AZ

Əbədi və sarsılmaz müstəqillik

Azərbaycan xalqı düz beş ildir ki, 18 Oktyabr Müstəqilliyin Bərpası Gününü Şanlı Vətən müharibəsində qazandığı parlaq Qarabağ zəfərinin tükənməz qürur hissi ilə qeyd edir. Çünki 1991-ci ildə müstəqilliyimizin bərpası zamanı milli maraqlarımızın təmini ilə bağlı qarşıda duran taleyüklü məsələlərin hamısı Prezident İlham Əliyevin qətiyyətli siyasəti sayəsində həll edilib. 

Bu gün biz bütöv Azərbaycanın qalib vətəndaşları olaraq 18 Oktyabr Müstəqilliyin Bərpası Gününün 34-cü ildönümünü  suveren dövlətimizin ən qüdrətli çağında qeyd etməyin fəxarətini yaşayırıq. Sərhədlərimizdə bayrağımız dalğalanır, Konstitusiyamız bütün ərazilərimizdə qüvvədədir. Onilliklər boyu həsrəti ilə yaşadığımız Qarabağ və Şərqi Zəngəzurdan indi doğma hənir gəlir. 

Qurtuluş yolu 

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. 15 oktyabr 2021-ci ildə Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə "Müstəqillik Günü haqqında" yeni qanunu təsdiqləyib. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olunub.

34 il əvvəl müstəqilliyini yenidən elan etsə də, reallıqdır ki, Azərbaycan həmin dövrdə dərin böhran içərisində idi. Təcavüzkar Ermənistan müxtəlif xarici güc dairələrindən aldığı siyasi və hərbi dəstək sayəsində torpaqlarımızın  işğalına başlamışdı. Bir siyasi quruluşdan digərinə yenicə keçid edən, siyasi təlatümlərlə çalxalanan Azərbaycan uçurumun bir addımlığında idi. Ta ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdana və ölkəmizi qurtuluş yoluna çıxarana, Azərbaycanın müstəqilliyini  əbədi və dönməz edənə qədər. 

"Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərkən məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm", - deyə Ulu Öndər Heydər Əliyev çıxdığı  çətin və şərəfli yolda üzərinə götürdüyü məsuliyyətli işi layiqincə yerinə yetirəcəyini əminliklə xalqına vəd etmişdi. 

Qısa müddətdə ölkədə daxili sabitlik yaradan və Ermənistanla atəşkəs razılaşması əldə edən Ulu Öndər Heydər Əliyev dünyaya Azərbaycanın cəlbedici investor məkanı olması fikrini qəbul etdirdi. Dahi şəxsiyyət ölkə iqtisadiyyatının ən böhranlı çağlarında müstəsna şəxsi səyləri sayəsində "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu. Bununla Azərbaycan, sözün əsl mənasında, işıqlı günlərə çıxdı və 1994-cü ildə bu müqavilə ilə əsası qoyulan uğurlu iqtisadi diplomatiya bu sahədə əldə etdiyimiz nailiyyətlərin təməlini təşkil etdi. 

Ümummilli Lider Heydər Əliyev torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində mühüm diplomatiya həyata keçirdi. Qarabağ probleminin beynəlxalq gündəlikdən düşməsinə imkan vermədi, bu məsələni bütün tribunalardan dünyanın diqqətinə çatdırdı, münaqişənin ədalətli həlli üçün çağırışlar etdi. 

