AZ

“Mehriban Əliyevanın Vatikana səfəri Azərbaycanın humanitar diplomatiya strategiyasının uğurlu davamı kimi dəyərləndirilməlidir” - RƏY

“Bu gün dünyada müşahidə olunan geosiyasi gərginliklər, dini və etnik zəmində baş qaldıran qarşıdurmalar, eləcə də bəşəri dəyərlərin ciddi təhdidlərə məruz qaldığı bir şəraitdə Azərbaycanın nümayiş etdirdiyi humanist mövqe və multikultural diplomatiya modeli beynəlxalq ictimaiyyət tərəfindən artan maraqla, rəğbətlə qarşılanır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Vatikan şəhərinə rəsmi səfəri bu kontekstdə xüsusilə əhəmiyyətlidir. Səfər yalnız Azərbaycan–Vatikan ikitərəfli münasibətlərinin inkişafı baxımından deyil, eyni zamanda dövlətimizin prioritet istiqamətlərindən biri olan mədəniyyətlərarası dialoq, dini tolerantlıq və humanitar əməkdaşlıq prinsiplərinin konkret təzahürü kimi dəyərləndirilməlidir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Ermənistan

“Mehriban xanım Əliyevanın bu səfəri həm protokol nöqteyi-nəzərindən yüksək səviyyəli diplomatik hadisə, həm də məzmun baxımından Azərbaycanın beynəlxalq humanitar siyasətinin sistemli və ardıcıl davamı kimi çıxış edir. Azərbaycan və Vatikan arasında uzun illərdir, formalaşmış mədəni və mənəvi əməkdaşlıq bu səfər nəticəsində daha da möhkəmlənib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda bir sıra katakombaların bərpası, qədim dini irsin qorunması və təbliği istiqamətində həyata keçirilmiş layihələr yalnız dini abidələrin restavrasiyası istiqamətində deyil, həm də sivilizasiyalar arasında mədəni körpülərin qurulması kontekstində strateji əhəmiyyətə malikdir. Azərbaycan belə təşəbbüslərlə bütün dünyaya nümayiş etdirir ki, mədəni diplomatiya yalnız sərt gücə alternativ deyil, eləcə də sülhün, qarşılıqlı hörmətin və ümumbəşəri dəyərlərin möhkəmlənməsinə xidmət edən təsirli alətdir. Azərbaycan xalqının əsrlər boyu formalaşmış tolerantlıq ənənəsi bu gün dövlət siyasətinin fundamental dayaqlarından biri kimi çıxış edir. Ölkəmizdə İslam dini ilə yanaşı, xristian və yəhudi dini icmalarının da sərbəst və təhlükəsiz şəkildə fəaliyyət göstərməsi, müxtəlif konfessiyalara dövlət tərəfindən göstərilən diqqət və qayğı həm daxili sabitliyin qorunmasına, həm də Azərbaycanın beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verir. Mehriban xanım Əliyevanın Vatikan səfəri çərçivəsində keçirilmiş görüşlər zamanı məhz bu modelin təqdim edilməsi Azərbaycanın dinlərarası həmrəylik və qarşılıqlı anlaşma sahəsində əldə etdiyi təcrübənin beynəlxalq miqyasda paylaşılması nöqteyi-nəzərindən mühüm hadisədir. İstisnasız olaraq qeyd edilməlidir ki, bu cür yüksək səviyyəli diplomatik təmaslar Azərbaycanın yumşaq güc potensialını daha da gücləndirməklə yanaşı, onun beynəlxalq sistem çərçivəsində təsir imkanlarını genişləndirir. Beləliklə də, səfəri xristian dünyası ilə əlaqələrin dərinləşdirilməsi, ölkəmizə qarşı yönəlmiş əsassız yanaşmaların neytrallaşdırılması və dövlətimizin sülhpərvər mövqeyinin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılması baxımından xüsusi önəm kəsb edir. Səfər bir daha təsdiq etdi ki, Azərbaycan qarşıdurmaların, münaqişələrin və geosiyasi qütbləşmənin dərinləşdiyi çağdaş dövrdə ümumbəşəri dəyərlərə əsaslanan, dialoq və qarşılıqlı anlaşmanı təşviq edən məsuliyyətli və ardıcıl siyasət həyata keçirir. Bu siyasətin ideoloji əsasında isə ümummilli lider Heydər Əliyevin uzaqgörən dövlətçilik fəlsəfəsinə əsaslanan və Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilən milli maraqlarla qlobal məsuliyyətin vəhdəti dayanır. Səfər çərçivəsində aparılan danışıqlar, təqdim olunan ideyalar və verilmiş mühüm mesajlar Azərbaycanın regionda və dünyada dayanıqlı sülhə, dinlər və mədəniyyətlərarası harmoniyaya, humanitar əməkdaşlığa verdiyi ardıcıl töhfənin növbəti bariz nümunəsi oldu. Nəticə etibarilə, Mehriban xanım Əliyevanın Vatikan şəhərinə rəsmi səfəri Azərbaycanın beynəlxalq əlaqələr sistemində mühüm bir mərhələ olmaqla yanaşı, həm də dövlətimizin humanitar diplomatiya strategiyasının uğurlu davamı kimi dəyərləndirilməlidir. Müasir dünyada güc yalnız hərbi və iqtisadi resurslarla deyil, həm də dövlətin mədəniyyətə, tolerantlığa və humanitar dəyərlərə verdiyi töhfə ilə ölçülür. Beləliklə də, səfər Azərbaycanın sülh, qarşılıqlı anlaşma və əməkdaşlıq dəyərləri üzərində qurduğu diplomatik xəttin təcəssümü olmaqla yanaşı, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun aydın göstəricisidir", - politoloq bildirib

 

Aytəkin Qardaşova

Tarix: 19 Oktyabr 2025, 08:01   
Seçilən
53
pravda.az

1Mənbələr