Digər tərəfdən, yaşlı əhali üçün sosial xidmətlərin və səhiyyə xərclərinin artması da dövlət büdcəsinə əlavə yük yaradır. Bu fonda dövlətin indidən qabaqlayıcı tədbirlər görməsi şərtdir. Azərbaycanda əhalinin yaşlanması reallığı artıq sosial siyasətin mərkəzi mövzusuna çevrilib. Bu proses qaçılmaz olsa da, düzgün idarəçilik və uzaqgörən iqtisadi strategiya ilə onun mənfi təsirlərini minimuma endirmək mümkündür.

Samirə SƏFƏROVA

Seçilən
80
46
baki-xeber.com

10Mənbələr