AZ

 Zəngilan özünü yeni inkişaf dövrü yaşayır

Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Zəngilan şəhərini və ətraf kəndləri erməni işğalından azad etməsindən beş il ötür.  Dövlət başçımızın Sərəncama əsasən, bu gün, yəni, “20 oktyabr – Zəngilan şəhəri günü” elan edilmişdir. 

Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü, suverliyimizi bərpa etdik, həm ədaləti bərpa etdik, həm də milli ləyaqətimizi bərpa etdik.  Bu gün işğaldan azad olunmuş bütün  kənd və şəhərlərimiz sanki yenidən doğulur, yenidən yaranır.  Uzun illər erməni işğalına, erməni terroruna məruz qalan torpaqlarımızı öz gücümüzə yenidən qururuq. Qarabağa, Şərqi Zəngəzura “Böyük Qayıdış”da məhz Zəngilandan başlamışdır. 

Qədim tarixi olan Zəngilanı heç bir çətinlik sarsıda bilməmişdir. XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış yeni inzibati ərazi bölgüyə əsasən Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil  olunmuşdu.  XX əsrin əvvəllərində, daha doğrusu, 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qaldı.  1925-ci ilin sənədlərində Zəngilan Cəbrayıl qəzası tərkibində göstərilir. Xəritədə Zəngilandan Genlik, Aladin, Dəlləkli qeyd olunur. 1929-cu ildə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının qərarı ilə Zəngilan rayonunun Nüvədi, Toğud, Ernəzir kəndləri, 1946-cı ildə isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb Ermənistan bağışlandı. 

Zəngilan 1930-cu ilin avqust ayının 8-də müstəqil rayon kimi formalaşdı. 1967-ci ildə Zəngilana Şəhər statusu verildi. Həmin vaxt Zəngilan rayonunda bir şəhər, 5 qəsəbə, 79 kənd olmuşdur.  

1988-ci ildən başlayan erməni terroru, erməni işğalı Zəngilandan da yan keçmədi. Rayon 1992-ci ilin dekabrında baş verən Şayıflı qırğınını və 1993-cü ilin oktyabr faciəsini yaşadı. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdular. 25–29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın müxtəlif rayonlarında məskunlaşmışlar.  27 ildən sonra Zəngilan şəhəri 20 oktyabr 2020-ci il tarixində   ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən işğaldan azad edildi. 

Zəngilan zəngin təbii sərvətlərə və unikal coğrafiyaya malikdir. Rayonda çöküntü süxurları, vulkanik materiallar, minerallar var, həmçinin bir sıra faydalı qazıntılar - tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır.  Regionun iqtisadi potensialına töhfə verən Araz, Oxçuçay, Həkəri və Bəsitçay da daxil olmaqla dörd mühüm çay keçir. 

Zəngilan mədəni və dini abidələrlə zəngindir, onların bir çoxu münaqişənin qurbanı olmuş, işğal zamanı dağıntı və dağıntılara məruz qalmışdır. Zəngilanda həyata keçirilən önəmli layihələrindən biri Heydər Əliyev Fondu tərəfindən icra olunur. Belə ki, Zəngilan məscidinin bərpası ilə bilavasitə Fond məşğul olur. İşğal dövründə ermənilər tərəfindən xalqımıza məxsus olan milli-mənəvi dəyərlərin erməniləşdirilməsinə cəhd göstərilib. Buna nail olmadıqda isə onları dağıdıb, təhqir ediblər. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Qarabağ və Şərqi Zəngəzurun  yenidən qurulmasında, xüsusilə də tarixi- mədəni-dini abidələrimizin, irsimizin qorunmasında Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban  Əliyevanın  böyük rolu var.  Bu yerlər çox böyük tarixi və mədəni əhəmiyyətə malikdir.

Artıq Zəngilan yeni inkişaf dövrünü yaşayır. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində  icra edildi. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Ötən ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı var. Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir. Zəngilan mühüm strateji əhəmiyyətə malik mühüm nəqliyyat qovşağıdır. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun tikintisi əlaqəni gücləndirməyə, Zəngəzur dəhlizi isə yeni iqtisadi perspektivlər və beynəlxalq əməkdaşlıq aça bilər. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.

Bu gün Zəngilan rayonunda genişmiqyaslı tikinti-bərpa işləri sürətlə davam etdirilir. Bu qədim Azərbaycan diyarından yenidən uşaq səsləri, onların şən gülüşləri gəlir və bütün bunlar əbədi olaraq qalacaqdır. Bu qürurlu günləri xalqımıza bəxş edən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa arzu edirik!

Hicran Hüseynova,

Milli Məclisin Komitə sədri, professor 

Seçilən
29
azerbaijan-news.az

1Mənbələr