“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, paytaxt təmsilçiləri arasında bu gün Masazırda keçirilmiş oyunda meydan sahibləri 3:0 hesablı qələbəyə seviniblər.
Rəşad Sadıqov səfər matçından sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Oyunu dəyərləndirmək çətindir. 0:3 hesabı ilə uduzmuşuq. “Hayduk”a qarşı Xorvatiyada əlavə vaxtda vurulan qolu saymasaq, altı ay idi ki, uduzmurduq. Sonuncu dəfə ötən mövsümün 29-cu turunda “Qarabağ”a uduzmuşduq. Nə vaxtsa, uduzacağımız aydın idi. Amma bu şəkildə məğlub olmağımızı istəməzdim. Çünki bizə yaraşan şəkildə məğlubiyyət olmadı. Oyunun qırılma nöqtəsi birinci hissənin son dəqiqələri idi. 3-4 dəqiqəyə iki qol buraxdıq. Səfərdə “Sabah” kimi komandaya qarşı bunu dəyişmək çətin olur. Cəhd etdik. İkinci hissədə daha yaxşı oyun keçirdik. Amma yenə də, texniki səhvdən sonra rəqib bizi əks-hücumda cəzalandırdı. Qələbə qazananda necə tez unudaraq növbəti görüşə fokuslanırdıqsa, indi də eyni reaksiyanı verməliyik. Artıq bu oyun geridə qaldı. Səhvlərimizi təhlil edib, nəticə çıxararaq növbəti oyuna hazırlaşacağıq”.
Rəşad Sadıqov komandasının son vaxtlarda bu qədər zəif oynamadığına dair fikirlərlə razılaşdığını vurğulayıb:
“Tamamilə doğrudur. Bu il ən zəif oyunlarımızdan birini keçirdik. Bəhanə kimi olmasın, 6-7 aparıcı oyunçunun olmamasını bizim kimi komandalar üçün çox çətindir. 1-2 futbolçunun olmamasını sığortalamaq olur, amma əsas heyətin 6-7 oyunçusunu itirdikdən sonra yerini doldurmaq çətindir. Oyun ritmində olmayan 5-6 futbolçu meydana çıxanda, təsirsiz ötüşmür. Bizim üçün son gözlənilməz itki İsmayıl İbrahimli və Ceyhun Nuriyevin yoxluğu idi. Çalışırdıq ki, onlara qədər olan itkiləri həll edək, boşluqları dolduraq. Əlavə o iki itki də oldu. Oyunun gedişində də hiss edilirdi”.

