Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, şübhəsiz ki, bu günün Azərbaycan gəncliyində yüksək düşüncə, özünü dərk və milli kimliyin yenidən formalaşmasında mühüm rol oynadığı barədə aydın təsəvvürün olması təqdirəlayiqdir. Bu gün gənclərimiz "18 Oktyabrın tarixi, milli və ideoloji yerini nə dərəcədə bilir, görür və onunla qürur duyur?" bu sualın cavabını peşəkar səviyyədə müəyyən etmək lazımdır. Ən azından Azərbaycan gəncliyinin fikrini öyrənən mütəşəkkil ictimai rəy sorğuları aparılmalıdır.
"Düşünürəm ki, hazırkı vəziyyət onunla nəticələnməməlidir ki, gənclərin 18 Oktyabr barəsində mövqeyi hər zaman ya tam müsbət, ya da qeyri-müəyyən olsun. Dövlət, siyasi institutlar, vətəndaş cəmiyyəti, media və ziyalılarımız, xüsusilə ədəbiyyat adamlarımız 18 Oktyabrın Azərbaycan dövlətçiliyi və ümumi tariximizdəki yerini və əhəmiyyətini qətiyyətlə nümayiş etdirməlidir. Bu tarixin gənclərə çatdırılmasına uşaq bağçasından başlamaq lazımdır: gənc hələ özünü dərk etməyə başladığı andan milli tarixi və dəyərləri tanımalı, yetkinliyə çatdıqda isə 18 Oktyabrı özünün doğum günü, valideynlərinin və ya həyatda onun üçün dəyərli olan birinin əlamətdar günü kimi qürurla qeyd etməyi bilməlidir. Millətpərvər ruhda tərbiyə edilmiş insan üçün milli dəyərlər şəxsi dəyərlərdən öncə gəlir", - deyə ekspert əlavə edib.
Siyasi şərhçinin sözlərinə görə, bununla əlaqədar olaraq, 18 Oktyabrın tarixi və ideoloji əhəmiyyətini, onun 28 May və 8 Noyabr (Zəfər Günü) kimi digər əlamətdar günlərlə əlaqəsini əks etdirən silsilə sənədli filmlər hazırlanmalı və Azərbaycan televiziyalarında geniş şəkildə nümayiş etdirilməlidir. Bu layihələrdə tarixçilər, alimlər və digər sahə mütəxəssisləri iştirak etməli, ədiblərimizin və şair-yazıçılarımızın bu günlə bağlı düşüncələri və əsərləri ön plana çıxarılmalıdır ki, gənclər 18 Oktyabrı daxildən qəbul etsin və onu şanlı, şərəfli milli bayram kimi qeyd etsinlər.
Sevda Dəniz