ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Ukraynaya “Tomaqavk” tipli qanadlı raketlərin tədarükü Vaşinqtonun hərbi ehtiyatlarını tükətməməlidir.
Editor.az xəbər verir ki, Trampın çıxışının mətni C-SPAN tərəfindən dərc olunub.
ABŞ lideri açıqlamasında bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Ukraynaya silah göndərilməsi məsələsini müzakirə edib.
“Bilirsiniz, bu raketlər çox vacib, güclü və dəqiq silahlardır. Amma bizim də onlara ehtiyacımız var. Buna görə də bu məsələdə nə edə biləcəyimizi bilmirəm”, – deyə Tramp vurğulayıb.
Qeyd olunur ki, Ukrayna prezidenti Vladimir Zelenskinin administrasiyası Vaşinqton üçün bir sıra təkliflər hazırlayıb. Bu təkliflər Tramp hökumətini Ukraynanı hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli “Tomaqavk” raketləri ilə təmin etməyə, həmçinin Rusiyanın hücumları fonunda Ukraynanın enerji infrastrukturuna dəstək verməyə təşviq etməyə yönəlib.
//Gülnarə Abasova, Editor.az