Macarıstan hökuməti ABŞ prezidenti Donalıd Trampla sammitdə iştirak etmək üçün Budapeştə gələn Vladimir Putini hörmətlə qarşılayacaq.
NOCaOMMENT.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
Onun sözlərinə görə, Putin Macarıstana maneəsiz gedib-gələ biləcək: “Təbii ki, biz Budapeştdə Amerika və Rusiya prezidentlərinin təhlükəsiz və sakit mühitdə danışıqlar apara bilməsi üçün lazımi şərait yaratmağa hazırıq. Macarıstan Avropada ən təhlükəsiz ölkədir və dünyanın ən təhlükəsiz ölkələrindən biridir”.
Putinin köməkçisi Yuri Uşakov bildirib ki, Tramp özü sammitin məkanı kimi Macarıstan paytaxtını təklif edib və Putin onu qəbul edib.
Siyarto sammitə hazırlıqla bağlı oktyabrın 17-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov və prezident köməkçisi Yuri Uşakov, Amerika tərəfdən isə dövlət katibi Marko Rubio ilə telefonla danışıb.
Xatırladaq ki, Macarıstan Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) təsis sənədi olan Roma Statutunu imzalayan ölkədir. 2023-cü ildə bu məhkəmə Putini “Ukraynanın işğal olunmuş ərazilərindən uşaqları Rusiya Federasiyasına qanunsuz deportasiya etməkdə” şübhəli bilərək onun həbsinə order verib.
Macarıstan ICC-nin yurisdiksiyasını tanıdığı üçün orderə əməl etməyə borcludur. Hərçənd bu il ölkə parlamenti ICC-dən çıxmağa səs verib və qərar təsdiqlənib. Lakin ölkə hələ də prosesi başa çatdırmayıb.
Almaniya Xarici İşlər Nazirliyi hələlik Macarıstanın Əsasnamənin tələblərinə əməl etməyə borclu olduğunu xatırladıb.
Xatirə SADİQ