Bakıda amputant futbolu üzrə Millətlər Liqasının C qrupunda növbəti oyunlar baş tutub.
90deqiqe.Az-ın məlumatına görə, günün nəticələrinə əsasən, Ukrayna millisi qrupda liderliyə yüksəlib.
Ukrayna yığması əvvəlcə Niderlandı 2:1, daha sonra Belçikanı 4:0 hesabı ilə məğlub edib. Niderland millisi isə İsraillə qolsuz bərabərə qalıb – 0:0. Günün əvvəlində keçirilən Azərbaycan – İsrail qarşılaşması da qolsuz heç-heçə ilə yekunlaşıb.
Bu nəticələrdən sonra Ukrayna 6 xalla turnir cədvəlinə başçılıq edir. İsrail 5 xalla ikinci, Niderland və Azərbaycan 4 xalla müvafiq olaraq üçüncü və dördüncü pillələrdə qərarlaşıblar. Hələ xal qazana bilməyən Belçika isə sonuncu – 5-ci yerdədir.
Bombardirlər siyahısında Azərbaycanın futbolçusu Fərhad Əyyubov, Niderlanddan Rikardo Yas və Leroy Pelzer, eləcə də Ukrayna yığmasından Dmitri Şkexelski 2 qolla fərqləniblər.
Qeyd edək ki, Millətlər Liqasının oyunları “Bayıl Arena”da keçirilir. Qrupun son qarşılaşmaları və mükafatlandırma mərasimi oktyabrın 19-da baş tutacaq.