AZ

Fransa Azərbaycana qarşı yanlış siyasəti aradan qaldırdı...


Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qalıb. Bunu prezident İlham Əliyev Fransanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sofi Laqutun etimadnaməsini qəbul edərkən deyib.

Dövlət başçısı bu ayın əvvəlində Kopenhagendə Fransa prezidenti Emmanuel Makronla görüşünü xatırladaraq həmin görüşün nəticəsində iki ölkə arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını deyib. İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan dövlət başçısı, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının, habelə inkişaf etdirilməsinin önəminə toxunub.

Fransanın Azərbaycandakı səfirliyinin məlumatında da bildirilir ki, səfir Sofi Laqut isə öz növbəsində bu yeni dinamikaya töhfə vermək və iki ölkə arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün fəal şəkildə çalışmaq niyyətində olduğunu ifadə edib. Görüşdə Hökumətlərarası Komissiyanın fəaliyyətinin bərpasının əhəmiyyəti də vurğulanıb. Xatırladaq ki, prezident İlham Əliyev oktyabrın 2-də Kopenhagendə Makron ilə görüşmüşdü. Həmin gün Danimarkanın paytaxtı Kopenhagendə Avropa İttifaqı liderləri bloka üzv olmayan ölkə başçıları ilə Avropa Siyasi Birliyinin sammitində bir araya gəlmişdilər. onu da qeyd edək ki, Sofi Laqut bu vəzifəyə bu ilin avqustunda təyin edilib. O, bu postda Ann Buayonu əvəz edib. Son illər Azərbaycan və Fransa arasında soyuq münasibətlər müşahidə edilirdi. Bakı haqlı olaraq Parisi Azərbaycan-Ermənistan münaqişəsində birtərəfli olmaqda və müstəmləkəçilik siyasətində ittiham edirdi. Yaxın aylara qədər Bakıda həmin ittihamların səsləndiyi bir çox konfranslar da keçirilib. Fransanın bəzi rəsmiləri Azərbaycanı onların daxili işlərinə qarışmaqda günahlandırıblar. Amma bunların heç bir əsası olmayıb. Bütün gərginlilər məhz fransa tərəfindən qaynaqlanıbş belə vəziyyət nəticədə Fransanın Cənubi Qafqazda mövqelərinin zəifləməsinə gətirib çıxardı, ölkənin Mərkəzi Asiya siyasətinə mənfi təair etdi. Təbii ki, bu halda Fransanın çox şey itriməsi Parisin proseslərə daha obyektiv yanaşmasını, Azərbaycanla münasibətlərin normallaşdırmasını şərtləndirdi. Burada nzəərə almaq lazımdır ki, Azərbaycanla Fransa arasında münasibətlər ilk illərdə qarşılıqlı anlayış və əməkdaşlıq ruhunda inkişaf edib. Fransa, Azərbaycanın Avropa strukturları ilə əlaqələrinin qurulmasında, enerji və nəqliyyat layihələrinə inteqrasiyasında mühüm rol oynayıb. Azərbaycanın “Avropa İttifaqı – Qonşuluq Siyasəti” çərçivəsindəki təşəbbüslərinə də Paris müəyyən dəstək göstərib. Lakin son onillikdə, xüsusən də Qarabağ münaqişəsi və onun həlli mərhələsində Fransanın birtərəfli mövqe sərgiləməsi iki ölkə arasında diplomatik gərginliyə səbəb oldu. Fransa parlamentində qəbul olunan qeyri-obyektiv qətnamələr, erməni lobbisinin təsiri ilə səslənən bəyanatlar əlaqələrin müəyyən dövrdə soyuqlamasına gətirib çıxardı. Buna baxmayaraq, Azərbaycan tərəfi qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanan dialoqu davam etdirməyə üstünlük verdi. Bu, Bakının prinsipial, lakin konstruktiv diplomatiyasının göstəricisi idi. Və sonda da nəticəsini verdi. İndi Fransa Azərbaycanla münasibətlərinində yeni səhifə açır. Bunu şərtləndirən səbəblər də az deyil.

