Bəzən bizə elə gəlir ki, dünya ədalətsizdir – varlılar daha da varlanır, kasıblar isə yerində sayır. Əslində bu, təkcə hiss deyil, elm tərəfindən sübut olunmuş sosial hadisədir. Məhz buna görə də, mütəxəssislər bu prosesi “Matthew Effekti” adlandırırlar, yəni imkanların, bilik və sərvətin yenə eyni insanların ətrafında toplanması.
NOCOMMENT.az Valyuta.az-a istinadən xəbər verir ki, bu anlayış ilk dəfə 1968-ci ildə sosioloqlar Robert K. Merton və Harriet Zuckerman tərəfindən təqdim edilib və bu gün də iqtisadi bərabərsizliyin elmi izahı kimi qəbul olunur.
Effektin adı İncilin Matta bölməsindəki məşhur cümlədən götürülüb: “Kimdə varsa, ona daha çox veriləcək; kimdə yoxdursa, əlində olan da ondan alınacaq”.
“Matthew Effekti”nin mexanizmi sadədir: resurs kimdə varsa, artmaq da ona daha asan olur.
Pul, bilik, tanışlıqlar və ya imkan fərq etmir. Başlanğıcda üstün mövqedə olan hər kəs yeni fürsətləri daha tez qazanır, az imkana sahib olanlar isə bu dövrədən kənarda qalır.
Beləcə, zənginləşmə prosesi öz-özünü gücləndirən bir halqa yaradır və varlı ilə kasıb arasındakı fərq dərinləşir.
Fərdi səviyyədə dairəni qırmaq mümkündür?
Yazıçı və iqtisadçı Darius Foroux hesab edir ki, bu prosesi dayandırmaq cəmiyyət səviyyəsində çətindir, amma fərdi səviyyədə mümkündür. Onun fikrincə, dəyişiklik düşüncə tərzindən başlanır: “Hökumətlər yoxsulu varlı edə bilmir. Dəyişiklik fərddən başlamalıdır”. Foroux “bolluq düşüncəsi” adlandırdığı yanaşmanı təklif edir. Bu düşüncə tərzinə görə, uğur məhdud resurs deyil, hər kəs üçün mövcud olan bir imkandır.
İnsan başqalarının nailiyyətinə qısqanclıqla deyil, ilhamla baxmağı bacardıqda, özü də eyni enerjini cəlb edir.
Sosial ədalət, yoxsa şəxsi məsuliyyət?
Forouxun yanaşmasına görə, ədalətli dünya gözləməkdənsə, insan öz ədalətini və istiqamətini müəyyən etməlidir. “Matthew effekti” təkcə sərvət və pul deyil, zehni və emosional zənginlik üçün də keçərlidir: kim öyrənməyə açıqdırsa, daha çox bilik qazanır, kim inkişafdan qaçırsa, geridə qalır. O yazır ki, bu mexanizmi yalnız o zaman qırmaq mümkündür ki, insan öz daxilindəki məhdudluqları aradan qaldırsın və həyatına “bolluqla düşünmək” prinsipi ilə yanaşsın.
“Matthew Effekti” göstərir ki, sərvət və uğur yalnız iqtisadi göstərici deyil, həm də düşüncə modelidir. Zənginləşmək təkcə pul toplamaqla yox, dünyaya baxış tərzini dəyişməklə başlayır.