İspaniyada Halloween üçün qara pişiklərin övladlığa götürülməsini qadağan qoyulub
Ajans.az Catalan News-a istinadən xəbər verir ki,6 oktyabrdan 10 noyabra qədər qara pişikləri övladlığa götürmək və ya himayə etmək üçün edilən bütün müraciətlər rədd ediləcək. Yerli hakimiyyət orqanları bildirir ki, bu tədbir pişiklərin bayram zamanı rekvizit kimi istifadə edilməsinin və potensial zərərin qarşısını almaq məqsədi daşıyır. Terrassa şəhərinin mer müavini Noel Duque dövlət televiziyası RTVE-yə açıqlamasında deyib: “Halloween bayramı zamanı qara pişikləri övladlığa götürmək üçün müraciətlərin sayı əhəmiyyətli dərəcədə artır. Biz impulsiv və ya dəb xatirinə verilən qərarların qarşısını almağa çalışırıq. Həmçinin bəzi yerlərdə qeydə alınan makabri halların bizdə də baş verməməsi üçün qabaqlayıcı tədbir görürük.” Qərb mədəniyyətində qara pişiklər tez-tez cadugərlik, uğursuzluq və bədbəxtliklə əlaqələndirilsə də, Yaponiya və Misir kimi ölkələrdə onlar firavanlıq və uğur simvolu sayılır. Terrassa şəhərində indiyədək qara pişiklərə qarşı zorakılıq faktı qeydə alınmasa da, oxşar hallar digər bölgələrdə müşahidə olunub. Qadağa, heyvan hüquqlarını müdafiə edən təşkilatların xəbərdarlıqlarından sonra qüvvəyə minib. Şəhər şurasının məlumatına görə, hazırda Terrassada 9800-dən çox pişik yaşayır, onların təxminən 100-ü övladlığa götürülmə mərkəzindədir. Onlardan 12-si qara pişiklərdir. Rəsmi açıqlamada vurğulanıb ki, bu qadağa “müvəqqəti və istisnai” xarakter daşıyır və heyvanların rifahının qorunmasına yönəlib. Şura onu da istisna etmir ki, gələcək illərdə də oxşar tədbirlər görülə bilər. Qadağa dövründə yalnız xüsusi hallarda istisnalar nəzərdən keçiriləcək və övladlığa götürmə prosesi noyabrın 10-dan sonra adi qaydada bərpa olunacaq.