AZ

Məlahət İbrahimqızının Ramiz Mehdiyevə qarşı canfəşanlığı: "unutqanlığın" səbəbi nədir?

Məlahət İbrahimqızının Ramiz Mehdiyevə qarşı canfəşanlığı: "unutqanlığın" səbəbi nədir?

Deputat Məlahət İbrahimqızı dünən Milli Məclisdə etdiyi çıxışla gündəmdədir. Barəsində CM-in 274-cü maddəsi - dövlətə xəyanət, 278-ci maddəsi - hakimiyyəti zorla ələ keçirmə və 193-1-ci maddəsi - cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması kimi ağır ittihamlarla cinayət işi açılan və ev dustaqlığı həbs qətimkan tədbiri seçilən Ramiz Mehdiyev haqda xanım deputat çox sərt danışıb.

“Şübhəsiz ki, kimliyindən və tutduğu mövqedən asılı olmayaraq, dövlətçiliyimizə, dövlət başçısına xəyanət edən hər kəs, eləcə də Ramiz Mehdiyev və onun silahdaşları qanun qarşısında cavab verəcək” - deyə M.İbrahimqızı qeyd edib.

“Dövlət çevrilişinə cəhd edən, hakimiyyəti zorla ələ keçirmək istəyən bu cinayətkar qüvvələr öz çirkli əməlləri ilə həm də Dövlətimizin Qurucusu, bütün həyatını Azərbaycan xalqının rifahına və dövlət müstəqilliyimizin sarsılmazlığına xidmət etmiş Heydər Əliyevə, Azərbaycan Xalqını dünyada Qalib Xalq kimi tanıdan və beynəlxalq aləmdə dövlətimizə böyük imic qazandıran İlham Əliyevə və azadlığımız, müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçmiş əziz şəhidlərimizin ruhuna qarşı xəyanətdir” - deyə xanım deputat MM-də səsləndirib.

Maraqlıdır ki, parlamentdəki deputatların içində R.Mehdiyevə qarşı kəskin mövqeyilə seçilən məhz M.İbrahimqızı olub. Halbuki vaxtilə onun özü “Boz kardinal”ın ən yaxın adamlarından biri hesab edilirdi. Hətta onun Əfv Məsələləri Komissiyasına gəlişinə səbəb R.Mehdiyevlə bağlılığının olması da sirr deyil. Bu barədə AFN.az-a xatırlatma edən mənbə də onların münasibətlərinə şəxsən şahidlik etdiyini bildirir: “Məlahət İbrahimqızının ‘Xalqlar Dostluğu’ metrosunun yaxınlığında evi var, orda yaşayırdı 2000-ci illərin əvvəllərində. Ramiz Mehdiyevi onun həmin evinə gəlib-gedən də görmüşdüm, ailəvi münasibətləri vardı”.

2019-cu ildə R.Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən alınandan təxminən 1 il sonra, 2020-ci ilin sentyabrında onun Əfv Məsələləri Komissiyasının sədri kimi fəaliyyətinə də xitam verilib. Maraqlıdır ki, həmin vaxt komissiyanın bir sıra üzvləri də qurumdakı vəzifələrini itiriblər, onlardan biri də məhz Məlahət İbrahimqızıdır. Sual olunur: əgər sizin R.Mehdiyevlə siyasi bağlılığınız yox idisə, niyə komissiyadan eyni vaxtda xaric edildiniz?

Məlumat üçün xatırladaq ki, ondan başqa keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev, Milli Məclisin Elm və təhsil komitəsinin sabiq sədri Bəxtiyar Əliyev, Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sabiq sədri Səttar Möhbalıyev, Milli Məclisin sabiq deputatı, Azərbaycanın Ukraynadakı sabiq səfiri Elmira Axundova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Azərbaycan Respublikasının əməkdar müəllimi Cəmilə Ramazanova da R.Mehdiyevlə bərabər, Əfv Məsələləri Komissiyası üzvlüyündən çıxarılıblar.

M.İbrahimqızı indi nə qədər R.Mehdiyevlə əlaqələrini dansa da, onun vaxtilə “Boz kardinal” haqda səsləndirdiyi mədhiyyələr internet resurslarında qalmaqdadır. Məsələn, 2015-ci ildə R.Mehdiyevin ad günündə saytlara verdiyi açıqlamada deyir: “Ramiz müəllimi doğum günü münasibəti ilə təbrik edirəm. Ona can sağlığı, uzun ömür və Azərbaycan dövlətçiliyinin inkişafında yeni-yeni uğurlar arzulayıram. Bu bir reallıqdır ki, Ramiz müəllim Azərbaycanın müstəqilliyinin ilk illərindən yüksək dövlət vəzifəsində çalışır və Prezident Administrasiyasına rəhbərlik edir. Azərbaycanın çağdaş dövlətçiliyinin inkişafında və möhkməndiriliməsində onun yüksək xidmətləri var. Bu xidmətləri, Ulu Öndərimiz Heydər Əliyev və prezident İlham Əliyev də çox yüksək qiymətləndirib. Hörmətli Ramiz müəllim 75 illiyində möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən ‘İstiqlal’ ordeni ilə təltif olunub. O, Azərbaycanın ən ali mükafatlarına layiq görülüb. Hələ sovet dövründən onun dövlət idarəçiliyi ilə bağlı çox yüksək təcrübəsi var. Hazırda bu vəzifəni şərəflə daşıyır”.

Düzdür, R.Mehdiyevin əməlləri özünə məxsusdur, cəzasını özü çəkəcək, lakin bəzi insanlar dünən yüksək hörmət nümayiş etdirdikləri insanlara bu gün arxa çevirməklə, əslində özlərinin iç üzlərini ortaya qoymuş olurlar. Göstərirlər ki, onlara etibar etmək olmaz. Dövlət və dövlətçilik vəfasızları sevmir...

AFN.az-ın Araşdırma qrupu

Seçilən
31
afn.az

1Mənbələr