Milli maraqlar qətiyyətlə təmin olundu 

2003-cü ildə xalqın yekdil qərarı ilə prezident seçilən İlham Əliyev Azərbaycanı hərtərəfli inkişaf mərhələsinə yüksəldərək, bugünkü güclü, qüdrətli, nüfuzlu zirvəyə yetirdi. Təbii ki, ölkəmizin rəhbərinin gündəliyindəki birnömrəli məsələ işğal altındakı torpaqlarımızın azadlığı,  ərazi bütövlüyümüzün  və suverenliyimizin tam təmini idi. Elə bu istiqamətdə həyata keçirilən düşünülmüş siyasətin sayəsində də Azərbaycan möhtəşəm qələbələr silsiləsinə imza atdı. Prezident İlham Əliyevin qətiyyətli siyasəti xalqımızı milli hədəfinə, Qarabağ Zəfərinə çatdırdı. Vətən müharibəsində "dəmir yumruğ"u ilə düşməni məhv edən müzəffər lider 30 illik işğala nöqtə qoydu. Qarabağ və Şərqi Zəngəzurdan didərgin salınan yüz minlərlə vətəndaşımızı məcburi köçkünlükdən qurtardı. İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra işğaldan azad edilən yurdlarımızda genişmiqyaslı tikinti-quruculuq işlərinə start verildi. 2022-ci ildə Zəngilanın "ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə həyata keçirilən köçün timsalında Böyük qayıdış başladı. Bu gün Qarabağ və Şərqi Zəngəzurda on minlərlə insan yaşayır, işləyir, təhsil alır. 

İkinci Qarabağ müharibəsində əldə olunan qələbənin davamı olaraq Qarabağda kök salmış separatizm də məhv edildi, Xankəndidə bayrağımız dalğalandırılmaqla ölkəmizin suverenliyi tam təmin olundu.

Ən böyük arzusu torpaqlarımızın azadlığı olan Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyində və özünün prezidentlik fəaliyyətinə başlamasının 20 illiyinin tamam olduğu 2023-cü ilin 15 oktyabr tarixində cənab İlham Əliyevin Xankəndi şəhərində dövlət bayrağını ucaltmasının rəmzi mənası var idi. Həmin günkü çıxışında, "Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan bayrağı qaldırıldı... 

...Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və Qurani-Kərimə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi", - deyən Azərbaycan lideri  ötən zaman dilimində xalqımız adına qazanılan tarixi zəfərləri qürurla bəyan etdi. 

Ən böyük dəyərimiz

Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasət sayəsində Azərbaycan  Birləşmiş Millətlər Təşkilatının qətnamələrini hərb yolu ilə özü yerinə yetirərək beynəlxalq hüququ təmin etdi. Bakının liderliyi ilə aparılan normallaşma prosesi bölgədə de-fakto sülh üçün şərait yaratdı. Bu il  avqustun 8-də Ağ Evdə, Vaşinqtonda ABŞ lideri Donald Trampın iştirakı ilə Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətninin paraflanması ilə üç onillik boyu Cənubi Qafqazda var olan münaqişəyə, qan-qadaya birdəfəlik son qoyulub. İndi bu bölgə geniş coğrafiya üçün əhəmiyyət daşıyan əməkdaşlıq ünvanı kimi dünyada adından söz etdirir.  Bütün bunlar regionun lider dövləti Azərbaycanın yaratdığı və özündə sülhü ehtiva edən yeni reallıqlardır. 

Bu gün qlobal miqyaslı məsələlərin həllində ölkəmizin oynadığı aktiv rol ön plana çıxır, Azərbaycanın ortaya qoyduğu sülh modeli dünyada rəğbətlə qarşılanır. 

Prezident İlham Əliyevin təkcə son 20 günlük müddət ərzində müxtəlif coğrafiyalarda və fərqli formatlarda keçirilən beş nüfuzlu beynəlxalq sammitdə -  Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə, Kopenhagendə keçirilən "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında, Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etməsi də ölkəmizin rəhbərinin hərtərəfli siyasətindən xəbər verir.

Göründüyü kimi, Azərbaycan ötən iki onillik müddətdə həm ölkə, həm də dünya miqyaslı əhəmiyyətli uğurlar əldə edib. Qarabağın xilaskarı İlham Əliyevin əzmi və qətiyyəti sayəsində qazanılan bütün bu tarixi zəfərlər isə Azərbaycanın müstəqilliyinin əbədi olduğunu bir daha dünyaya nümayiş etdirir. Müstəqillik isə xalqımızın ən böyük dəyəri, sərvətidir. 

Necə ki bu barədə Prezident İlham Əliyev deyib: "Müstəqilliyimiz bizim ən böyük dəyərimizdir, ən böyük sərvətimizdir. Biz müstəqilliyi qoruyuruq və qoruyacağıq".

Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Seçilən
66
azerbaijan-news.az

1Mənbələr