Bakı, 17 oktyabr, AZƏRTAC
Amputant futbolu üzrə Millətlər Liqasının C qrupunun oyunlarının Azərbaycanda keçirilməsi olduqca qürurvericidir. Çünki ampuatant futbolu son dövrlərin mühüm trendlərindən biridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Bakının ev sahibliyi etdiyi amputant futbolu üzrə Millətlər Liqası oyunlarının açılış mərasimində deyib.
O qeyd edib ki, bu turnir minadan zərərçəkənlərin həyata bağlılığının artırılması istiqamətində çox böyük rol oynayacaq.
“ANAMA minadan zərərçəkmiş şəxslərin cəmiyyətə inteqrasiyası sahəsində AFFA ilə sıx əməkdaşlıq edir. Əlilliyi olan və minadan zərər çəkmiş insanlar üçün amputant futbolunun çox böyük əhəmiyyəti var. Çünki Azərbaycan mina terrorunun nəticələrindən ən çox zərər çəkmiş ölkələrdəndir. Torpaqlarımıza 1 milyondan çox mina basdırılıb. İndiyədək 409 nəfər mina qurbanı olub, onlardan 71 nəfər həyatını itirib”, - deyə V.Süleymanov vurğulayıb.
ANAMA İdarə Heyətinin sədri sonda bütün komandalara uğurlar arzu edib.