AZ

Regional güc olan Azərbaycana qlobal aləmdə etimad göstərilir

Prezident İlham Əliyev bu gün ölkəmizi qlobal məsələlərin həllində əsas iştirakçılardan birinə çevirib

"Prezident İlham Əliyevin dillər əzbəri olan bir ifadəsi var. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan dünya miqyasında elə də böyük dövlət deyil, lakin sözünün mənası və çəkisi böyükdür". 

Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Elman Nəsirov deyib. O vurğulayıb ki, Azərbaycanın dünya miqyasında sözünün məna və çəkisinin böyüklüyünün səbəbkarı Prezident İlham Əliyevin misilsiz fəaliyyəti, dövlətçiliyin və milli maraqların müdafiəsi sahəsindəki fədakarlığıdır. Xalqın gözü tərəzidir. Xalq bilir ki, tarix yazan və adını tarixə yazdırmış Prezident İlham Əliyev bu gün Azərbaycanı qlobal məsələlərin həllində əsas iştirakçılardan birinə çevirib. Azərbaycan regional gücdür və Cənubi Qafqazın əsas söz sahibidir, qlobal aləmdə onun səsi eşidilməkdədir. 

Prezident İlham Əliyevə dünyada çox böyük etimad və hörmət olduğunu qeyd edən deputat bildirib ki, dövlətimizin başçısının oktyabrın birinci yarısında səfərlərinin coğrafiyasına və həll olunan məsələlərin miqyasına baxdıqda dediklərimiz bir daha təsdiqini tapır: "Ölkəmizin rəhbəri Avropa Siyasi Birliyinin Kopenhagen sammitində iştirak etdi və bu tədbir çərçivəsində Ermənistan Baş naziri ilə mühüm görüş keçirdi. Sülh və təhlükəsizlik məsələləri ilə bağlı cənab Prezident çox ciddi mesajlar səsləndirdi. Daha sonra Azərbaycan Türk Dövlətləri Təşkilatının Qəbələdə Zirvə görüşünə evsahibliyi etdi. Burada türk dünyasının gələcək inkişaf perspektivləri ilə bağlı əhəmiyyətli razılaşmalar əldə edildi. Xüsusilə Prezident İlham Əliyevin "TDT sadəcə bir əməkdaşlıq  platforması deyil, dünyanın əsas geosiyasi mərkəzlərindən birinə çevrilməkdədir" ifadəsi dediklərimizi bir daha təsdiqləyir. Bu prosesin lokomotivi kimi Azərbaycan dövləti çıxış edir".

E.Nəsirov Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclasındakı iştirakını xatırladaraq, tədbirin mühüm əhəmiyyətə malik olduğunu söyləyib. Bu iclas çərçivəsində Rusiya Prezidenti ilə aparılan danışıqlarla iki dövlət arasında anlaşılmazlıq mühitinin aradan qaldırılması istiqamətində həlledici addımlar atıldı. Rusiya tərəfi məlum təyyarə qəzası ilə bağlı bir daha üzrxahlıq ifadə etdi və Azərbaycana kompensasiya ödəyəcəyini bildirdi, cinayətkarların cəzalandırılacağını bəyan etdi. Bunlar ölkəmiz üçün olduqca əhəmiyyətli məsələlər idi. Rusiya ilə mövcud problemlərin həlli istiqamətində real addımlar atıldı. "Prezident İlham Əliyev dünyanın ən ağır və mürəkkəb problemlərindən biri olan Fələstin-İsrail münaqişəsinin həlli prosesi ilə bağlı çox mühüm tədbir olan Yaxın Şərq Sülh Sammitinə dəvət aldı. Prezident Donald Tramp Azərbaycan Prezidentinə xitabən söylədi ki, siz dünyanın ən güclü liderlərindən birisiz. Və qeyd etdi ki, Azərbaycan Prezidenti ilə ancaq dost olmaq lazımdır. Nəzərə alsaq ki, 20 dövlət başçısı bu tədbirə qatılmışdı və Azərbaycan Prezidentinin bu sammitə xüsusi olaraq dəvət olunması ölkəmizə, dövlətimizin rəhbərinə olan böyük etimadın, hörmətin ifadəsi, müdrik idarəçilik qabiliyyətinə verilən yüksək qiymət, mahir diplomat olaraq potensialına və onu reallaşdırma üslubuna verilən dəyər idi. Bütün bu hadisələr göstərir ki, Azərbaycan həqiqətən dünyada çox böyük nüfuza malikdir", - deyə deputat əlavə edib.

Ə.QARDAŞXANOVA, 

"Azərbaycan"

Seçilən
30
azerbaijan-news.az

1Mənbələr