AZ

Rusiyada dəhşətli partlayış: Ölənlər var

Rusiya Federasiyasına daxil olan Başqırdıstan Respublikasının Prezidenti Radiy Həbirov ötən gün bölgənin Sterlitamak şəhərində yerləşən “Avanqard” fabrikində baş verən partlayış nəticəsində 3 nəfərin həyatını itirdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Radiy Həbirov hadisə ilə bağlı Telegram kanalında verdiyi açıqlamada bildirib ki, partlayış nəticəsində fabrikə məxsus bir bina tamamilə dağılıb:

"Təəssüf ki, 3 nəfər həlak olub. Onların hamısı qadındır. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm."

Həbirov əlavə edib ki, partlayış zamanı 8 nəfər xəsarət alıb, onlardan 5-i hazırda xəstəxanada müalicə olunur.

Fabrikin fəaliyyət sahəsinə toxunan Prezident qeyd edib ki, müəssisədə partlayıcı maddələr istehsal olunur. Bununla belə, partlayışın pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində baş vermədiyini vurğulayıb:

“Partlayışın səbəbi araşdırılır. Bu, PUA hücumu deyildi.”

Hadisə ilə bağlı araşdırma davam etdirilir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
29
turkustan.az

1Mənbələr