Budapeşt, 17 oktyabr, AZƏRTAC
Macarıstan tərəfinin təşəbbüsü ilə Macarıstanın Baş naziri Viktor Orban ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
AZƏRTAC xəbər verir ki, söhbət zamanı V.Orban Budapeştdə mümkün Rusiya–ABŞ sammitinin təşkili üçün zəruri şərait yaratmağa hazır olduğunu bildirib.
Öz növbəsində V.Putin macar baş nazirini ABŞ Prezidenti Donald Tramp ilə keçirdiyi telefon danışığının əsas məzmunu barədə məlumatlandırıb. Tərəflər Ukrayna böhranının sülh yolu ilə həlli perspektivlərinə xüsusi diqqət yetiriblər. Rusiya lideri qeyd edib ki, ABŞ nümayəndələri ilə ortaq addımların mümkün mexanizmini, o cümlədən Macarıstan paytaxtında ali səviyyəli görüşün təşkilinin müzakirəsi planlaşdırılır.
Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto bu mövzulara bənzər məsələləri Rusiya xarici işlər naziri Sergey Lavrov və Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov ilə telefon danışıqları zamanı müzakirə edib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt