AZ

Soroslar Tramp administrasiyasına qarşı mübarizəyə hazırlaşır

Milyarder ailə “susdurulmayacağını” bəyan edərək siyasi və hüquqi təzyiqlərə qarşı açıq şəkildə müdafiəyə keçir...

Poliqon xəbər verir ki, The Wall Street Journal nəşrinin məlumatına görə, milyarder Corc Soros və onun oğlu Aleks Soros ABŞ prezidenti Donald Tramp administrasiyası ilə son illərin ən ciddi siyasi qarşıdurmasına hazırlaşırlar. Ağ Evin artan təzyiqlərinə baxmayaraq, ailə öz filantropik və siyasi layihələrini maliyyələşdirməyə davam edir və “susdurulmayacaqlarını” açıq şəkildə bəyan ediblər.

Araşdırmalar və təhdidlər

Tramp administrasiyası ilə gərginliyin yeni mərhələsi ABŞ Ədliyyə Nazirliyinin Corc Sorosla əlaqəli xeyriyyə fondlarının fəaliyyətinin araşdırılmasına dair qərarından sonra başlayıb. Aleks Soros bu qərarı şərh edərkən ironiya ilə “Stalinistlərin bir sözü var idi: ‘Mənə adamı ver, maddəni taparam’,” – deyə bildirib.

ABŞ prezidenti Donald Tramp açıq şəkildə Corc və Aleks Sorosları, həmçinin Demokrat Partiyasının iri donorlarını “qanunsuz siyasi fəaliyyət” və “zorakı etirazların dəstəklənməsi”ndə ittiham edir. Paralel olaraq Maliyyə Nazirliyinin Vergi Xidmətinə (IRS) yeni səlahiyyətlər verməsi planlaşdırılır ki, bu da “Open Society Foundations” (Açıq Cəmiyyətlər Fondu) kimi liberal təşkilatlara qarşı cinayət işlərinin başlanmasını asanlaşdıra bilər.

Fonddan bildirilib ki, onların fəaliyyəti tam qanunidir və bütün maliyyə sənədləri şəffaf şəkildə təqdim olunur. Lakin təşkilatın hüquqşünasları artıq mümkün sorğulara cavab hazırlamağa başlayıblar. Bir sıra qeyri-hökumət təşkilatları Konqresi xəbərdar edərək bildiriblər ki, bu istintaqlar Demokrat donorlarının hesablarının bloklanmasına və 2026-cı il seçkilərində onların maliyyə imkanlarının məhdudlaşdırılmasına gətirib çıxara bilər.

Xüsusilə diqqət çəkən məqam odur ki, Vergi Xidmətində planlaşdırılan dəyişiklikləri Tramp administrasiyasının müşaviri Skott Bessent təşəbbüs edir.  O, vaxtilə Corc Sorosun hedge-fond meneceri olub.

Biz susmayacağıq

2023-cü ildə 39 yaşlı Aleks Soros atası Corc Sorosun filantropik imperiyasına və siyasi “superkomitəsinə” rəhbərlik etməyə başlayıb. O, siyasi strategiya üzrə tanınmış şəxs Huma Abedinə evlidir. WSJ-nin məlumatına görə, Open Society Foundations təkcə bu il qrantlar şəklində 1,4 milyard dollar paylamağı planlaşdırır. Bu vəsaitin bir hissəsi ABŞ-da Planned Parenthood təşkilatına, digəri isə Afrikada iqlim dəyişikliyinin fəsadları ilə mübarizə aparan qurumlara yönəldiləcək.

Fondun prezidenti Binayfer Navrodji bildirib: “Biz nə qorxacağıq, nə də susacağıq.”

Corc və Aleks Soros media qarşısında açıqlama verməkdən imtina etsələr də, siyasi fəaliyyəti davam etdirirlər. Milyarder Corc Soros bu yaxınlarda Kaliforniyada seçki dairələrinin yenidən bölgüsünə dair Demokrat Partiyasının kampaniyasına 10 milyon dollar ianə edib. Bu, layihə çərçivəsində verilmiş ən iri fərdi vəsait sayılır.

Təhlükələr və ehtiyat tədbirləri

Soros ailəsi uzun illərdir ki, təhdidlərə məruz qalır. 2018-ci ildə onların Nyu-Yorkdakı evinə göndərilmiş partlayıcı qurğu zərərsizləşdirilmişdi. Buna baxmayaraq, Aleks Soros fəaliyyətini dayandırmayıb — o, bu yaxınlarda Sarayevoda “Crisis Group” təşkilatının iclasında çıxış edib, daha sonra Londonda diplomatik görüşlərdə iştirak edib.

Bəzi Demokrat donorları isə Trampın təzyişlərindən qorxaraq açıq səhnədən çəkiliblər. Onların arasında LinkedIn-in həmtəsisçisi Rid Hoffman və milyarder Karla Curvetson da var. Hər iki donor 2025-ci ildə siyasi ianələrini əhəmiyyətli dərəcədə azaldıb.

Eyni zamanda Respublikaçılar Partiyası maliyyə baxımından ciddi yüksəliş dövrü yaşayır: Trampın superkomitəsi 117 milyon dollar topladığı halda, Demokratların Nümayəndələr Palatası komitəsi cəmi 80 milyon dollar əldə edib.

Hücumdan müdafiəyə

Əvvəllər Corc Soros Respublikaçıların hücumlarına cavab verməkdən çəkinirdi, lakin indi o və tərəfdarları fəal şəkildə ictimai dəstək axtarırlar. Milyarderin müşaviri Maykl Vaşon həmkarlarına müraciət məktubları göndərərək “Open Society Foundations”un müdafiəsinə dair petisiyanı imzalamağa və ictimai dəstək bəyanatı verməyə çağırıb.

1970-ci illərdən bəri Corc Soros demokratik dəyərlərin, insan haqlarının və söz azadlığının müdafiəsinə 32 milyard dollardan çox vəsait sərf edib. Lakin zamanla onun adı liberal ideyaların simvoluna çevrilməklə yanaşı, həm də siyasi opponentlərin nifrət obyektinə dönüb.

Donald Tramp 2016-cı ildə Sorosun adını nadir hallarda çəkirdisə, indi onu öz siyasi ritorikasında əsas hədəflərdən birinə çevirib. 2023-cü ildə Manhetten prokuroru Alvin Bragq tərəfindən Trampa qarşı ittiham irəli sürüləndə, prezident Bragqı “Sorosun maliyyə dəstəyi ilə vəzifəyə gəlmiş” şəxs adlandırmışdı.

Yeni ittihamlar və müqavimət

Hazırda Tramp administrasiyası Soros ailəsini təşkilatlanmış cinayətkarlığa qarşı mübarizəni tənzimləyən RICO qanunu ilə məsuliyyətə cəlb etməyə hazırlaşır. Ədliyyə Nazirliyi bu istiqamətdə sağ meyilli Capital Research Center təşkilatının hesabatına istinad edir. Həmin hesabatda “Open Society Foundations” bəzi qrupları, o cümlədən Sunrise Movement adlı ekoloji təşkilatı “radikal fəaliyyət və terrorla əlaqə”də ittiham edib.

Fond bütün ittihamları qəti şəkildə rədd edib.

“Biz terrorizmi pisləyirik və heç vaxt belə fəaliyyətləri maliyyələşdirməmişik. Nöqtə”, deyə Binayfer Navrodji bildirib.

Sunrise Movement-in nümayəndələri isə bəyan ediblər ki, təşkilat yalnız dinc və ekoloji yönümlü vətəndaş fəallığı ilə məşğuldur.

Susqunluq demokratiyaya təhdiddir

“Open Society” fondunun rəhbərliyi hesab edir ki, Tramp administrasiyasına qarşı hər hansı güzəşt onların prinsiplərinə zidd olardı. “Avtoritarizmin əsas silahı – insanları qorxutmaq, azad fikrin meydanını daraltmaq və cəmiyyəti susdurmaqdır”, deyə Navrodji bildirib.

Artan siyasi təzyiqlərə baxmayaraq, Soros ailəsi fəaliyyətini davam etdirir, milyonlarla dollar dəyərində qrantlar ayırır, liberal və demokratik dəyərləri müdafiə edən təşkilatların qlobal şəbəkəsini genişləndirir.

Poliqon.info

Seçilən
80
poliqon.info

1Mənbələr