AZ

Dövlət müstəqilliyimizin bərpası günündə daha bir qələbə

5 il öncə Azərbaycan əsgəri qədim Xudafərini "əsirlik"dən azad etmişdir

18 oktyabr 2020-ci il! Azərbaycan tarixinin şanlı günlərindən biri. Beş ilə əvvəl  Prezident İlham Əliyev xalqımıza daha bir qələbə müjdəsi verdi: "Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" 

Tarix yazan, tarix yaradan böyük sərkərdə bununla ordusunun  27 il erməni tapdağı altında əzab çəkən, inildəyən Xudafərin kəndini və tarixi Xudafərin körpüsünün məhz oktyabrın 18-də - Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günündə azad olunduğu müjdəsini vermiş oldu. Xudafərin körpüsünün üzərində 27 ildən sonra yenidən Azərbaycan Respublikasının bayrağı ucaldıldı. Həmin gün xalqımız bir gündə iki bayramın sevincini yaşadı. Prezident İlham Əliyev ordumuzun Xudafərin zəfəri barədə demişdir: "Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünə çıxdı və Xudafərin körpüsü üzərində Azərbaycan bayrağını qaldırdı. Xudafərin körpüsü Azərbaycan xalqının milli sərvətidir, Azərbaycan xalqının istedadının sübutudur. Biz Azərbaycan xalqına məxsus olan bu möhtəşəm memarlıq əsəri ilə haqlı olaraq fəxr edirik".

Ermənilər 30 ilə yaxın işğal dövründə Xudafərin kəndini darmadağın etmiş, xarabalığa çevirmiş, evləri, inzibati binaları və bütün tikililəri söküb dağıtmışlar. Xudafərin körpüsünün və Xudafərin kəndinin işğaldan azad edilməsi Vətən müharibəsinin ən  əlamətdar hadisələrindən sayılır.  2020-ci il sentyabrın 27-də Zəfər yürüşünə başlayan Azərbaycan Ordusu həmin gün eyni zamanda Cəbrayılın Hacılı və Hacı İsaqlı kəndlərinin işğalına son qoymuşdur.

Azərbaycan memarlıq məktəbinin ən qədim nümunələrini özündə ehtiva edən  11 tağlı Xudafərin körpüsü İran-Azərbaycan sərhədində, Araz çayı üzərində yerləşən XI-XII əsrlərə aid tarixi abidədir. Tədqiqatçılar onun XIII yüz ildə, Elxanilərin (Hülakülər) hakimiyyəti illərində antik dövr körpüsünün qalıqları üzərində yenidən tikilməsini ehtimal edirlər. Körpünün uzunluğu 130 metrə yaxın, eni 6 metr, çay səviyyəsindən hündürlüyü 12 metrdir. Hazırda üç orta tağı salamatdır. Sahil tağları isə XX əsrin 30-cu illərində SSRİ-nin qərarı ilə dağıdılmışdır.

Xudafərin Azərbaycan memarlarının müstəsna mühəndislik bacarığının ən unikal nümunələrindən sayılır. Tədqiqatçıların bir çoxunun fikrincə, körpünün dayaqları çayın ortasında olan təbii sal daşlar üzərində qurulduğundan ona Xudafərin adı verilib. Bu körpünün Azərbaycanın Hindistandan başlayaraq, Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri ilə iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük rol oynadığı barədə fikirlər söylənilir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna ilk səfərləri zamanı Xudafərin körpüsünü ziyarət etmişlər. Həmin gün dövlətimizin başçısının söylədiyi fikirlər Xudafərin  körpüsünə verilən tarixi dəyərdir: "Bu gün, noyabrın 16-sı, mənim həyatımda xüsusi tarix olaraq qalacaq. Çünki bir neçə dəqiqədən sonra biz qədim memarlıq abidəmiz olan Xudafərin körpüsünə yaxınlaşacağıq. Bu dağlar artıq bizimdir, həmişə bizim olub. Ancaq 30 ilə yaxın düşmən bu torpaqlarda oturub, bizə meydan oxuyub. Vəhşi düşmən tərəfindən dağıdılmış evlərin hamısını bərpa edəcəyik".

Dövlətimizin başçısı və birinci xanım körpünü ziyarət etdikdən sonra  Prezident İlham Əliyev körpüdə Azərbaycanın dövlət bayrağını ucaltdı. Bu mənzərə xalqımız üçün təkcə hərbi qələbənin deyil, həm də milli qürurun, mənəvi zəfərin təntənəsi idi.

2021-ci il oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı dövlətimizin başçısı bir daha Xudafərin qəsəbəsinin və körpüsünün azad olunmasını xatırlayarq qeyd etmişdir: "Bu gün bu tarixə toxunarkən, sadəcə olaraq, öz mövqeyimi, öz fikirlərimi sizinlə və Azərbaycan xalqı ilə bölüşmək istəyirəm. Sabah digər tarixi gün qeyd olunacaq - Xudafərin qəsəbəsinin azad olunması. Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünə çıxdı və Xudafərin körpüsü üzərində Azərbaycan bayrağını qaldırdı. Xudafərin körpüsü Azərbaycan xalqının milli sərvətidir, Azərbaycan xalqının istedadının sübutudur. Biz Azərbaycan xalqına məxsus olan bu möhtəşəm memarlıq əsəri ilə haqlı olaraq fəxr edirik. Müharibə artıq tarixdə qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı, biz gələcəyə baxmalıyıq. Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq. Əminəm ki, bütün planlarımız, - bu günə qədər bəyan edilən bütün hədəflər necə təmin edilmişdisə, - növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də təmin ediləcək. Biz bu hədəflərə çatacağıq, ölkəmizi gücləndirəcəyik, ordumuzu yenə də gücləndirəcəyik və Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edəcəyik. Əlbəttə ki, 30 il ərzində əziyyət içində, o cümlədən mənəvi əzab içində yaşamış köçkünləri maksimum qısa müddət ərzində öz doğma torpaqlarına qaytaracağıq. Bir daha sizi təbrik edirəm və yeni uğurlar, cansağlığı arzu edirəm".

Bu gün qürurla deyə bilərik ki, Cəbrayıl rayonu Qarabağın digər azad olunmuş əraziləri kimi tikinti və dirçəliş meydanına çevrilib. Böyük qayıdış proqramı çərçivəsində Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı kimi kəndlərdə sürətlə fərdi evlər tikilir, infrastruktur bərpa olunur. Müasir üslubda salınan Cəbrayıl şəhəri isə çox çəkməyəcək, gözəlliyi və şəraiti ilə hər kəsi heyran edəcək.

Bu gün - Xudafərin körpüsünün "əsirlik"dən qurtulmasının beşinci ildönümündə vətən uğrunda canını qurban verən, sağlamlığını itirən, qəhrəmanlıq göstərən igid oğullarımız dərin ehtiramla anılır. Bizə bu qüruru, xoşbəxtliyi yaşadan Azərbaycan Ordusuna minnətdarlığımız sonsuzdur. İllər, əsrlər keçəcək, amma 18 oktyabr - Xudafərin zəfəri xalqımızın yaddaşından silinməyəcək, tariximizin ən şərəfli səhifələrindən biri kimi qürur və iftixarla xatırlanacaq.

Elşən QƏNİYEV,

"Azərbaycan" 

Seçilən
82
azerbaijan-news.az

1Mənbələr