AZ

Mahir Emreli haqda yeni şok faktlar! - bu yolun sonu uçurumdu, qardaş...

Mahir Emrelinin şərəfini qoruduğu “Kayzerslautern” dünən Almaniyanın 2-ci bundesliqasının 9-cu turu çərçivəsində “Karlsrue”nin qonağı oldu. “Qırmızı iblislər” qələbə qazanacağı təqdirdə mövsümün sonunda 1-ci bundesliqaya vəsiqə qazanan komandalar sırasında olmaq şansını bir qədər də artıracaqdı. Belə də oldu. Öz aramızdı, onların bu uğura nail olmaq şansı az deyil. Çünki Torsten Liberknextin çalışdırdığı futbolçular keyfiyyətinə və fərdi bacarığına görə xeyli rəqibindən seçilir.

Sözümünüz canı odu ki, “qırmızı iblislər”lə zarafat etmək olmaz. Hər halda, “Kayzerslautern” 1-ci bundesliqada top qovmaq xəyalı quran futbolçular üçün ideal seçimlərdən biridi. Belədə Mahirdən nə tələb edə bilərik? Cavab sadədi: start heyətində yer almaq, özünü yaxşı tərəfdən göstərmək və ən pis halda mövsümün sonunda əsas liqada çıxış edən klubların maraq dairəsinə düşmək, Bəs o nə işlə məşğuldu? Çörəyinə təpik atmaqla!

Dəstək şüarlarından ana söyüşünə...
“Futbol+”in səhifələri Mahirin karyerasını ilk pillələrindən bu günə qədər işıqlandırıb desək, yanılmarıq. Odu ki, oxucular Emrelinin hələ hansısa komandada sabit çıxışla yadda qala bilmədiyini, legioner həyatında şərəfini qoruduğu, demək olar ki, bütün komandalardaqalmaqalların mərkəzində yer aldığını yaxşı bilir. Bu üzdən onun digər ciddi səhvləri haqda danışmaq əvəzinə məhz “Kayzerslautern”dəki durumuna köklənmək lazımdı. Axı o, bu yaxınlarda, daha doğrusu, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Polşada Ukrayna ilə keçirilən oyundan sonra verdiyi açıqlamalarla gündəmi silkələdi:
“Kayzerslautern”in direktoru və idman direktoru mən ora qayıdandan sonra iclas keçirəcəklərinə söz verdilər. Məşqçilər korpusunun bəyənmədiyim hərəkətləri oldu. Sizdən xahiş edirəm ki, onların yazdıqlarına inanmayın, mənim kiminləsə aramda pis nəsə olub və ya başqa bir şey olub... Hamısı yalandı. Həyatımda ilk dəfədi ki, belə bir şey etməmişəm (gülür). Buna arxayın olun. Mən qayıdacam, görək nə deyəcəklər. Vaxtı gələndə Almaniyanın futbol mentallığına yaraşmayan hər şeyi sizə danışacam”.
Göründüyü kimi, Mahir “böyük beşlik” ölkəsinin nəinki futbolu, mediası haqda da xoşagəlməz fikirlər səsləndirib. Təbii ki, bu davranışın adı yalnız öz quyusunu qazmaq ola bilər. Onun bu iddianın altından “sağ” çıxıb-çıxmayacağı bəlli deyil. Hər halda, buna zaman aydınlıq gətirəcək.Almaniyada Emrelinin bu fikirləri səsləndirdiyindən xəbərdar olan şəxslər var. Sözsüz, hər şey əvvəl-axır baş məşqçinin, ən əsası, klub rəhbərliyinin qulağına çatacaq. Və təəssüf ki, məsələdən xəbərdar olan almaniyalı futbolsevərlər artıq Mahiri tənqid etməyə, hətta söyməyə başlayıb. Bəziləri isə həddi daha da aşaraq ana söyüşünə əl atıb. Halbuki bir neçə gün əvvələ qədər ona şans verilmədiyinə görə məşqçilər korpusundan narazılıq edən “n” qədər azarkeş var idi...

Güzgüyə bax və ya papağını qabağına qoy...
...düşün! O qədər düşün ki, harda səhv etdiyini anlayasan, Mahir! Bəli, əziz oxucu, sizə də elə gəlmir ki, Emrelinin uzun-uzadı düşünməyə ehtiyacı var? Axı o, “Nürnberq”də çıxış edəndə də eyni hadisələrə şahidlik etdik. Haqqında yazılan xoşagəlməz xəbərlər, komandadaxili nizam-intizamı pozduğu, baş məşqçisi Miroslav Kloze ilə münasibətlərinin korlandığı haqda iddialar və daha nələr-nələr... Bu dəfə məsələlər əndazəni aşıb, Mahir Almaniyanın futbol mentallığını hədəfə alıb.

Təsəvvür edirsizmi, hələ heç nəyə nail olmayan həmvətənimiz dörd dəfə dünya, üç dəfə Avropa çempionu olan bir ölkənin futbolunu bəyənmir, hansısa mental eybəcərliklərindən danışır.

Siz Allah, nəinki “Kayzerslautern”in onunla yola davam edəcəyini, hansısa Almaniya klubunun ona təklif göndərəcəyini düşünürsüzmü? Hələ onu demirik ki, Almaniya kimi ölkənin futbolu haqda belə iddialar səsləndirən oyunçuyla başqa ölkələrdən maraq olacaqmı?

Vaqif Heydərli “zaman göstərəcək” deyir...
Yuxarıdakı sualları özümüzün yox, təcrübəli menecerin cavablamasına üstünlük verdik. Vaqif Heydərlini dinləyək:
“Hər şeyi zaman göstərəcək. Çünki biz komanda daxilində hansı hadisələrin yaşandığından xəbərdar deyilik. Bu barədə nə baş məşqçi nəsə deyib, nə də futbolçu... O bəllidi ki, bu gün münasibətlər yaxşı deyil. Ancaq gələcəkdə fərqli ola, məşqçi və rəhbərlik dəyişikliyi baş verə bilər. Futbolda belə hadisələr dəfələrlə baş verib. Belə hallarda futbolçu ya icarəyə göndərilir, ya da onunla ortaq məxrəcə gələndən sonra müqaviləsinə xitam verilir. Hər halda, klub oynatmadığı oyunçuya məvacib ödəməkdə maraqlı olmur, futbolçu isə şans qazanmadığı komandada qalmaqda...”
Sonda “Kayzerslautern”in bu yay Mahirlə 3 illik müqavilə imzaladığını xatırladaq. Təsadüfi deyil ki, bəzi almaniyalı azarkeşlər onun klubdan təzminat qoparmaq üçün bu cür hadisələrlə gündəmə gəlməyə çalışdığını bildirir. Hər halda, biz həmvətənimizdən belə davranış gözləmirik və arzumuz problemlərin geridə qalması, Mahirin yenidən start heyətində görünərək qollar vurmasıdı. Lap elə bugündən...

KƏNAN BAHADIR
Seçilən
75
50
football-plus.az

10Mənbələr