Siyasi tarixinin dəyərlərinə və siyasi irsə dərin ehtiram
Prezident İlham Əliyev Azərbaycanın siyasi tarixinin dəyərlərinə, ənənələrə, siyasi irsə dərin ehtiram göstərən dövlət adamıdır. O, müstəqillik tariximizdə dövlətin və xalqın maraqları uğrunda cəsarətlə mübarizə aparan ictimai-siyasi xadimlərin, nüfuzlu şəxsiyyətlərin, habelə ağır, mürəkkəb bir dovrdə Azərbaycanın dövlət müstəqilliyinin bərpası və sonrakı mərhələdə ölkənin inkişafının təmin edilməsində misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin komandasında təmsil olunmuş şəxslərə də həmişə hörmətlə yanaşıb.
İlham Əliyev Ulu Öndərin komandasının üzvlərinin böyük bir qismi ilə siyasi hakimiyyətini davam etdirib, onların uzun illər iqtidarda təmsil olunmasına şərait yaradıb. Zamanı çatanda isə bu şəxslər yüksək dövlət təltifləri ilə mükafatlandırılaraq, hörmətlə təqaüdə yola salınıblar. Məsələn, sabiq baş nazir Artur Rasizadə “İstiqlal”, “Şöhrət”, “Şərəf” ordenləri ilə təltif olunub. O, təqaüddə olduğu dövrdə belə İlham Əliyev Artur Rasizadəni, onun xidmətlərini unutmayıb, Azərbaycan dövlətinə sadiqliyini dövlətin ən ali ordeni ilə qiymətləndirib. Bu il Prezident Əliyev təqaüddə olan Artur Rasizadəyə "Heydər Əliyev" ordenini şəxsən özü təqdim edib, sabiq baş naziri Ulu Öndərin və özünün sadiq dostu kimi yüksək dəyərləndirib. Eynilə, baş nazirin müavinləri Elçin Əfəndiyev, Abid Şərifov, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və digər məmurlar da diqqətdən kənarda qalmayıblar, dövlətin ali mükafatları ilə təltif edilərək, təqaüdə yola salınıblar.
Qüsur, xəta bağışlanır, nankorluq və xəyanət yox!
Düzdür, məsul vəzifə daşıyan bu və digər şəxslərin müəyyən qüsurları, səhvləri, xətaları da olub ki, bu, hər bir işdə var. Əgər dövlətə təhlükə yaratmırsa, cəmiyyətin mənafelərini tapdalamırsa, onları bağışlamaq, üzərindən keçmək, güzəşt etmək olar və bəzi məqamlarda dövlət başçısı bunu da edib. Prezident İlham Əliyev üçün əsas prinsip dövlətə, dövlətçiliyə sədaqətlə xidmət, siyasi irsə hörmət olub.