Son illərdə beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, o cümlədən Avropa İttifaqı ilə enerji əməkdaşlığının genişlənməsi, Fransa–Azərbaycan əlaqələrinin yenidən qiymətləndirilməsini zəruri edib. Avropanın enerji təhlükəsizliyinin təminində Azərbaycanın rolu artır və bu reallıq Parisin də diqqətindən kənarda qalmır. Fransa hökuməti anlayır ki, Azərbaycanla münasibətlərin inkişafı yalnız regional deyil, həm də strateji əhəmiyyət daşıyır. Xüsusilə “yaşıl enerji”, nəqliyyat dəhlizləri, bərpa olunan mənbələr və Qafqaz regionunda sabitliyin təmin olunması kimi sahələrdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Azərbaycan Fransanın Cənubi Qafqaz regionunda əsas iqtisadi tərəfdaşlarından biridir. Fransanın “TotalEnergies”, “Airbus”, “Thales”, “Veolia” kimi iri şirkətləri uzun illərdir Azərbaycanda fəaliyyət göstərir. Enerji sektorunda, xüsusən də “Abşeron” qaz yatağının işlənməsi layihəsi Fransa şirkətlərinin iştirakı ilə həyata keçirilir. Yeni mərhələdə əməkdaşlığın istiqamətləri daha da genişlənir. Xüsusilə bərpa olunan enerji, su ehtiyatlarının idarə olunması, alternativ nəqliyyat texnologiyaları kimi sahələrdə Fransa şirkətləri ilə tərəfdaşlıq perspektivləri formalaşır. Azərbaycanın Avropa enerji xəritəsində artan rolu Fransanı reallıqlarla hesablaşmağa və Bakıya daha praqmatik münasibət göstərməyə vadar edir. Azərbaycan–Fransa münasibətlərinin mühüm istiqamətlərindən biri də mədəni və humanitar sahədə əməkdaşlıqdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Fransada bir çox mədəni layihələr həyata keçirilib – Luvr Muzeyində və Versal sarayında Azərbaycanla bağlı sərgilər təşkil olunub, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Fransız ali məktəbləri ilə əlaqələr də uğurla inkişaf edir. Bakıda fəaliyyət göstərən Azərbaycan–Fransız Universiteti bunun sübutudur. Azərbaycan–Fransa münasibətlərinin yeni mərhələsi həm də diplomatik balansın bərpası ilə xarakterizə olunur. Paris son dövrlər başa düşür ki, regionda davamlı sülh və sabitlik yalnız Azərbaycanla əməkdaşlıq yolu ilə təmin oluna bilər. Azərbaycanın sülh təşəbbüsləri, postmünaqişə dövründə regionda infrastruktur bərpası, nəqliyyat dəhlizlərinin açılması kimi məsələlərdə göstərdiyi konstruktiv mövqe Fransa tərəfinin diqqətini çəkir. Bu, gələcəkdə siyasi münasibətlərin normallaşması və qarşılıqlı etimad mühitinin bərpası üçün yeni imkanlar yaradır. İndi Azərbaycan–Fransa münasibətlərində yeni mərhələ qarşılıqlı maraqların, rasional siyasətin və iqtisadi reallıqların əsasında formalaşır. Bu mərhələnin əsas məqsədi qarşılıqlı etimadı bərpa etmək, əməkdaşlığın mədəni, enerji və innovasiya sahələrində dərinləşdirilməsidir. Fransa üçün Azərbaycan regionda sabitliyin və enerji təhlükəsizliyinin açarıdır, Azərbaycan üçün isə Fransa Avropa İttifaqı ilə münasibətlərdə vacib tərəfdaşdır. Yeni mərhələdə bu reallıqların düzgün qiymətləndirilməsi, qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri iki ölkənin əlaqələrinin gələcək inkişafının əsasını təşkil edəcək.

Samirə SƏFƏROVA

Seçilən
78
baki-xeber.com

1Mənbələr