AZ

İlham Əliyev: Gələn il I Türkoloji Qurultayın 100 illiyi qeyd olunacaq

BAKI, 18 oktyabr. TELEQRAF

“Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan və Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində və siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün səmərəli platforma rolunu oynayır”.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın Kazinform Agentliyinə müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, 2009-cu ildə Naxçıvanda yaradılmış Türk Dövlətləri Təşkilatı türk xalqları və ölkələri arasında əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfələr verib:

“Ötən il təşkilatın ilk qeyri-rəsmi sammiti Şuşada, bu yaxınlarda isə Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Toplantısı təşkil olunub. Bu yüksək səviyyəli görüşlərdə ölkələrimiz arasında təşkilat çərçivəsində əməkdaşlığın əsas məsələləri müzakirə edilib, Türk Dövlətləri Təşkilatının güclənməsinə, türk dünyasının sıx əməkdaşlığına, siyasi, iqtisadi və hərbi qüdrətinin artmasına, qlobal arenada güc mərkəzinə çevrilməsinə töhfə verən bəyannamələr imzalanıb.

Ölkələrimiz arasında mədəni, humanitar və təhsil sahələrində əməkdaşlıq sistemli və mütərəqqi xarakter daşıyır. Birgə təşəbbüslər festivalların, sərgilərin, ədəbi gecələrin və konfransların təşkilindən tutmuş elm və təhsil müəssisələri arasında fəal əməkdaşlığa qədər geniş sahələri əhatə edir.

Türk Dövlətləri Təşkilatı çərçivəsində Beynəlxalq Türk Akademiyası uğurla fəaliyyət göstərir. Tədqiqat işlərinin aparılmasında, elm və təhsil əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayır.

Bundan əlavə, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Dövlətlərinin Parlament Assambleyası və digər beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirik. Bütün bunlar Azərbaycan ilə Qazaxıstan arasında etimadın yüksək səviyyədə olduğunu bir daha sübut edir.

1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayın tarixi əhəmiyyətini xüsusi qeyd etmək istərdim. Bu hadisə türk elminin, mədəniyyətinin, birliyinin inkişafında mühüm addım idi. Gələn il bu əlamətdar forumun 100 illiyi qeyd olunacaq. Ona görə də Türk Dövlətləri Təşkilatı çərçivəsində I Türkoloji Qurultayın ildönümünün təntənəli şəkildə qeyd olunması nəzərdə tutulur”.

Seçilən
25
2
teleqraf.com

3Mənbələr