BAKI, 20 oktyabr. TELEQRAF
Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux Baş nazir Qombjavın Zandanşatarın istefasına veto qoyub.
Teleqraf xəbər verir ki, bu barədə Monqolustan Prezident Administrasiyasının rəhbəri Altanxuyaqiyn Uylstuquldur keçirdiyi brifinqdə deyib.
“Monqolustan Prezidenti ölkənin demokratik Konstitusiyasını dəstəkləmək, qorumaq və gücləndirmək məqsədilə plenar iclasda məsələnin müzakirəsi zamanı səsvermə və seçici fəallığının düzgün hesablanmadığını əsas gətirərək, hökumət başçısının istefası ilə bağlı parlamentin 95 saylı qərarına tamamilə veto qoyub. Deputatların hərəkətləri qanunun aliliyi və Konstitusiyaya zidd hesab edilib”. administrasiya bildirib.
Baş nazirin istefası tələbini imzalayan 55 deputat Zandanşatarın ədliyyə və daxili işlər naziri təyin etməklə Konstitusiyanı pozduğunu və bunu parlamentə hücum hesab etdiklərini bildiriblər. Bəzi deputatlar hökumətin 2026-cı il büdcə layihəsindən də narazı qalıblar.
Oktyabrın 17-də Monqolustan baş nazirinin vəzifədən uzaqlaşdırılmasına dair qətnamə parlamentin plenar iclasında iştirak edən 111 deputatdan 71-i tərəfindən təsdiqlənib. Elə həmin gün axşam saatlarında daha bir neçə parlament üzvü bu qərara etiraz etmək üçün Konstitusiya Məhkəməsinə iddia qaldırıb və məhkəmə onu baxılması üçün qəbul edib.