18 Oktyabr Azərbaycan tarixinin ən şərəfli, ən yadda qalan səhifələrindən biridir. Bu gün – 1991-ci ilin 18 oktyabrında – Azərbaycan Respublikasının Ali Soveti “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Bununla da Azərbaycan xalqı uzun illərdən sonra yenidən öz tarixi azadlığına, milli dövlətçiliyinə qovuşdu.
Bu sənəd təkcə bir hüquqi akt deyildi – bu, əsrlərlə azadlıq uğrunda mübarizə aparmış bir xalqın iradəsinin, qürurunun və milli kimliyinin ifadəsi idi. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin davamı kimi, 1991-ci ildə müstəqil Azərbaycan Respublikası bərpa olundu. Bu, xalqımızın azadlıq idealının sönmədiyini, milli ruhun yenilməz olduğunu göstərdi.
Lakin müstəqillik əldə etməklə iş bitmədi. Qazanılmış azadlığı qorumaq, onu möhkəmləndirmək, dövlətçiliyi inkişaf etdirmək çox çətin və məsuliyyətli bir vəzifə idi. XX əsrin sonlarında ölkəmiz bir çox ağır sınaqlardan keçdi – siyasi çətinliklər, iqtisadi böhran, torpaqlarımızın işğalı, yüz minlərlə insanın qaçqın və məcburi köçkünə çevrilməsi xalqımızı sarsıtsa da, əyilmədi.
Azərbaycan xalqı bu çətinliklər qarşısında yenilmədi, əksinə – daha da möhkəmləndi, birliyini və dövlətinə olan inamını itirmədi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı ilə Azərbaycan dövlətçiliyi möhkəm təməllər üzərində quruldu. Onun uzaqgörən siyasəti nəticəsində ölkəmiz sabitliyə, inkişaf və tərəqqi yoluna qədəm qoydu.
Heydər Əliyevin “Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan da çətindir” kəlamı bu gün də öz aktuallığını qoruyur. Çünki müstəqillik yalnız bayrağın, gerbin, himnin olması deyil – bu, xalqın öz taleyinə sahib çıxması, dövlətinə sadiq olması, onu hər sahədə qorumağa hazır olması deməkdir.
Bu müstəqilliyi qorumaq uğrunda Azərbaycan xalqı zaman-zaman sınaqlardan keçdi. Onların ən böyüyü isə 2020-ci ilin 44 günlük Vətən müharibəsi oldu.
27 sentyabr 2020-ci ildə başlayan bu müqəddəs mübarizə Azərbaycanın tarixində yeni bir qəhrəmanlıq səhifəsi açdı. Otuz ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımızı azad etmək, ərazi bütövlüyümüzü bərpa etmək uğrunda Azərbaycan xalqı bir yumruq kimi birləşdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu rəşadət və igidlik nümunəsi göstərdi. Qəhrəman oğullarımız Şuşanı, Füzulini, Cəbrayılı, Zəngilanı, Qubadlını, Laçını və digər doğma torpaqlarımızı azad etdilər. 8 Noyabrda Şuşanın azad olunması ilə bu müqəddəs müharibə Zəfərlə başa çatdı.
Bu Zəfər, 1991-ci ildə qazanılmış müstəqilliyimizin ən parlaq təntənəsi, onun real gücünün və sarsılmazlığının sübutu idi. Azərbaycan bir daha dünyaya göstərdi ki, müstəqil dövlət olmaq təkcə kağız üzərində deyil, xalqın ruhunda, iradəsində və birliyində yaşayan bir dəyərdir.
Bu gün Azərbaycan həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan regionun ən güclü dövlətlərindən birinə çevrilib. Bayrağımız azad Şuşada, Cəbrayılda, Füzulidə və Qarabağın hər yerində dalğalanır. Bu, həm də 18 Oktyabrda atılmış müstəqillik addımının məntiqi davamıdır.
Müstəqillik günündə biz təkcə azadlığımızı deyil, həm də bu azadlıq uğrunda canını fəda edən şəhidlərimizi ehtiramla yad edirik. Onların qanı ilə suvarılan bu torpaq bu gün azaddır, müstəqildir və qalibdir.
18 Oktyabr bizə keçmişimizi xatırladır, bu günü dəyərləndirməyi və gələcəyə daha inamla baxmağı öyrədir. Müstəqillik təkcə dövlətin deyil, hər bir vətəndaşın qəlbində yaşamalıdır. Biz bu azadlığı qorumaq, onu daha da möhkəmləndirmək və gələcək nəsillərə əmanət kimi ötürmək borcundayıq.
Yaşasın azad, müstəqil və qalib Azərbaycan!
Eşq olsun xalqımıza, ordumuza, vətənə!
"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri
Tünzalə Abduləlimova