Siyasi qeyri-sabitlik və vergi riski Fransadan kapital axınını sürətləndirib...
Poliqon xəbər verir ki, Financial Times qəzetinin məlumatına görə, Fransada artan siyasi gərginlik və vergi siyasətindəki dəyişikliklər ölkənin ən varlı təbəqəsini öz sərvətlərini daha “təhlükəsiz limanlara” köçürməyə vadar edib. Son aylarda xüsusilə Lüksemburq və İsveçrə zəngin fransız investorlar üçün əsas sığınacaq mərkəzinə çevrilib.
Parisdə fəaliyyət göstərən investisiya idarəetmə şirkətinin qurucusu Giyom Lukkini bildirib ki, onların müştəriləri — tanınmış idmançılar və iri sahibkarlar — artıq əksər aktivlərini Fransadan çıxararaq Lüksemburqdakı həyat sığortası müqavilələrinə yönəldiblər:
“Bizim işlədiyimiz aktivlərin çoxu artıq Fransada deyil. Lüksemburqda həyat sığortası müqavilələrinə keçid prosesi getdikcə daha da sürətlənir,” deyə o, vurğulayıb.
Lukkini həmçinin əlavə edib ki, “ağlasığmaz” miqdarda kapital İsveçrəyə də axır, burada onun şirkətinin bir filialı mövcuddur. Lüksemburqdakı həyat sığortası investisiyaları fransız investorlar arasında populyar qənaət vasitəsidir, çünki onlar həm orada, həm də Fransada müəyyən vergi güzəştlərindən yararlanırlar.
Maliyyə ekspertlərinin fikrincə, bu proses təkcə sərmayə axını ilə məhdudlaşmır — bəzi imkanlı ailələr artıq fiziki olaraq ölkəni tərk edərək İsveçrə və digər Avropa ölkələrinə köçürlər. İsveçrəli hüquqşünas Filip Kenel FT-yə bildirib ki, “1980–2010-cu illərdə çoxlu fransız İsveçrəyə köçmüşdü, lakin Makronun 2017-ci ildə seçilməsindən sonra bu proses dayanmışdı. İndi isə vəziyyət yenidən canlanır və insanlar yenidən ölkəni tərk etməyə başlayıblar”.
Poliqon.info